-
Dolinin Aleksandr Aleksandroviç — ədəbiyyatşünas, "Roman paltarı geyindirilmiş hekayət" (M., 1988) kitabının və bir sıra elmi nəşrlərdə çap edilmiş məqalələrin müəllifi, V.V. Nabokovun bir sıra nəşrlərinin tərtibçisi və şərhçisi.
Hazırda ABŞ-ın Viskonsin ştatı universitetitin rus ədəbiyyatı professoru.
(Günel Mövludun tərcüməsində)
Nabokov, Dostoyevski və «dostoyevşina»
Mandelştamın sözlərinə görə, ədəbi qəzəb - Tenişevsk məktəbində müəllimi V.V.Gippiusdan əxz elədiyi keyfiyyət, həmin məktəbi keçmiş Nabokova "Zamanın səs-küyü"-nün müəlllifindən daha çox xas bir şey idi.
Yaxşı məlumdur ki, Nabokovun ədəbi qəzəbinin ən başlıca hədəflərindən biri Dostoyevski idi.
1960-70-ci illərdəki çoxsaylı müsahibələrdə, E.Uilsona məktublarda, amerikalı tələbələr üçün ədəbiyyat mühazirələrində, hətta “Yevgeni Onegin”-ə şərhlərində belə, Nabokov ifadalərini durmadan sərtləşdirərək, təkrar etməkdən yorulmurdu:
Dostoyevski üçüncü növ yazıçıdır, onun şöhrəti anlaşılmazlığın nəticəsidir, sentimental, qotik romanların bəsit quraşdırıcısı, "ucuz jurnalist və kobud komediantdır."
Əgər otuzuncu illərdə Nabokov “Dar”da Çernışevskinin incələyici həyat təsvirini yerləşdirmişdisə, onun sonrakı partiya ekizi Vadim Vadimoviç N., “Arlekinlərə bax”-ın qəhrəmanı özünün "Vətənə hədiyyə"-sində artıq Dostoyevski barədə kitab yerləşdirir ki, burada da onun "absurd" romanlarını, İsa Məsihin trivial obrazının neqativləri kimi təsvir olunan qarasaqqal qatillərini, dövrün ucuz və bayağı ədəbiyyatından birovuz götürülmüş, gözünün yaşı ovcunda olan fahişələrini lağa qoyur.
Dostoyevskiyə qarşı hucümları “Lolita”-da da görmək mümkündür. Humbert Şumbert qəfildən özündə arzuolunmaz yazarın obrazları ilə soyad oxşarlığını kəşf edir:
“Qəfildən, cənab andlılar, mən hiss elədim ki, ağzımı əyən bu eybəcərliyin o tayından Dostoyevskinin kinayəsi uzaq və dəhşətli üfüq kimi boylanır ”
Romanın fabulası Stavroginin etiraflarına sanki parodiyadır, nəqletmə strukuru isə sanki "Ölü evdən qeydlər"-dəki məhkəməyə müraciətin oxşarıdır.
Dostoyevskini "Lolita"-da parodiya etməyin əsas priyomları sözsüz ki, "Məyusluq" romanına aparıb çıxarır, bu romanda da nəql edən Humbert kimi, ən naqolay anda özüünün “Raskolnikovla karikatur oxşarlığını” hiss edir və “Lolita”nın qəhrəmanı kimi, daima xəyali andlılar məhkəməsinə müraciət edir.
German, "Məyusluq"-un özünəvurğun qəhrəmanı, ugursuz qatil, dahiliyə
sırtıqcasına iddiaları olan adam üçün Dostoyevski — “insan ləyaqətinin
aberrasiyası və mənəvi qızdırmalar sahəsində mütəxəssisdir”, amma nəql
edənin bütün mülahizələri ardıcıl və məntiqi diskreditasiyaya məruz qaldığı üçün, Dostoyevski barədə alçaldıcı fikirləri də onun ağıldankəmliyinin ayağına yazılır.
Amma 1960-cı illərdə Nabokov "Məyusluq"-un ingilis tərcüməsini təzədən
işləyəndə, onun Dostoevskilə bağlı polemik istiqamətini əməlli-başlı
gücləndirmişdi. Ayrılıqda, mətnə Dostoyevskinin paranormatik ləqəblərini "Dusty and dusky" (hərfi tərcümədə: tozlu və tutqun) mətnə əlavə eləmişdi, bu oyun bütün roman boyu davam edir və daha nəqledənin məhdud dünyagörüşününün ayağına yazıla bilməz.
