İranda müəllimlər ayağa qalxdılar - [Fotolar]

Iran--Sanandaj, müəllimlərin etiraz aksiyası, 7 may, 2015

-

İran boyu minlərlə müəllim küçələrə çıxaraq maaşlarının artırılmasını tələb edib.

Etiraz aksiyaları mayın 7-də onlarla şəhərdə keçirilib. O cümlədən Təbrizdə, Tehranda, İsfahanda, Şirazda.

İranın yarımrəsmi İLNA agentliyi xəbər verir ki, paytaxt Tehranda baş tutmuş mitinqə 3 min nəfər toplaşıb.

Onlar etirazlarını parlament binası qarşısında bildiriblər.

Dinc aksiyanı çoxsaylı təhlükəsizlik qüvvələri müşahidə edib.

Digər şəhərlərdə aksiyalar Mədəniyyət Nazirliyinə aid binaların qarşısında keçirilib.

İLNA xəbər verir ki, aksiyadan qabaq bəzi müəllimlər polisə çağrılıb və onlardan aksiyada iştirak etməyəcəklərinə aid iltizam alındıqdan sonra sərbəst buraxılıblar.

Tehranda qaldırılan şüarlar arasında "Bu, siyasi aksiya deyil", "Müəllimlər qışqırır, media isə senzura edir" kimiləri də olub.

Bəzi aksiya iştirakçıları hökuməti insan haqlarını müdafiə etdiyi üçün həbsə atılan müəllimlərin azadlığa buraxılmasına da çağırıblar.

Belələrindən biri də Müəllimlər Təşkilatının rəhbəri Alireza Hashemidir.

Onu ötən ay həbs ediblər.

"İranın təhlükəsizliyinə zərər vurmaqda" ittiham edilərək 5 illik həbs cəzasına məhkum edilmiş Hashemini Tehrandakı Evin həbsxanasına köçürüblər.

Müəllimlər axır aylarda maaş artımı tələbilə bir neçə aksiya keçiriblər.

Keçən ay belə aksiyalar İranın 20 şəhərində baş tutmuşdu.

Mayın 6-da bir qrup müəllimlə görüşündə İranın ali dini lideri Ali Khamenei bildirmişdi ki, "İranın düşmənləri müəllimlərin problemlərindən öz siyasi məqsədləri üçün, ölkədə sabitliyi pozmaq niyyətilə istifadə etmək istəyirlər".

İranda məktəb müəllimlərin orta aylıq maaşı təxminən 1 milyon tümən, yəni 400 dollardır.

Universitet müəllimləri isə 500-1000 dollar arası qazanırlar.

Etirazçılar məhz orta məktəb müəllimləridir.