-
- Qardaşım deputatdır ha! Sakitcə, dilinizi dinməzinizə qoyub taleyinizə boyun əyin! Yoxsa uduzan siz olacaqsınız!...
Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.
Hikmət Carçılı ORHUN
Qurbağa gölünə daş atan
...avamlıq ağır dərddir.
...Günlərdən bir gün, səhərin gözü yeni-yeni açılanda, günəş səmada korun-korun (sərin-sərin) qızaranda; sübh azanı çəkiləndən qəfil sonra, sübh namazının ilk ayələri oxunduğunda məktəb direktoru Soltan müəllimə yenə damdandüşmə xəbər gəldi ki, Bakıdan yoxlama gəlir; saat on birə, on ikiyə burada olar. Hər şeyi bitdə-bitdə incələyəcək; sənədlərə, məktəbin arxivinə, indisinə göz gəzdirəcək.
Kefini pozmadı. Bu təzə oyun deyildi ha!
Xəbəri gətirən adama:
- Pah, yaman iş olub! Gəlir gəlsin, allaha şükür, bir əyər-əskiyimiz yoxdur! – dedi arxayın-arxayın.
Əslinə qalanda, Soltan müəllimin məktəbində əyər-əskiklər saya bildiyin qədər çox idi; işçilərin pullarının yeyilməsindən, şagirdlərdən hər ayın o başı, bu başı açıqlaması verilməyən səbəblərdən pulların yığılmasından, müəllimlərin dərs saatının pulla satılmasından tutmuş, sadəcə adını eşidib üzünü görmədikləri qəzetlərə toplanan məsrəflərə kimi, xırdalasan dünyanın o biri başına gedib çatan, bir başa işdən çıxarılmağına yetərli dəlillər...
“Hər gələn özündən əvvəlkinin dədəsinə rəhmət oxutdurar” deyiblər. Soltan müəllim də direktor oldum, olalı köhnə direktorun dədəsinə rəhmət oxutdururdu. Öz aralarında danışanda camaatın dili dinc durmurdu. Di gəl, neyləyəsən ki, “yuxarılar” qorxusu, “vəzifəfobiya” onların Soltan müəllimdən haralarasa danışmaq, şikayət etmək, açıq mübarizə aparmaq istəyini döyürdü. Hara şikayət edəydilər axı... Necə edəydilər... heç bunu da əməlli-başlı qanmış deyildilər. “Yuxarı baxırsan saqqal, aşağı baxırsan bığ”, yaxşı deyildi dana, eloğluydu. Həm də övladlarının məktəbdən qovulmaması xatirinə dillərini qoymuşdular qına, nəsə bir möcüzə gözləyirdilər. Qanırdılar möcüzənin yalnız nağıllarda olduğunu, ancaq ümidlərini üzmürdülər o Gözəgörünməzdən...
Adam gedəndən sonra Soltan müəllim məktəbin həyətində müəllim, şagird və texniki işçi heyətini agah etdi bu xəbərdən. Məktəbə gəlməyənlərin zəng edib telefonla çağrılmasını; sinifdə yaxşı oxuyan şagirdlərin qabaq sıralarda, nisbətən, pis və heç oxumayanların arxada əyləşdirilməsini; məktəbin həyətində zir-zibil nə varsa, yığılması və yandırılması, heç olmasa üç-dörd saatlıq əlinə keçənlərin məktəbin həyətinə atılmaması tapşırıqlarını verdi.
Soltan müəllim bu gələn xəbərdən ürpəşmədi. Yox ki, onun üzü ağ, alnı açıq idi. Xeyr! Hər cür zir-zibilin içində itib-batırdı; məktəbin təmirinə ayrılan pulların əslində onun evinin təmirinə xərclənməsi, məktəbə gəlməyən uşaqların valideynlərindən bunun üçün ödənclərin alınması faktları hamının bildiyi və irad tutduğu gerçəklər idi.
Lakin... o, deputat qardaşına arxalanırdı ki, belə olan halda da qorxmağa heç bir əsas yox idi. Deputat. “Deputat” kəlməsinin zəhmi o qədər ağırdır ki, daşdan da keçər.