German Karloviç özü barədə “mənim tozlu, tutqun qəlbim” deyəndə, ya da qəfildən ona elə gələndə ki, o, "a vortex of dust in the sky" (Dostoyevskinin soyadının açış-aşkar anoqramması; hərfi tərcümədə: “səmada bir toz burumudur”), yazıçıya qarşı bu göndərmələr onun öz nəzarəti altında deyil və anaqrammalarla birlikdə Nabokovun / Sirinin özünə, kitab müəllifinin gizli koduna aiddir.
Buna görə də, təccüblü deyil ki, "Məyusluq"» romanı barədə onun Dostoyevskiyə parodiya olması fikri ilk dəfə amerikanistikada səsləndirilib. Daha sonra isə inkişaf etdirilərək, bir sıra slavist və komparativistlərin işlərində əsaslandırılıb.
Nabokovun Dostoyevskiyə parodiyalarında araşdırmaçılar adətən yazıçının 1950- 70-ci illərdəki həm rus, həm amerikalı yaradıcılığını əhatə edən "ittihamlarının" davamıdır. Nabokovun Dostoyevskiyə belə yanaşmasını
rahatca inadkar oğulun avtoritet ataya qarşı amansız müharibəsi adlandırmaq olar.
"Məyusluq"-u növbəti dəfə, yazıçının böyük sələfi ilə duel kimi oxuyan L.
Saraskina, məsələn, əsər barədə belə deyir “Dostoyevskinin ünvanına olan
danlaqlar, estetikaya ilişməklər, əslində bir növ konspirasiyadır, narazılıq pozasının arxasında "çılğın personajlardan" və onların müəllifindən asılılıq qorxusu dayanırdı”
Əvvəlki mətnlərə sonrakı düzəlişlərin oxşar ekstropolyasiyaları, rus yazıçısı V.Sirinlə amerikalı yazıçı V.Nabokovun tam eyniləşdirilməsi özündə gizli bir
təhlükə daşıyır. Çünki ədəbi münasibətlər əbədi deyil; onların öz dinamikası, öz tarixi var və bir sıra şərtlərdən asılı olaraq, şəkil dəyişə bilir.
Nabokovun Dostoyevskiyə münasibətinin də öz dinamikası var və bunu sezməmək mümkün deyil, bu dinamika ədəbi "Edip kompleksi"-nə ziddir: məhz özünün birinci, rus yaradıcılığında, "təsir altında olmaqdan əzab çəkməyin" məntiqi olaraq, ən sərt vaxtında, Nabokov Dostoyevskiyə çox da maraq göstərmir, onu sakitcə iriçaplı, amma özünə yad klassiklərin sırasına aid edir.
Və əksinə, özünün onu əslində "valideyn təsirindən" azad etməli olan amerikalı yazıçı dövründə ingilisdilli yaradıcılığında var gücü ilə Dostoyevskinin əhəmiyyətini azaltmağa çalışır.
Ehtimal olunur ki, Nabokovun Dostoyevskiyə qarşı 1950-60-ci illərdəki hücumlarının səbəbi iki əsas faktor idi. Əvvəla, bu, amerikan intellektual dəbinə reaksiya idi, bu dəb həmin illərdə ekzistensializmin sadələşdirilmiş variantını müqəddəsləşdirirdi və Dostoyevskini Nabokovun nifrət elədiyi bu fəlsəfənin panteonuna daxil etmişdi.
Dostoyevskiyə pərəstiş edən Sartrın və Kamyunun sayəsində, o "eksiztensializmin atası" statusunu almışdı. Onu dünya ədəbiyyatının nəhəng dahilərindən biri, "talelərimizin peyğəmbəri" adlandırır, bütün rus ədəbiyyatı ənənəsini, Nabokovu da istisna etmədən, onun adı ilə bağlayırlar.
Amerikalı intellektualların Dostoyevskiyə olan marağı satirik güzgü olan “Pnina”-da öz əksini tapmışdı: Ueyndellsk kollecinin ən kütbeyin aspirantı Betti Bliss “Dostoyevski və Gestalt Psychology” mövzusunda hesabat yazır, incəsənət kafedrasının professorları Dostoyevski ilə maraqlanır, eyni zamanda həm slavyanofil, həm də sovetofil olan rəssam Oleq Komarov isə Dostoyevskinin əksini Vaqner və Konfutsi ilə birlikdə, bəşəriyyətin ölümsüz müəllimlərini təsvir edən freskaya daxil edir.
Dostoyevskiyə heyranlıq dəbi, bu "ümumi ideya" Nabokovu bərk qıcıqlandırmış və onu yalançı kumirə qarşı ifşaedici kampaniyaya başlamağa vadar etmiş ola bilərdi.
