-
“HEÇ BİR ÜÇÜNCÜ TƏRƏF BİZİM ARAMIZA GİRƏ BİLMƏZ”
“Azərbaycan” qəzeti noyabrın 13-də Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumuna geniş yer ayırıb. Forumda hər iki ölkənin dövlət başçısı nitq söyləyiblər.
Azərbaycan prezidenti İran tərəfi ilə bu il artıq dördüncü dəfə görüşdüklərini diqqətə yetirib:
“İş adamlarlı bilsinlər ki, bu, özlüyündə bir göstəricidir”. İ. Əliyev ölkəyə hər il 20-25 milyard dollar həcmində sərmayə yatırımı gözlənildiyini bildirib. O, İranla ikitərəfli əlaqələrdə infrastruktur, sənaye layihələri və xidmət sektorları üzrə böyük imkanlar olduğunu dilə gətirib:
"Biz istəyirik ki, öz məhsullarımızı bazarlara ixrac edək. Əlbəttə, istəyirik ki, qiymət də münasib, ədalətli olsun”.
Azərbaycan prezidenti iki dövlət arasında heç bir tranzit ölkə olmamasına ayrıca diqqət çəkib:
“Xalqlarımız daim bir yerdə olmuşlar. Bu gün iki suveren dövlət öz gələcəyini müstəqil şəkildə qurur və heç bir üçüncü tərəf bizim aramıza girə bilməz. Biz buna imkan vermirik və verməyəcəyik”.
Cavab nitqi söyləyən İran prezidenti Həsən Ruhani deyib:
“Biz sanksiyalar dövründə onun şahidi olduq ki, qonşular bizi tək qoymadılar. Biz sanksiyalar dövründə də bu dərsi öyrəndik ki, qonşularla münasibətə öncəlik verilməlidir”.
O, daha sonra İranla Azərbaycanı bir ağacın qolları saydığını bildirərək sözünə belə davam edib:
“Biz əsrlər boyu bir yerdə olmuşuq, bir yerdə yaşamışıq, bir birimizin süfrəsinin başında əyləşmişik. Arazın bu tərəfi də, o tərəfi də qohum-qaralıdır. Ailəliklə bir-birinə bağlıdırlar. Keçmişi olan dostluqları vardır. Bu keçmiş böyük sərvətə malikdir və biz bu gün onunla üz-üzəyik”.
Həsən Ruhani öz nitqindən qısa mesajları belə sıralamaq olar:
“Biz gərək bir-birimizin təcrübəsindən bəhrələnək”
“Biz gərək icazə verməyək ki, zəngin neft mənbələri Xəzərin dibində qalsın”
“Bizim aramızdsa kiçik problemlər yaranarsa, onu birlikdə həll edək”
“Biz sərhəd boyu azad iqtisadi zonalar təşkil edə bilərik”
Və s.
Qəzet biznes forumun iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərlə davam etdiyini də diqqətə yetirib.
“VİZA REJİMİ GÖTÜRÜLSƏ, AZƏRBAYCAN İRANIN İÇƏRİSİNDƏ ƏRİYƏR”
Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə “Azadlıq” qəzetinə müsahibə verib. O bu müsahibədə son günlərin helikopter olayından tutmuş, İran prezidentinin Azərbaycana səfərinədək bir çox məsələlərlə bağlı sualları cavablandırıb. Cavablardan bəzi məqamlar:
- “Helikopteri vuranın təltifi ziyanımıza ola bilər?”
- Əgər danışıqlar varsa (Qarabağ düyününün çözülməsi ilə bağlı Ermənistanla Azərbaycan arasında danışıqlar nəzərdə tutulur – red.), o zaman bəli, Azərbaycanın ziyanına işləyə bilər. Amma danışıqlar olmayandan sonra nə ziyanımıza ola bilər? Paris görüşündən sonra Ermənistanın atdığı addımlara diqqət çəkmək lazımdır. Bəs bu addımlar danışıqlar prosesinə ziyan vurmurmu?
- İran Azərbqaycanın ərazi bütövlüyünü dəstəkləyir?
- Azərbaycanın ərazi bütövlüyünün tanınmasını bir çox dövlət dilinə gətirmir. Rusiya, İran, ABŞ vaxtilə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Hazırda Qarabağ danışıqları gedir və bu məsələ tez-tez vurğulanmır.
- “İranla viza rejimi ləğv edilə bilərmi?”