Soltan müəllim bu əsasla hər gələni rahatca yola sala bilirdi. Heç kimdən qorxacağı yox idi; nə icra hakimiyyətindən, nə maarif şöbəsindən, nə başqa zəhlətökən bir sürü təşkilatlardan. Özü öz başına ağaydı. Gələn kim olur-olsun vecinə deyildi. Çox çək-çevirə salanın da, qurbağa gölünə daş atar kimi ağzına ayından-oyundan atırdı ki, çıxıb getsin işinə, gücünə.
Bəli, işinə, gücünə... Hər nəyi olsa da, bu məsələdə çox rahat adam idi. Gələn kim olur-olsun; jurnalist ya nazirlik işçilərindən yoxlama - fərqi yoxdur, şagirdlərdən yığdığı pula həmin gələn adama geniş süfrə açıb qonaqlıq verirdi, cibinə də beşdən-üçdən qoyurdu ki, bunların da balası var, bunlar da ailə sahibidirlər. İnsaflı adam idi, hamam suyundan dost tutsa da, insaflı adam idi. Gələni ac yola salmırdı, axırda da deyirdi: “Balamsan, gəlibsən, xoş gəlibsən. Ancaq bu yazmaq məsələsini çıxar ağlınnan. Olan sənə olacaq... Qardaşım deputatdır. Al, bu əlli manatı da, get, ailənnən xoşbəxt ol!”
Hər kəs də onu qanır; yeyib-içir, cibinə basılan pula da qane olurdular. Sonra gəldikləri yerə qayıdıb yaxşı-yaxşı sözlər danışır, hər şeyin qaydasında olduğunu deyirdilər və yaxud direktorun şücaətlərindən sicilləmə yazı da yazırdılar “Müəllim” qəzetində və qeyri orqanlarda.
Ancaq bir dəfə belə olmadı...
Hansısa müxalifət qəzetlərindən birinin bir əyrimçə müxbiri gəlmişdi, hansısa adamın hansısa şikayətinə əsasən. Dəqiq desək, “Demaqoq” Əsəd göndərmişdi onu, o səbəbdən ki, guya Soltan müəllimin məktəbində odun pulu yeyilib, indi də uşaqlar soyuq siniflərdə, soyuq partalarda dalları buzlaya-buzlaya qalıblar.
Jurnalist məktəbə çatan kimi direktor istədi, buna da qabaqkılar təkin birinci süfrə aça, oturalar, doyana kimi içirdə, sonra da lazımi tapşırıqlarını verə, əlini də cibinə sala, beşdən-üçdən qoya ovcuna və bununla da iş tamama yetə. Ancaq əyrimçə jurnalist qanmadı. Nə illah elədi, mümkünü olmadı.
“Biz rüşvətə-filan qarşıyıq”, “Şirinnik də bir növü rüşvətdir” kimi bir sürü laf gəvələyib durdu.
Axır direktor da təkid eləməkdən üz döndərdi.
“Cəhənnəmə ki, oturma!” dedi ürəyində.
Bir az ağır sözlər danışsa, ürəyində dediyi sözləri dilinə də gətirəcəkdi, hələ bir-iki də tapalayacaqdı. Qonağa hörmət əlaməti olaraq səbrini basdı.
Sonra jurnalist çantasından diktofon çıxardıb sorğu-suala tutdu.
- Hörmətli Soltan müəllim, aldığımız xəbər doğrudurmu?
- Xeyir!
- Nəynən sübut eləyə bilərsiniz?
- Gəlin gedək! – dedi.
Jurnalisti odun yığdıqları damın qabağına gətirib qapını açdı. İçəri odunla dolu idi. Ona verilən məlumatların yanlış olduğunu, məktəbin şagirdlərinin soyuqda deyil də, isti yerdə əyləşdiklərini öz gözləriylə siniflərə baş çəkib görəndən sonra əmin oldu. Sonra pərt olmuş jurnalist, suyu süzülə-süzülə çıxıb getdi.
