Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:02

Cijimi ağladan kitab...


Hikmət Carçılı Orhun
Hikmət Carçılı Orhun

-

Kor-peşman qayıtdım evə. Axşam əhvalatı əvvəldən axıra kimi cijimə danışdım. Arvad bir başına, bir dizinə döydü. Dədəm bilməməliydi...

Hikmət Carçılı Orhun

RİYAZİYYAT KİTABI

Prezidentin sərəncamından

yararlanan və yaralanan müəllimlərə

hədiyyə edirəm...

Əzələlərimin təzə-təzə bərkiyən vaxtıydı. Beşinci sinfə gedirdim. Oxuduğum sinifdə uşaqların hamısından böyük olduğuma görə qabağıma çıxan yox idi. Arabir özümdən böyüklər qaz qoyub xırda-xuruş gədələrlə dalaşdırırdılar. Gündə birini xurt-xəşil eləyib ayağımın altına salırdım.

Düzünə qalsa, heç ayağımla vurduğum olmamışdı. Ayağımın biri digərindən gödək olduğuna görə, elə onda da taytaya-taytaya yeriyirdim. Təpik ata bilmirdim. Uşaqlar kövrək damarımı tutub ara-sıra təskinlik verirdilər ki, nə istəyirsən, qolunun gücü var. Birindən zəifsən, beşindən güclü... “Allah bir tərəfdən bağlayanda, bir tərəfdən də qapı açar”, – deyiblər də yalan deməyiblər ha!

Mən də ağlımın qıvraq yerinə salıb fəxr eləyirdim. Qolum qarpızlanırdı. İlişməyənə də ilişirdim. Elə şərait yaradırdım ki, dava-dalaş qopsun, döyüm, qanına bulayım.

***

Bir də görürdün, haray-həşir qopub. Filankəs yenə bəhmənkəsi vurub qanına qəltan eləyib. Filankəsin dediyinə görə xətası bəd olub ki, ayağını bekara hündür davana qoyub. Sinfin qızlarını görəndə telinə sığal çəkib ki, onların xoşuna gəlsin.

Bu gözünə döndüyüm də çəkib məktəbin arxa tərəfindəki fızıllığa. Vurduğuyla gədənin burnunu əzib. Uşaqlar bir yandan, müəllimlər bir yandan, yaxınlıqda yerləşən tibb məntəqəsinin həkimləri o bir yandan başına dəqiqəbaşı parça isladıb qoyurlar, qanı kəsmir...

Qəfil soraq gəlirdi ki, direktor səni çağırır. Canıma vic-vicə dolurdu. Qismətdən direktor qohum idi, dədəmi çağırtdırmırdı. Hadisədən bir ay sonra xəbər tuturdu fağır kişi.

***

...Otağa daxil olan kimi “salam” verirdim. Almırdı. İki dəqiqə keçməmiş, haqq divan qurulurdu. Bir üzümə tüpürürdü, məcbur o bir üzümü çevirirdim. Amma adamın Allahı var, vurmurdu. Di gəl, söz vermişdi ki, bir dəfə vuracaq.

Hər dəfə də eyni cür yola verirdi. Başımı aşağı salıb yarım saata yaxın müddətdə öyüd-nəsihətə qulaq asırdım. Söz tamama yetdimi azadlığa çıxırdım.

Uzağı bir-iki dərs farağat durardım. Sonra yenə həmən-həmən idim.

***

Ayım, günüm beləcə gəlib keçirdi. Amma onu da deyim ki, bütün zircikliklərə rəğmən oxuyan şagird idim. Müəllimlərin hamısı razılıq edirdi. Məktəbə yoxlama gələndə nümunəvi şagirdlərin sırasında mənim də adımı çəkirdilər. Buna baxmayaraq “şərəf lövhəsi”nə şəklim düşməmişdi. Riyaziyyatı, ədəbiyyatı, bir də ana dilini əla oxuyurdum. Xüsusən də riyaziyyatı.

