10 ildir Azərbaycan məmurundan gəlir bəyannaməsi almaq mümkün olmur

Arxiv fotosu

.

Korrupsiyanın kökünü necə kəsmək olar? Necə etmək olar ki, həkim xəstədən əlavə haqq istəməsin və ya müəllim tələbəyə qiyməti rüşvətlə yazmasın, deputat mandatı “satılmasın”, dövlət büdcəsindən ayrılan pulların hamısı adiyyatı üzrə xərclənsin və s.

Bir anlıq təsəvvür edin Azərbaycanda bu problemlər olmasaydı, insanların həyatında nələr, necə dəyişərdi…

KİMLƏR GƏLİR BƏYANNAMƏSİ VERMƏLİDİR?
Azərbaycan hökuməti 2013-cü ildən bəri ölkə QHT-lərindən şəffaflıq tələb edir. QHT-lərin fəaliyyətlərinə dair qanunlara dəyişikliklər edib. Bu qanunlar qısa müddətdə qüvvəyə mindi və icarasına başlandı. Amma nədənsə yüksək vəzifəli şəxslərin gəlir bəyannamələrinə dair qanun 10 ildir icra olunmur.

2005-ci ildən bu yana icrasız qalan həmin qanun tələb edir ki, hər ilin əvvəli yüksək vəzifəli məmurlar illik gəlir və əmlaklarını açıqlasınlar. Yəni, prezident, Milli Məclis sədri, baş nazir, nazirlər və komitə sədrləri, müavinlər, baş prokuror, Prezident Administrasiyasının şöbə müdirləri və digərləri, eləcə də onların ailə üzvləri gəlir bəyannaməsini verməlidirlər. Bu zaman orta aylıq maaşı 2 min manat civarında olan hansısa bir nazirin malik olduğu sərvəti necə əldə etməsi şübhələrə yol açacaq. Məmur bu gəliri necə əldə etdiyini bildirməli olacaq.

10 İLDİR BU QANUNUN İCRASI NİYƏ YUBANIR?
Azərbaycan məmurların gəlir bəyannaməsi haqda qanunu icra etməyən tək-tük ölkələrdəndir.

Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu yaxınlarda bildirib ki, Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannaməsinin tətbiqi mütləq icra ediləcək:

“Çalışırıq ki, bunun ən optimal formasını seçək. İndi bu sahədə bir neçə ölkənin təcrübəsini öyrənirik. Bəzi ölkələrdə bu sənədin tətbiqi öz səmərəsini vermədi. Biz də çalışırıq ki, bu sənədin tətbiqi ən səmərəli şəkildə tətbiq edilsin. Azərbaycanın hüquq sisteminə ən uyğun format öyrənilib tətbiq ediləcək”.

Azərbaycan parlamenti 2005-ci ildə vəzifəli şəxslərin gəlir bəyannaməsi haqda qanunu qəbul edəndə Prezident də Nazirlər Kabinetinə tapşırmışdı ki, 3 ay ərzində həmin qanunun icrası qaydalarını hazırlayıb təsdiq üçün ona versin. Görünən odur ki, ötən 10 ildə Nazirlər Kabineti həmin qaydaları təsdiqləyə bilmir ki, bilmir.

KORRUPSİYAYA QARŞI MÜBARİZƏYƏ ƏNGƏL…
Azərbaycan 2004-cü ildən Korrupsiyaya qarşı olan dövlətlər qrupu - GRECO-nun üzvüdür. Avropa Şurasının anti-korrupsiya qurumu olan GRECO son hesabatında Azərbaycanda ötən 10 ildə korrupsiyanın yüksək həddə qaldığını açıqlayıb. Qurum bunun səbəbləri sırasındanəzarətin olmaması, gəlirlərin açıqlanmaması və məmurların maraq toqquşmasını göstərib. Gəlir bəyannaməsi barədə qanunun hələ də qüvvəyə minməməsi pislənib.

Beynəlxalq təcrübədə korrupsiya ilə mübarizə üçün məmurların gəlir bəyannaməsindən savayı bir neçə başqa qanunlar da işləyir. Məsələn, maraqların toqquşması, qanunsuz varlar və s. Azərbaycanda isə yalnız məmurların gəlir bəyannaməsi ilə bağlı qanun qəbul edilib. Başqa əlaqəli qnunvericilik aktları heç müzakirəyə də çıxarılmayıb.

Qanunla hökumət rəsmilərinin və məmurların biznes fəaliyyəti qadağandır. Bir məmurun biznesi olarsa, qərar qəbulunda öz marağını üstün tuta, bununla da maraqlar toqquşa bilər. Azərbaycan parlamenti maraqların toqquşması, korrupsiya şahidlərinin qorunması və dövlət qulluğundan kənar digər hüquqi vəzifəyə görə cəza tətbiqi barədə qanunları qəbul etməyib.

Cəmil Həsənlinin əmlak və gəlir bəyannaməsi

-

Cəmil Həsənlinin 2013-cü ildə keçirilən prezident seçkisində namizəd kimi təqdim etdiyi gəlir bəyannaməsi.