Soltan müəllim onu yeməyə dəvət edərdi, cibinə pul da basardı, ancaq heyvərəliyini bağışlaya bilmədi.
“Biz rüşvətə-filan qarşıyıq”, “Şirinnik də rüşvətdir”. Bu iki cümlə söz onun çox ağırına gəlmişdi. Elə buna görə də, zəng edib qardaşına dedi ki, filan qəzetin filan namda jurnalisti gəlmişdi, yamanca heyvərəlik elədi.
Sən demə, həmin qəzeti maliyyələşdirən deputat qardaş imiş. Bu şikayətdən sonra
həmin heyvərə jurnalist işdən qovulub alınan məlumatlara görə.
Bunu eşidəndə Soltan müəllim öz-özünə dedi:
“Camaata yaxşılıq yoxdur da qardaş”.
***
Soltan müəllim kabinetində oturub Bakıdan gələcək yoxlamanı da asanlıqla yola salacağını düşünürdü. Heç şübhəsi yox idi.
“Nə adamlar görmüşük, bu nədir ki! Nə çox gölə daş atıb, nə qurbağalar susdurmuşuq! Əvvəl-əvvəl ciddi danışacaq, sənəd-sübut istəyəcək. Biz də sənəd-sübutumuzu bilirik, əlbət! Süfrə arxasına keçdikmi, hər şey qaydasına düşəcək.”
Hər şeyin qaydasında olacağına inanırdı, əmin idi. Lakin, ürəyində bir sual onu narahat edirdi.
“Bu gələn, nə üçün gəlir? Hansı sənəd-sübutu istəyəcək? Nəynən bağlı gəlir? Yoxsa yenə kimsə şikayətmi edib? Edibsə kim? Bu nəyə lazım idi axı?! Axı, hər kəs bilir mənim səxavətimi. Gələydi yanıma, kişi oğlu kimi deyəydi ki, filan yerdə sən səhvsən. Mən də buna görə bir tədbir tökərdim də”.
Bu gəlişin əsl səbəbini düşünüb tapmağa çalışırdı xəbər gələndən. Zamansa sürətlə irəli cumurdu; bu səhər xəbəri gələn yoxlamanın gəlişini yaxınlaşdırırdı hər ötən dəqiqə, indi ilə bir az sonranın arasında vaxt daralırdı...
***
Səhərin gözü açılmamış; xoruz banı kəsən vaxtı, məsciddə azan səsi dinən kimi sorağı kəndə yetən yoxlama axır ki, saat on ikinin yarısı, ya on ikiyə qalmış məktəbin yolunu tapa bilmişdi. “Prado” markalı ağ maşında gələn qonaq qapıdan daxil olanda zəng vuruldu, siniflərin qapısı açıldı, uşaqlar müəllimdən qabaq sinifdən bayıra atdılar özlərini. Hay-küy, qaraqışqırıq başına götürdü ətrafı. İt yiyəsini tanımaz oldu.
Bakıdan gələn qonaq maşını qarışqa kimi qaynaşan adamların içindən direktor otağının qapısının ağzına zor-bəlayla sürüb çatdıra bildi. Qara kostyum-şalvar, qara ayaqqabı, ağ köynək geyinmiş, qırmızı qalstuk bağlamış, qıraqlarında nazik kant olan eynək taxmış, saçının yarıdan çoxu tökülmüş, qırx-qırx beş yaşlarında bir “yoxlama” nəfəri düşdü maşından. Ayağını yerə çırpdı. Sonra pultla maşının qapılarını bağladı.