Bir haşiyə çıxım:

Həmin il sinfimizə saçı pırpızlanmış riyaziyyat müəllimi gəldi. Adı Gülmirə idi. Günlərin birində lövhədə misal həll edərkən sözümüz çəpləşdi. Elə bu səbəbdən də qiymətimi kəsdi. Hərçənd həmən günün səhərisi dədəmi məktəbə apardım və məktəbin ən savadlı iki-üç riyaziyyat müəllimini yığıb onların qarşısında həmən misalı onların gözünün qabağındaca həll elədim, ariflər demiş, söhbətdə düz çıxdım; amma ondan sonra dönərgəm döndü. Oxumadım riyaziyyatı. İndi görürəm ki, özümə ziyan eləmişəm.

Dediyim kimi fənni yaxşı oxuduğuma görə, tədris ili yarı olandan sonra kitabxanaçı da köhnəni alıb yerinə məktəbə gələn ən yaraşıqlı riyaziyyat kitabını mənə vermişdi. Daha doğrusu, evimiz yaxın olduğundan sinif yoldaşım Rəfiqəylə birənti işlədəcəkdik – saatla.

***

Bu ərəfədə məktəbə bizimlə paralel sinfə təzə uşaq gəlmişdi. Hələ heç biri-birimizə isnişməmişdik. Gövdəcə iri olsa da, planlaşdırmışdım ki, ona da öz qüdrətimi göstərməliyəm. Sakit uşağıydı. Dindirməsən, danışmazdı. Kövrək adama oxşayırdı zahirdən.

Günlərdən bir gün dərsdən qayıdırdıq. Qabağını kəsib heç nədən niyə belə özündən razı tip olduğunu soruşdum. O cavab vermədi. Qorxduğunu düşünüb daha da üstünə getdim. Qolundan tutub dartışdırdım. Bir də onda gördüm, arxama keçib kürəyimdən otəhər itələdi ki, arxa düşdüm. O vaxt “daha böyümüşəm, qız ha deyiləm”, - deyib çanta-filan götürməzdik. Arxa düşən saat əlimdəki kitabların arasından həmin yaraşıqlı riyaziyyat kitabı düşdü palçığa.

Cəmi beş-altı səhifəsi oxunurdu, o da zülümlə...

Həmin yekəpər gədəyə məğlub olmağım cəhənnəm, kitabın dərdi götürmüşdü məni. Səhər dərsdə müəllim bir tərəfdən, Rəfiqə bir tərəfdən, kitabxanaçı arvad da o biri tərəfdən başımın ətini yedilər. Təzə kitab almalıydım öz puluma. Di gəl, dədəmə demək istəmirdim.

Zəng vuruldu. Tənəffüsdə o yekəpəri tapdım.

-Bulamısan. Ödə pulunu, ya da get, təzəsini al, - deyib kitabı üstünə atdım.

-Mən niyə ödəyirəm? Sən başladın. Bu söhbət bir də açılsa, səni o günkündən pis günə qoyacam, - dedi. Sonra da ağır gövdəsini yırğalaya-yırğalaya qaçdı bufetə.

***

Kor-peşman qayıtdım evə. Axşam əhvalatı əvvəldən axıra kimi cijimə danışdım. Arvad bir başına, bir dizinə döydü. Dədəm bilməməliydi. Kişi kasıblığın bu vaxtında hardan alırdı o boyda pulu? O çırtımın ata-anasının üstünə sürəyə gedib söz-gap yiyəsi olmaq da olmazdı.

Çarəsiz qalıb neçə aydır, pendir qayırıb satmaqla əmim oğlunun toyuna kimi almağı planlaşdırdığı ətək-kofta üçün yığdığı pulun üstündən 6 manat götürdü.

Ödədim kitabın pulunu…

XS
SM
MD
LG