“Axırım nə olacaq, bilmirəm?!”

Hikmət Carçılı Orhun

-

"Televiziyalar reytinqə, camaatın beynini “yumağa” işləyirlər."

Hikmət Carçılı Orhun

“Düz söymürsüz, axı, ay Əziz müəllim…”

Azərbaycan telekanallarının dünya telekanllarından səviyyəcə qat-qat aşağı verilişləri haqqında bir neçə dəfə fikir bildirmişəm.

Ümumiyyətlə, belə düşünürəm ki, efirlərin problemi ondan irəli gəlir ki, aparıcıların əksəriyyəti adi etik davranış qaydalarını bilmirlər; ya bilirlər, icra etmirlər.

Reytinq yığmaq üçün hər addımı atır, sosial şəbəkə istifadəçiləri və çayxanapərəst camaat üçün əyləncəyə çevrilirlər. Günlərlə, həftələrlə, aylarla, bəzən də illərlə gündəmdən düşmürlər. Bir sözlə, kütlənin damarını tutublar.

Adamların danışmağa özgə sözü yoxdur. Aydın məsələdir, ömrü boyu kitab üzü açmayan, filmə baxmayan kəslərin müzakirəsi telekanalların səviyyəsizliklərindən o yana gedəsi deyil.

Məişət problemlərindən danışmağa qorxan camaat üçün ağız açmağa, gap eləməyə əməlli-başlı münbit şərait yaranır.

Evdə arvad-uşaqla, məhəllədə qonum-qonşuyla, şəhərdə təqaüdçülərlə, işi-gücü olmayan veteranlarla çənə döyür, zaman öldürür.

Zaman öldürmək demiş. Bizim adamlar zamansızlıqdan həddindən artıq şikayətlənirlər. Bir araya gələn kimi filan işinin yarım qaldığından, bəhmən işini həll edə bilmədiyindən söz salırlar: “Axırım nə olacaq, bilmirəm?!”

O gün bir yazar dostumuz yazmışdı, fikir vermişəm, zamansızlıqdan ən çox şikayət edənlər heç bir işin qulpundan yapışmayanlar, gün axşama ayağını ayağının üstünə laqqırtı vuranlar, latayır atanlardır.

Başa düşürəm, adamlar işsizlikdən əziyyət çəkir, bölgələrdə zavod və fabriklər əhalinin işsizliyini aradan qaldırmaq gücündə deyil.

Əldə olan müəssisələr də tapşırılmış kəsləri işə götürür ki, müqaviləsiz, sənədsiz işlətdiyindən onlara da vaxtlı-vaxtında maaş verə bilmir, gecikdirir, ya da gördüyü işin dəyərində məvacib vermir. Ancaq kənd insanının boşluğu aradan qaldırması üçün başqa yollar da var.

Bir az düzgün qarşılanmaya bilər, fikrimcə, qapısında şərait ola-ola iki heyvana baxmayan, bir ağacın dibini belləməyən, göy-göyərti əkməyən kəndçi əziyyət çəksə yaxşıdır.

Bir kəndçi ki, göy-göyərtini, mer-meyvəni, pomidoru, xiyarı bazardan alır, əlbəttə, kasad büdcəylə ayın əvvəlindən axırına zar-zor dolanacaq. Hətta, borca-xərcə düşəcək.

Hər kəs həyətində ağzı günə yatan boş sahədə bir istixana düzəldib onu əkib–becərməklə məşğul olsa, ən azından bekarlıqdan qurtulacaq, zamansızlıqdan daha az şikayətlənəcək.

Gözümüzü yağır edən telekanlların səviyyəsiz verilişlərinə də az baxacaq, bəzən vaxt tapmayacaq. Görünən odur ki, bizim camaat özünü işə vermək istəmir, xəyallarla yaşayır. “Allahdan buyruq, ağzıma quyruq”, - deyib zaman öldürür.

Durumu kifayət qədər gözəl qiymətləndirən telekanallar isə boş-bekar adamların üzərindən öz mənasız layihələrini həyata keçirir, adı it dəftərində olmayan “müğənnilər”lə, iki sözü dal-dala yaza bilməyən “jurnalistlər”i üzləşdirir.

Hər xırda vəziyyətdən çıxmağı bacaran teleaparıcılar isə kütlənin reaksiyasını görəndə, aktyorluq bacarıqlarını işə salır, özlərini yalandan üzülmüşlüyə, kədərlənmişliyə vururlar.

Bir neçə gün qabaq “Space” telekanalında baş verən hadisə də bunun əyani sübutudur. Hansısa tanınmayan qəzetin baş redaktoru Əziz Musaoğlu toyların “gülü-çiçəyi”, eqosu “yer cıran”, amma qabında bir zad olmayan müğənni Mətanət Əsədovaya “fahişə” dedi.

Aparıcı isə “düz söz demirsiniz axı, ay Əziz müəllim” deməklə kifayətləndi. Sözün deyiliş tərzindən aydınca görünürdü ki, Əziz müəllimin söyüşü onun ürəyindəndir, efirə gedəndən sonra verilişin reytinqi qalxacaq.

Əlacı olsa deyərdi ki, düz söymürsüz axı, ay Əziz müəllim, filan cür söymək lazım idi.

Həmin məqamları efirə verməyə bilərdilər. Verilişin canlı olmadığı da yuxarıda dediklərimizi təsdiq edir ki, televiziyalar reytinqə, camaatın beynini “yumağa” işləyirlər.

Problem Əziz müəllimin söyüşü deyil, sadəcə düzgün söyməməsi, söyüşün “istiot”unu, “duz”unu az eləməsidir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)