Bu halətdə Soltan müəllim otağında yenə də düşünməkdə idi; özünə o qədər qapanmışdı ki, nə zəngin vurulduğundan xəbəri olmuşdu, nə pəncərədən bayıra baxmışdı, nə də səs-küyü həyəti götürmüş uşaqlara diqqət yetirmişdi. Otaqda tam səssizlik hiss olunurdu, bir saatın səsindən özgə hər şey sükuta qərq olmuşdu. Bayırda nəfəs kəsən isti olduğu, ağacların istidən az qala “dil açıb ləlidiyi”, hər kəsin istidən dad elədiyi bir vaxtda Soltan müəllimin əlli iki min deşik-dəliyi olan otağına heç bir dənə olsun milçək girib onun bu qədər uzun-uzadı fikirləşməyinə mane olmamışdı. Məktəbdəki sakitliyin onu aldatdığı çox olurdu; hətta, bir neçə dəfə bunun ucbatından, dərs müddəti bitməsinə baxmayaraq, qaranlıq düşənə kimi otağında oturub qalmışdı, bir də onda ayılmışdı ki, hamı çıxıb gedib bircə o qalıb bayquş kimi damın altında.
...Yalnız qapı döyüləndə bildi ki, uşaqlar həyətdə oynaşırlar və zəngin vurulmağından, pəncərəsinin düz qabağında dayanan ağ hündür maşından xəbəri olmayıb. O dəqiqə hiss elədi ki, çox fikirləşib. Və o an bildi ki, sidik qarnını cırır. İstədi tez qaçıb tualetə dəyə. Ancaq bir az öncə qapının döyüldüyünü xatırlayıb əl saxladı getməkdən. Ürəyində fikirləşdi ki, bu gələn yüz faiz yoxlama olacaq. Ayağa qalxmadan sidiyini güc-bəlaynan sıxıb:
- Gəlin! – dedi qapıya sarı.
Qapı açıldı. Ağ maşının sahibi daxil oldu. Soltan müəllim birtəhər qalxıb onu salamladı.
- Buyurun, buyurun xoş gəlmisiniz! Yəqin ki, siz Bakıdan gələn yoxlamasınız...
Yoxlama:
- Bəli... Rahib müəllim – dedi.
Soltan müəllim özünü təqdim elədi:
- Bəndəniz, Soltan müəllim, bu məktəbin direktoruyam. – Əl sıxdılar. Sonra Rahib müəllimə yer göstərdi. – Əyləşin!
Rahib müəllim keçib stullardan birində əyləşdi.
Soltan müəllim də öz yerində oturduqdan sonra telefonu götürüb zəng vurdu:
- Qızım bura çay gətir, qonağımız var! – Sonra dəstəyi asdı.
Bir az hal-əhval soruşdular bir-birlərindən: Sən necəsən? Mən necəyəm? Yolda gələndə rahatmı gəldin? Filan-falan... kimi... bir sürü gərəksiz sözlər. Ancaq nə qədər elədilər bir yolunu tapıb mətləb üstünə gələ bilmədilər...
Araya uzun müddət sükut çökdü...
Çay gəldi, içməyə başladılar. Soltan müəllim hiss eləmişdi, ürəyinə dammışdı bu gün işlərin yaxşı getməyəcəyini; Rahib adlanan bu şəxsin üzündəki köntöylük, zəhm (Yox, bu o demək, deyildi ki, Soltan müəllim zibil işlərinin üstünün açılacağını, bu boynu xaltalı gədənin onu gedib haradasa rüsvayi-cahan edəcəyini xəyal edib belə hisslər keçirirdi, yox! Sadəcə halı təlx olmuşdu, səbəbini özü də bilmirdi. Gülməyə-gülümsəməyə halı olmasa da, qonaqpərvərlik xatirinə, milli-mənəvi dəyərlərimizdən çıxış eləyib arada bir siqaret çəkməkdən sapsarı saralmış dişlərini ağardırdı), ətrafdakı sükut, sidiyin qarnını cırıb-dağıtması və bir az əvvəl zəng vurub sifariş verdiyi çayı da qonağa hörmətsizlik etməmək xatirinə içməyə məcbur olması onu açmırdı.
“Xoş gəlmisiniz!” əlaməti olaraq könülsüz-könülsüz gülümsünür, çay içir, qarnını deşən sidik ucbatından yerində qurcuxurdu.
Bu halətdə Rahib müəllim ağır-ağır söhbətə başlamaq istədi:
- Soltan müəllim, – dedi – gəlişimin səbəbi sizə məlum olmasa da, yəqin bilərsiniz ki, mən sizin məktəbdə bir yoxlanış aparmaq üçün gəlmişəm.
