İrana bazarlığa getmək daha sərf etmir

Astara sərhəd-keçid məntəqəsi

-

«İrana gedənlərin sayı həddindən çox azalıb. Əvvəllər hər gün İrana minə yaxın adam gedirdi. İndi düşüb 100-ə, 150-yə. Alverə gedənlər azalıb».

Astara sərhəd-keçid məntəqəsinin önündə duran nəzarətçi belə deyir. Səhər saatları olmasına baxmayaraq sakitlik idi. Nəzarətçi deyir ki, İrana getmək istəyənlər çoxdan gediblər. Məntəqənin önündə yalnız İrana yük göndərmək istəyən işbazlar var-gəl edirdilər. Sərhədyanı ərazilərdə olan mağazaların sahibləri də alverin zəifliyindən şikayət edirlər. Deyirlər ki, gündə 5-6 manat alver ola, olmaya.

«İRANDA DA BAHALAŞMA GEDİR»

Sərhəddə yerləşən terminalın qarşısı da boş idi. Yük maşınları gözə dəymir. Terminaldan öyrəndik ki, yük maşınları əvvəlki aylara nisbətən azalıb. Yük maşının sürücüsü Vidadi Abbasov deyir ki, İranda yük azdır. Elə gün olur ki, 10-15 yük maşın mal vura bilir:

«Yay aylarında, ümumiyyətlə, yük az olur. Bu yay isə hiss olunur ki, yükün az olmasının başqa səbəbləri də var. Axı İranda da bahalaşma gedir».

QİYMƏT FƏRQİ MONOPOLİYAYA ALINAN MƏHSULLARDADIR...

Astara şəhər sakini Elçin İbrahimli deyir ki, Azərbaycan manatının ucuzlaşması sərhədyanı ticarətə mənfi təsirini göstərib. İş adamları manatın dəyərindən faydalanırdılar. İndi İranda malların qiyməti Azərbaycandakından heç də ucuz deyil:

Elçin İbrahimli

«Zəruri ərzaq məhsullarının qiymətində cüzi fərq var. Hər birində 20-30 qəpik. Ona görə də İrana gedib alver etmək əvvəlki kimi sərf etmir. O taya əsasən bazarlığa, alverə gedirdilər, indi sərf etmir. Bir neçə məhsul var ki, fərq böyükdür. O da monopoliyadadır. Məsələn, bananın bir kilosu İranda 70-80 qəpiyədir. Bizdə 2 manatdan yuxarıdır. Siqaret də həmçinin. Bu malları monopolistlər buraxmırlar. Bir kilonu da adamların əllərindən alırlar. Dərman, tikinti materiallarını İrandan hər kəs gətirə bilməz. Əllərindən alırlar və ya əlavə pul tələb edirlər».

Elçin İbrahimlinin bildirdiyinə görə, İran tərəfi vizanı birtərəfli qaydada ləğv etsə də, sərhəddə məhdudiyyətlər var. Hər bir Azərbaycan vətəndaşı İrana həftədə bir dəfə gedə bilər. Bütün bunlar İrana gedənlərin sayının azalmasına səbəb olub.

YERLİ MƏHSULLAR YETİŞİB...

Kiçik sahibkarlıqla məşğul olan Asən Həşimli isə deyir ki, İrandan ən çox kənd təsərrüfatı məhsulları gətirilirdi. Qış aylarında kartofa, pomidora, xiyara və meyvələrə ehtiyac var idi:

«İndi buna bir o qədərdə ehtiyac yoxdur. Özümüzünkü yetişib. Yerli məhsullar artıq var. Buna baxmayaraq, İranda qiymət bizdəkinə nisbətən yenə ucuzdur».

Elçin İbrahimli deyir ki, İran Astarasında ABŞ dollarına qadağa hiss olunmur. Burada acıq şəkildə dollar satılır və alınır.

Vidadi Mirzəyev

İqtisadçı Vidadi Mirzəyev də deyir ki, Azərbaycan İranla viza qaydasını saxlayır. Əvvəllər İranlılar sadələşdirilmiş qaydada Azərbaycana keçə bilirdilər. İndi o qaydanı da ləğv ediblər:

«Naxçıvanın Şahtaxtı və Culfa keçid məntəqələrində İran vətəndaşları viza ala bilirlər. Bizdə isə o yoxdur. Burda da yaratmaq istəyirlər. Ən vacib iş isə sərhəd-keçid məntəqələrində 24 saat iş rejiminin təmin olunmasıdır. Onda insanlar üçün də yaxşı olardı».

AZƏRBAYCAN VASİTƏSİLƏ İRAN - RUSİYA TİCARƏT ƏLAQƏLƏRİ...

İqtisadçının dediyinə görə, Azərbaycana məxsus yük maşınları İran ərazisində sərbəst hərəkət edə bilmirlər. Bu maşınlar İran gömrüyündən kənara buraxılmırlar. Biləsuvardan Naxçıvana gedən nəqliyyat vasitələrindən başqa. Əksinə, İran maşınları Azərbaycan ərazisində sərbəst hərəkət edə bilirlər:

«Bundan əlavə Azərbaycan tərəfi İrandan Rusiyaya və Gürcüstana yük daşıyan 20 min maşınını rüsumdan azad edib. Azərbaycan tərəfi sürücü işləyən vətəndaşların maraqlarını nəzərə almalıdır. Sərhəddə gediş-gəlişin və alverin zəifləməsi gözləniləndir. Rusiya-İran yükdaşımaları əsasən Xəzər dənizi vasitəsilə həyata keçirilir. Çünki Azərbaycanda problemlər çoxdur. Tranzit yükləri sənədləşməyə görə günlərlə gömrük postlarında gözləməli olurlar».