İkincisi, Nabokovla Dostoyevskinin amerikan kontekstində nəzərdən keçirilməsi, sözsüz ki, onun bu kontekst üçün yaratdığı üslub obrazı ilə və özünə seçdiyi dünya ədəbiyyatının ali orbitri roluyla bağlıdır. "Lolita"nın sensasion uğurundan sonra Nabokov hansısa milli köklərin, ənənələrin və təsirlərin altında olmadığını qeyd etməkdən yorulmur.
“Mən həmişə düşünmüşəm ki, diqqətə layiq olan hər bir yazıçının milliyyəti ikinci dərəcəli məsələdir", — məsələn, müsahibələrinin birində o, belə deyir, "Yazıçının əsl pasportu onun yaradıcılığıdır."
Onun təsəvvürlərinə görə, rus ədəbi ənənələri o zamanlar artıq öz yaşama müddətini bitirmiş və ancaq muzey üçün yararlı ola bilərdi. Buna görə də onun ədəbi qəzəbinin hədəfi təkcə rus sələfləri və müasirləri deyil, onun zövq kateqoriyasına uyğun gəlməyən, dünya miqyaslı “şişirdilmiş nəhənglər” olurdu.
Nabokovun bütün ölkələri və zamanları əhatə edən qara siyahısına Verqiliy (“rəngi avazımış pederast”lardan yazdığına görə), Servantes və iyirminci əsrin bir sıra nəhəng adları daxil idi: Lorka, Tomas Mann, D.Q.Lorens, Folkner, Tomas Vulf, Kamyu və Sartr.
Dostoyevski bu siyahıya əsas və güclü, rus ədəbiyyatındakı dominik mövcudluğu ilə (Axmatovanın Blok, ya da Blokun Lev Tolstoy barədə dediyi kimi) Nabokova yazmağa mane olan rəqib kimi deyil, dünya mədəniyyətinin onun həmyerlisinin ədəbi çinini izahagəlməz dərəcədə və əsassız şəkildə qaldıran seleksion səhvlərindən biri kimi daxil olur.
İyirminci və otuzuncu illərdə Nabokovun mövqeyi tamam başqa idi. O vaxtlar o özünü rus yazıçısı, mühacirlərdən biri kimi görürdü.
O düşünürdü ki, missiyası Fyodor Qodunovun "Dar"-da dediyi kimi, destruktiv sovet əyalətçi ədəbiyyatının acığına, rus ədəbiyyatının əsas prinsiplərini azadlıq şərtləri altında saxlamaq və davam etdirmək, atalarından miras qalan irsi gələcək nəsillərə ötürməkdir.
Hələ 1926-cı ildə, “Sovet belletristikasının məzlumluğu və səbəblərini müəyyən etmə barədə bir neçə kəlmə” adlı hesabatında, Nabokov sovet yazıçılarını ittiham edirdi ki, onlar rus ədəbiyyatının “heyrətamiz uşaqlığını ” unudub, onun necə “yaxşı, incə, həyatsevər, hər xırda məsələdə kövrək ” olduğunu yaddan çıxarıblar.
O, deyirdi: “Rus ədəbiyyatının gəncliyi hələ qabaqdadır, belə uşaqlığı olan ədəbiyyatın parlaq, gözəl gəncliyi olmaya bilməz. Nə bilmək olar, bəlkə də Qladkov v Seyfullinanın çıxdığı çevrədən deyil, başqa bir çevrədən rus muzasının ilk işlərini davam etdirənlər çıxacaq.
Mənə hərdən elə gəlir ki, bu gələcək yazıçılar qovulma möcüzələrindən və qayıdış möcuzələrindən yaranacaq.
On dörd ildən sonra, müharibənin yarımçıq qoyduğu, mühacirətdəki rus ədəbiyyatının inkişafına nəzər salarkən, Nabokov yenə də bu ədəbiyyatın “ataların irsi ilə ” əlaqələrindən danışırdı: “Mühacir yazıçı termini bir az tavtologiyadır.
Hər bir əsl yaradıcı öz yaradıcılığına mühacirət edir və orada yaşayır. Rus yaradıcısının vətənə sevgisi, o hətta vətəni tərk etməsə belə, həmişə nostalji dolu olub. Təkcə Kişenev və ya Qafqaz deyil, Nevski prospekti də uzaq sürgün kimi qəbul olunurdu.
Son iyirmi ildə xaricdə, obyektiv Avropa səması altında inkişaf edərkən, bizim ədəbiyyatımız düz yolla gedirdi, hərçənd, eyni dövrdə ilham və kədər haqqından məhrum sovet ədəbiyyatı öz ruhunun astanasında günəbaxan qurudurdu...