Soltan müəllim bir az sevindi ki, bu köntöyləmə qonaq axır ki, ağzını aça bildi.
- Aydındır, yəqin davamiyyəti-zadı yoxlayacaqsınız, uşaqların necə oxumasıynan-zadnan maraqlanacaqsınız? Elədirmi?
- Xeyr!
- Bəs, neyləyəcəksiniz?
- Soltan müəllim, sizdən bizim nazirliyə bir məlumat, daha doğrusu, şikayət ərizəsi daxil olub ki, bura gəlişimin məqsədi də bu ərizədə göstərilən, yoxlanılması vacib olan zadları gözdən keçirməkdir, siznən bərabər inşaallah!
Rahib müəllim “şikayət ərizəsi” deyəndə Soltan müəllimin köməsinə qaranlıq çökdü. Yox, onsuz bu işin də altından qardaşının köməkliyi ilə çıxa biləcəkdi. Ən azından o belə fikirləşirdi. Ancaq bu şikayət kimdəndir, o maraqlı idi. Bir anlıq fikrə getdi ki, bu naqıs işi hansı nanəcib adam eləyib və hansı əsasla. Axı, o yaxınlaşıb mənə adam balası kimi sözünü desəydi, mən qəbul eləyəcəkdim. Onda nə şiş yanardı, nə kabab. Ancaq yox, o adam alçaqlıq eləməliymiş. İndi açıqlayıb deyəcək şikayətin kim tərəfinnən yazıldığını və mən də bu yoxlama qırığı çıxıb gedənnən sonra dərisinə saman təpəcəm onun.”
- Soltan müəllim, – Rahib müəllimin səsi ayırdı onu fikrindən – Sizin məktəbdə işləyən texniki işçilər iddia edirlər ki, siz onların əlli min manata yaxın, aylıq əmək haqqını yemisiniz.
- Necə?! – Təəccüblə soruşdu.
- İşçilərin aylıq əmək haqqını yemisiniz...
- Elə şey ola bilməz!
- Olub artıq. Hamısını adlarıyla deyə bilərəm.
Soltan müəllim fikrində çəkiləcək adların hamısını təxminən bilirdi. Həmin adamların cəsarətinə inanmadığından şübhəli qaldı ki, bəlkə də onlar deyil. Bəlkə də bu gələn adam səhvə yol verir. Onlar ki bunun boynu bağlı itləridirlər. Düzdür, onlara işə qəbul olunduqlarından bu yana haqları olan maaşı verməmişdi, məktəbdə biyara işlədikləri azmış kimi hələ aparıb evində də işlətmişdi, sadəcə boğaza, yavan çörəyə. Onlar da heç vaxt bundan narazı olmamışdılar, əksinə bunun elə belə də olduğunu düşünüb axşam-sabah canının sağlığına dualar oxuyurdular, dədəsinin goruna rəhmət deyirdilər, deputat qardaşına isə işlərinin avand olmasını arzulayırdılar. Yox, fikrində tutduğu adamlar ola bilməzdi “yuxarıdan gələn” adamın adlarını sadalamaq istədiyi adamlar...
- Kimlərdir?
- Demək olar, məktəbdə işləyən texniki işçilərin hamısı qollayıb o sənədi. Ad çəkim?
- Deyin görək!
Rahib müəllim çantasından bir on iki vərəqli dəftər vərəqi çıxardıb diqqətlə baxır.
- Elə biri süpürgəçi Gülsənəm, o biri Xankişi, o biriləri: Vəli, Xansənəm, Dəstəgül, Qulamsöyün... – Sonra vərəqi stolun üstünə qoyub Soltan müəllimə sarı itələyir. – Bu adamlar sizin məktəbdə işləyirlər, hə?
- Bəli, bu məktəbdə işləyirlər. Biri süpürgəçidir, biri dülgərdir – sınan stolları və stulları düzəltməklə məşğuldur, biri elektrikdir, biri nə bilim nədir... Bir söznən, o adamlar bu məktəbdə işçidirlər. Ancaq təəssüf ki, mənim və bu məktəbin onlara heç bir borcu-filan yoxdur.