- Azərbaycan İran və başqa böyük dövlətlərlə viza rejimini ləğv etməyə tələsmir. Bu məsələdə Azərbaycanı anlamaq olar. Azərbaycan İranla müqayisədə kiçik dövlətdir. Əgər viza rejimi götürülsə, Azərbaycan İranın içərisində əriyə bilər. Hərtərəfli əlaqələr inkişaf etdirilsə də, viza rejimi yalnız Avropadakı ab-havanın regionumuzda olacağı təqdirdə mümkündür... Azərbaycan, İran və başqa region xalqları eyni dəyərlərə xidmət etmirlər. Eyni dəyərlər onları birləşdirmir. Üstəlik, siyasətlər, milli maraqlar fərqlənir.
- “İran-Azərbaycan münasibətlərinə xələl gətirəcək 3-cü qüvvə deyilərkən, İsrail nəzərdə tutulur?”
- Azərbaycanla İsrail müttəfiq deyil. Bu, ümumi bəyanatdır. Çünki 3-cü dövlətlər regionda böyük rol oynayan ABŞ, Rusiya və Avropadır. Bizim belə bəyanat qəbul etməyimizdən asılı olmayaraq onlar siyasətlərini davam etdirəcəklər.
ERMƏNİSTANDAN CAVAB YOXDUR
“Yeni Müsavat” qəzeti 14 noyabr sayında Ermənistan Silahlı Qüvvələrinə mənsub helikopterin vurulmasına toxunub. Yazı müəllifi müxtəlif məlumatları, olaya verilən şərhləri bir araya yığıb hadisəni qiymətləndirir:
“Azərbaycan hərbçilərinin Ermənistana məxsus hərbi vertolyotu məhv etməsi düşmən ölkədə kifayət qədər narahatlıq yaradıb. Son günlər erməni hərbçilərinin ölümünə etirazların yenidən baş qaldırdığı ölkənin rəhbərliyi bu dəfə çətin durumla üz-üzə qalıb. Belə ki, rəsmi Bakının konkret şəkildə “Ermənistana məxsus hərbi helikopterin Azərbaycan hava məkanından nə işi var idi ki, o da vurulsun” sualına işğalçı ölkənin rəsmilərinin cavabı yoxdur”.
“BAYILDA VƏ “20-Cİ SAHƏ”DƏ 3 MİNƏ YAXIN EV SÖKULƏCƏK”
“Bizim yol” qəzeti yazır ki, Bayılda və “20-ci sahə”də 3 minə yaxın ev sökuləcək. Bu sərlövhə altında verilən məqalədə Bakının Səbail rayonu ərazisində söküntü işlərinin genişləndiriləcəyi bildirilir:
"20-ci sahə"də yaşayan sakinlərin bir qrupunun hüquqlarını müdafiə etmiş vəkil Azər Quliyev "Bizim Yol"a bildirdi ki, ARDNŞ bu ərazidə yaşayan sakinlərin evlərinin sökülməsi iddiası ilə Səbail rayon Məhkəməsinə müraciət edib:
"Məhkəmə ARDNŞ-in iddiasını təmin edib. Əhalinin köçürülməsi ilə bağlı məhkəmə iddiaları 2009-cu ildən başladı və onların sayı 2010-2011-ci ildə daha da artdı. Məhkəmə formal keçirildi. İddianın adı belə idi:
"Qanunsuz tikililərin sökülməsi". Bütün iddialar da birmənalı olaraq ARDNŞ-in lehinə verildi. Yəni evlər sökülməlidir. 5 ailənin işinə mən çıxdım. Məhkəmə prosesi Ali Məhkəməyə qədər getdi. İlkin məhkəmə instansiyasının qərarı qüvvədə saxlanıldı”.
“ƏSRİN ŞƏKƏR” BƏLASI
“Azərbaycan” qəzeti “Əsrin şəkər” bəlası” adlı məqaləsi ilə 14 noyabr Ümumdünya Diabet Günü olduğunu xatırladır. Məqalədə deyilir ki, Azərbaycanda 200 mindən çox şəkərli diabet xəstəsi var:
“Lakin daha narahatedici məqam 600 mindən artıq insanın qlükozaya həssaslığının pozulmasıdır. Bu isə o deməkdir ki, bu qədər adam diabetə düçar ola bilər. 2013-cü ildə ilk dəfə diabet qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı 24 min 182 nəfər olub”.