“Gmiqrantskaə” kitabı “sovet” kitabına paytaxtın əyalətə baxdığı kimi baxırdı.
Adam yıxılana balta vurmaz, buna görə də, fonunda oleoqrafiyanın şedevr kimi göründüyü ədəbiyyatı tənqid etmək günahdır. Başqa, xüsusi səbəblərə görə, bizim paytaxt ədəbiyyatı barədə danışmağı bir az uygunsuz bilirəm.
Amma bunu demək olar ki: o, öz fikirlərinin təmizliyi ilə, özünə qarşı diqqətiylə, asketik, möhkəm gücüylə, birinci dərəcəli istedadlarının azlığına baxmayaraq (hərçənd, onlar nə vaxt çox olub ki?) öz keçmişinə layiqdir.
Məişətin kasıblığı, sıxılmanın çətinlikləri, oxucunun duyarsızlığı, orta-emiqrant kütləsinin vəhşi cəhaləti — bunların hamısı birlikdə inanlımaz dərəcədə imkansızlığa çevrilirdi, Rusiyada o hələ heç vaxt istər dövlət, istərsə də ictimai senzuradan bu qədər azad olmamışdı".
Aydındır ki, öz yazıçı məqsədini (daha geniş miqyasda götürsək, bütün emiqrant ədəbiyyatının məqsədini) Nabokov “rus ilhamının ilk dahilərinin işini davam etməkdə ” və rus ədəbiyyatının “öz keçmişinə layiq olmasında” görürdü, — yəni subversiyada deyil, yenilənmədə, korreksiyada, inersiyaya qalib gəlməkdə...
Onun rus ədəbiyyatının ənənələrinə qarşı münasibəti təxminən yaşlı yoldaşı və həmfikri Vladislav Xodaseviçin “Sürgündə olan ədəbiyyat ” məqaləsində ədəbi konservatizm adlandırdığı şeyə yaxın idi. “Ədəbiyyatın daxili həyatı, —Xodaseviç yazırdı, — periodik motorda baş verən qığılcımlar, partlayışlara oxşayır.
Ədəbiyyatın ruhu əbədi partlayışın və əbədi yenilənmənin ruhudur. Bu şərtlər
altında ədəbiyyat ənənələrinin qorunması partlayışların ritmik olaraq düzgün,
məqsədəuyğun şəkildə və mexanizmə zərər vermədən baş verməsinə tamaşa etməkdən başqa bir şey deyil. Beləliklə, ədəbi konservatizmin ədəbi reaksiya ilə ümumi heç nəyi yoxdur.
Onun məqsədi — heç də bu deyil ki, ədəbiyyatı hərəkət etdirən o balaca partlayışları və inqilabların qarşısını alsın, əksinə, budur ki, belə partlayışlar üçün münbit olan, bu partlayışların dayanmadan, maneəsiz, məqsədəuyğun şəkildə baş verməsini təmin edən şəraiti qorusun. Ədəbi konservator odu daima alovlandırandır, söndürən deyil ”.
Yalançı avtoritetləri inkar edərək, ölü ştampları gülüş hədəfinə çevirərək, ümumi yerlərin məzlum vulqarlığını açıb göstərərək, rus ədəbiyyatı üçün qeyri-adi mövzular, təsvir vasitələri, nəqletmə priyomları və struktur prinsipləri tapmağa davam edərək, Nabokov, bununla yanaşı, diqqət yetirirdi ki, onun “balaca partlayışları” öz evini qurduğu ədəbiyyat binasını zədələməsin.
Puşkin, Qoqol, Tütçev, Tolstoy, Çexov, Blok, hətta çox da sevmədiyi Dostoevski belə onun üçün büt deyil, canlı həmsöhbətlər, ədəbi geneologiyasını daşıdığı yaşlı qohumları idi.
Belə yanaşma halında Nabokovun ədəbi qəzəbənin başlıca hədəfləri ənənənin azad, məqsədəuyğun inkişafına mane olanlardır, — total dağıdıcılığa proqramlanmış avanqard, Çernışevskidən tutmuş Zinaida Gippiusa, sovet mühəndislərinə və kommunist qəlbələrə qədər imtiyazlı, "faydalı" incəsənət, Georgi İvanovun məzəli sözlərini "istənilən qarı Rembrantdan min dəfə vacibdir" əsas götürmüş "insan sənədi"-nin nəzəriyyəçiləri və praktikləri...
Bu konteksdə Dostoyevski ilə mübarizə çətin ki, Nabokova aktual məsələ kimi görünəydi, üstəlik, onsuz da Dostoyevskinin avtoriteti mühacirət ədəbiyyatında artıq kifayət qədər sarsılmışdı...