- Necə yəni, bu boyda adam yalan deyir ki?!
- Bəli hamısı yalan deyir. Bunlar mənim bu məktəbdə işləməyimi istəməyən birinin oyununa getmiş adamlardır.
Rahib müəllim təəccüblə soruşdu:
- Kimdir o adam?
- “Demaqoq” Əsəd. Mənim qonşumdur. Bir vaxt da üstümə jurnalist göndərmişdi ki, guya mən məktəbə ayrılan odun pulunu yemişəm və uşaqlar soyuqdan qırılırlar. Əslində isə gələn jurnalist gəlib gördü ki, məktəbə ayrılan odun pulunnan heç bir qəpik də yeyilməyib və odunlar hamısı yerbəyerdir, uşaqlar da soyuqdan donmurlar. Olan ona oldu, kor-peşman çıxıb getdi, “Demaqoq” Əsədin kor dədəsinin goruna söyə-söyə... İndi bu məktubmu, ərizəmi... deyək, hər nədirsə, bunun da yazılmasının baiskarı odur, hətta, mən deyərdim o öz əlinnən yazıb sadəcə, orada adları yazılan adamlara imza atdırıb.
- Bunu nəynən sübut eləyə bilərsiniz?
- Bir dəqiqə gözləyin gəlirəm. – dedi.
Ayağa qalxıb bayıra çıxdı. Soltan müəllimin əlinə yaxşıca girəvə düşmüşdü, bir daşla iki quş vurdu; həm həyətdə gəzişən və bir işə yaramağa çalışan və yoxlama nəfəri Rahibin gətirdiyi vərəqdə adları olan işçiləri çağırdı, həm də bayaqdan qarnını dəlib-deşən, sıxıb-sıxıb güc-bəlaynan saxladığı sidikdən azad oldu.
Soltan müəllim əlinə düşən fürsəti vaxtında dəyərləndirib məktəbin işçilərinə hədə-qorxu gəlməyi də yadından çıxarmadı. Daha doğrusunu desəm, əvvələn şirin-şirin danışdı; onun tərəfindən danışmaqlarını, bu yazını onların dilindən kimin yazdığını bildiyini çatdırdı diqqətlərinə. Müəllimin buna əminliyinə bir tutarlı səbəb vardı ki, o adamlar nəinki nazirlik deyilən bir yerə məktub yazmaq cəsarətində ola bilməzdilər, hətta, adı kimi əmin idi ki, bunlar işə götürülən zaman qələmlə qol çəkmək əvəzinə mürəkkəbə barmaq basmışdılar. Belə zadlar isə dünya da dağılsa, yadından çıxan zad deyildi. Ona görə də məlum məktubla bağlı tutarlı səbəb gətirmələrini, qol çəkdirən adamın sənədi hansı səbəblərlə onlara təqdim etdiyini gələn qonağa ona sərf edəcək bir dildə başa salacaqları halda, hərəsinə yüz manat pul, bir “meşok” da un verəcəyini vəd elədi.
- Razılaşmasanız, özünüz bilərsiniz. – dedi – Bu gün-sabah o adam çıxıb gedəcək, amma biz bir elin adamlarıyıq; axşam da, sabah da üz-üzə gəlirik ha! Yaxşı düşünün! O biri tərəfdən mənim şansım daha çoxdur, qardaşım deputat, özüm də ki qanunu bu gələnnən də yaxşı bilirəm... Uduzan siz olacaqsınız.
