-
Rüfət Əhmədzadə
Şeir
Ata,
“darıxmışam” desəm, pis çıxmaz?
Ölənçün darıxmaq günah sayılır...
Düz dörd həftədir ki, yetiməm, yetim...
Yetimə hansı gün sabah sayılır?
Bilirəm, məndən də dərdli olan var,
Adam var dünyaya yetim göz açıb.
Adam var anadan, atadan məhrum...
Elə küçələrdə illərin sayıb.
Adam var, atasın savaş alıbdır,
Yadında bir əsgər qalıb yetimin.
Adam var atanın çiynində gedir...
Adam var, atasın dəfnində sevir.
Adam var, bir adam yoxdur yanında
Adamlar içində adamsız qalıb.
Kimi yada salsın, kimçün darıxsın?
Allah təkliyindən Allah saxlasın!
Adam var, mən kimi, gənclik görməyib,
Heç qocalığın da hayında deyil.
Adam var, adammı?..
Adam içində
Adam olduğunun fərqində deyil!
Ata,
“darıxmışam” desəm, pis çıxmaz?
Bu doğum günümə sənsiz girmişəm.
Yep-yekə kişiyəm, uşağım da var...
Ağlamaq harama yaraşır mənim?
Xatirə, ağrılar... peşmanlıqlar...
Əzabla bir işim aşırmı mənim?
Nə qədər haqqıma girdilər, ata!..
Nə qədər badalaq vurdular mənə...
Heç kimə qəzəbli deyiləm hətta!
Hamısı müəllim oldular mənə.
Sadəcə, küsmüşəm – gələcəkdən də...
Küsüb, uşaq kimi
Lal... kirimişəm.