Ermənistanın müdafiə naziri: «Əsgərin ailəsində problem olub»

Seyran Ohanian

-

Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib ki, Azərbaycan tərəfə keçmiş əsgərin öz valideynləri ilə münasibətləri gərgin olub.

Jurnalistlərə açıqlamasında nazir bildirib ki, hazırda əsgərin hərəkətinin motivləri araşdırılır.

1991-ci il təvəllüdlü Andranik Grigoryan martın 22-də silahını ataraq əlində ağ bayraq Azərbaycan ordusunun mövqelərinə yaxınlaşıb və təslim olub.

“Onun bu hərəkətinin səbəbini ailə şəraitində axtarmaq lazımdır. Araşdırma hər şeyi üzə çıxaracaq. Əgər ona təzyiq olubsa, ailəsindən olub”.

Nazir deyib ki, zabitlərin Grigoryanla pis rəftarı haqda iddialar yersizdir.

“O, müqavilə əsasında xidmət edən hərbçidir. Xüsusi təyinatı olan kiçik bir bölmədə - minaatanlar bölməsində xidmət edirdi.

Andranik Grigoryan Azərbaycan mövqelərinə yaxınlaşır - Azərbaycan ordusunun yaydığı videodan.

Özü də elə bir minaatanlar bölməsində ki, hərbi təchizatla məşğul olur.

Belə bölmələrin kollektivlərində şəxsi münasibətlər zəminində pozuntular çox nadir hallarda baş verir” – deyə Ohanyan bildirib.

Andranik Grigorian-ın anası

Xatırladaq ki, Andranikin anası AzadlıqRadiosunun Ermənistan xidmətinə deyib ki, oğlunun hərbi xidmətdə problemləri vardı:

“Sonuncu dəfə evə gələndə ovqatı təlx idi. Niyə əhvalın xarabdır sualına isə cavab vermirdi. Hərbi hissənin komandanlığından xahiş etmişdi ki, onu başqa yerdə hərbi xidmətə keçirsinlər”.

Azərbaycan tərəfinin yaydığı videoda isə erməni əsgər qulluq etdiyi hərbi hissədə təzyiqlərə məruz qaldığını deyir:

“Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə Ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb.

Mən bu addımı atmazdan əvvəl çox düşündüm və qərara gəldim orada qalıb ölüm saatımı gözləməkdənsə könüllü təslim olum”.