Əmlakı:

  1. Öz adına olan sahəsi 151 kvadrat metr ev
  2. Öz adına olan 117 kvadrat metrlik zirzəmi
  3. Həyat yoldaşının adına onun atasından qalmış həyət evinin ikidə bir hissəsi. ​

Gəlirləri:

  1. Aylıq 2002 AZN təqaüd
  2. Öz adına olan zirzəminin 2 aylıq icarəyə verilməsindən əldə olunan 900 AZN icarə haqqı
  3. Əməkdar müəllim kimi aldığı aylıq 30 AZN təqaüd
  4. Yazdığı 2 sifarişli kitaba görə sifarişçilər tərəfindən ödənilən müvafiq olaraq 14000 və 11700 AZN
  5. Müxtəlif universitetlərdə saat hesabına dediyi dərslərdən əldə etdiyi vəsait
  6. Həyat yoldaşının aldığı aylıq 110 AZN təqaüd.

AZƏRBAYCAN BU QANUNLARIN İCRASINA HAZIRDIR, LAKİN…

Millət vəkili Əli Hüseynli də bir neçə ay əvvəl AzadlıqRadiosuna müsahibəsində deyirdi ki, Azərbaycan da həmin əlaqədar qanunları qəbul etməyə hazırdır:

«Azərbaycanda korrupsiyaya qarşı mübarizə siyasəti çərçivəsində maliyyə deklarasiyası haqqında qanun qəbul olunub. Qanunun icrası ilə bağlı Nazirlər Kabinetində iş gedir. Ümidvaram ki, müəyyən dövrdən sonra Azərbaycanda da bu problem öz həllini tapacaq. O ki qaldı «Maraqların toqquşması haqqında» qanun layihəsinə, bu məsələ müzakirə olunur. Bu qanunun müsbət və mənfi tərəfləri var. Bu məsələ ictimaiyyətdə də müzakirə olunmalıdır. Beynəlxalq təşkilatlara bu mövzu maraqlıdırsa, layihəni maliyyələşdirsinlər, biz də bu məsələnin ictimai müzakirəsini keçirək. Biz hazırıq. Mən maliyyə ayrılması üçün Avropa Şurasının müvafiq məmurlarına dəfələrlə müraciət etmişəm».

CƏMİL HƏSƏNLİNİN GƏLİR VƏ ƏMLAK BƏYANNAMƏSİ…

Indi Azərbaycanda məmurlar əsasən seçkilərdə namizəd olarkən əmlak və gəlirləri haqda məlumatları Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. Amma həmin məlumatları ictimaiyyətə açıqlamaq onların öz istəyindən aslıdır.2013-cü il seçkilərində prezidentliyə namizəd Cəmil Həsənli MSK-ya verdiyi əmlakı və gəlirləri barədə məlumatı mediada yaymışdı. O, digər namizədlər, eləcə də İlham Əliyevin də gəlirlərini bəyan etməsini istəyirdi.

VƏZİYYƏT DƏYİŞƏ BİLƏR…
Dünyanın azı 60 ölkəsində icra edilən gəlir bəyannaməsi haqqında qanun məmurun korrupsiyaya qurşanmasının qarşı əsas “rıçaq”dır. Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasim Mövsümov bildirir ki, bu qanunun qəbul edilməməsi ölkədə rüvşət və korrupsiyaya qarşı fəaliyyəti ləngidir:

“Azərbaycanda təəssüflər olsun ki, məmurların gəlirlərini bəyan etməsi haqda qanun icra edilmir. Bu da ölkədəki korrupsiyaya qarşı mübarizəyə mənfi təsir edir. Bundan başqa “Qanunsuz varlanma haqda” BMT-nin norması var, o da Azərbaycanda tətbiq edilmir. Gəlirlərin bəyan edilməsi, maraqların toqquşması, qanunsuz varlanma haqda qanun və qaydaların icrası ölkədə durumu tamamilə dəyişə bilər”.

Vasim Mövsümov əlavə edir ki, məmur şübhəli qaynaqlardan qeyri-rəsmi gəlir əldə edibsə, bununla bağlı açıqlama verməlidir, hüquq mühafizə orqanları araşdırma apara bilər.

RUSİYA TƏCRÜBƏSİ…
Rusiya prezidenti Vladimir Putinin 2014-cü il üzrə gəlir və əmlaklarını haqda məlumat Kremilin rəsmi saytında yayılıb.

Vladimir Putinin gəlir bəyannaməsi

Rusiya prezidenti Vladimir Putinin 2014-cü il üçün əmlak və gəlir bəyannaməsi:

Əmlakı:
Mənzil - biri 77 m2, digəri 154 m2 olan 2 mənzil,
Qaraj
Torpaq sahəsi - 1500 m2.
Avtomobillər - GAZ М21, GAZ М-21-Р və Nivа

Gəliri:
İllik gəliri - təxminən 158 000 manat.

Rusiyalı ekspertlər Putinin açıqladığı bəyannamənin reallığı əks etdirmədiyini və əslində gəlir və mülklərinin çox hissəsini gizlətdiyini bildirirlər.

Azərbaycanlı ekspertlərsə məmurların gəlir bəyannaməsi haqda qanunun icrası zamanı Rusiya təcrübəsindən istifadə olunacağından ehtiyatlanırlar.

Azərbaycanın Vergilər naziri Fazil Məmmədov ötən ilin əvvəlində bildirib ki, 2020-ci ilədək gəlir bəyannaməsinin tətbiqi üçün hazırlıqların tamamlanması planlaşdırılır. O, həmçinin vurğulayır ki, bundan əvvəl maliyyə amnistiyası ilə bağlı qərar olmalıdır. Yəni, məmurlar indiyədək qazandıqlarını itirməyəcəklərinə əmin olduqdan sonra gəlirlərini və əmlaklarını bəyan etmələri mümkün olacaq.