Qabaqca bir az üzcıranlıqlarına salıb həyasızlıq eləmək istədilər. Sonra bir tərəfdən “yüz manat” söhbəti, o biri yandan “bir meşok un” vədi, neçə illərdi başlarına itin oyununu açan direktorun günahlarının yarısını bağışlamalı oldular, ən azından bu günkü hadisənin mövzusu olan günahını ki, həqiqətən də deyilən qədər olmasa da külli-miqdarda pulunu yemişdi onların. “Un”, “pul” və qardaşının deputat olması o yana dursun, işçiləri axır ki, bir adama dərd danışmağın bir addımlığında olduqları halda fikirlərindən əsas o daşındırdı ki, direktor danışığında “qanun-manun”, nəsə buna oxşar sözlər işlətmişdi. Bilmirdilər bu nə sözdür, ancaq bildikləri oydu ki, yaman sözdü bu söz... Elə ona görə də bu işin axırının zibil olacağını xəyal etdilər; ən yaxşısı cərimələnmə, pisi də qazamatda çürümək... “Rədd olsun, onda batan pulumuz, uşaqlarımızın canına gələn qada-bala olsun!” deyib, razılaşdılar.
Ən ağsaqqalları, ən dünyagörmüşləri bütün danışdıqlarına bunları da əlavə etdi.
- Qazamatda yatmaqdan bir “meşok” un və yüz manat pul daha yeydir!
...Otağa girəndə işçilər aşağı siniflərdə pis iş tutmuş uşaqların hürkək sıralamasını xatırladan tərzdə düzülmüşdülər, sanki bu yad adam indicə qalxıb onları sillə-təpiyin altına salacaq, sonra da sinif-sinif gəzdirib “ayıb olsun” dedirdəcəkdi heç əlifba da qanmayan “birinci sinif uşaqlarına”, boyunlarını büküb durmuşdular fağır-fağır. Bir az bundan qabaq Soltan müəllimi üstələməyə çalışan adamlar, qısa və mənalı danışıqdan sonra necə də quzu kimi yumşalmışdılar, qurbağa gölünə daş atılmışdı elə bilərdin...
İndi yadıma düşdü ki, hekayəmiz də “qurbağa gölünə daş atan”nan bəhs edir...
- Yoldaş yoxlama, – Soltan müəllim yerini rahatlayıb da, hayandan-hayana nəhayət ki, dillənə bildi – məlum məktubda adları sadalanan, imzaları görünən adamlar bunlardır.
- Lap yaxşı! – Rahib müəllim dedi – Demək, bu adamlardır.
- Bəli!
- Nə deyirlər, məktubdan xəbərləri varmı? İmza atdıqlarını xatırlayırlarmı?
- Özlərinnən soruşun! Mən də doğru-dürüst...
Yuxarıdan gələn yoxlama Soltan müəllimin sözlərini yarıda qırdı. Üzünü qapının qənşərindəcə yetim uşaqlar kimi boynunu büküb durmuş adamlara tutdu.
- Nə deyirsiniz, xatırlayırsınızmı nə zamansa məktub yazıb qolladığınızı?
- ...
- Hə, dillənin! – Qışqırdı.
Bu qışqırıqdan sonra aralarında ən ağsaqqalı olan Xankişinin dili beyqafıl açıldı elə bil.
- Yoldaş yoxlama qardaş, – dedi – bizim heç birimizin qram savadımız yoxdur. Yenə sovet vaxtında cəhənnən kiril qrafikasını birtəhər döyüb-tapalayıb oxuyurduq. Amma yazmaq qanmırdıq. Di gəl, bu yeni əlifba peyda olannan oxumağa da həsrət olduq...
Yuxarıdan gələn yoxlama:
- Əsas məsələyə gəlin! – dedi.
- Hə, elə ora gəlirəm... Kəndimizin bir "Demaqoq" Əsədi var. Bu adamın Soltan müəllimnən zəndeyi-zəhləsi gedir. Ol səbəbdəndir ki, hər fürsətdə şərləməyə çalışır. Bir neçə dəfə eləyib bunu...
- Əsas məsələ...
- Hə ora gəlirəm... Bu məktubu yazmağına o yazıb. Bizlərsə oxuya bilmədiyimiz üçün kor-korana imzalamışıq. Əvvəl istədik barmaq basaq, sonrasına bir zülümnən-qələmnən qol atmağı öyrətdi sağ olsun!..
- Nəyi səbəb gətirib imza atdırdı? Məktubu nə məqsədnən yazdığını sizə demədi?
Qulamsöyün:
- Dedi.
- Nəydi elə?
- Bulağımızın xarab olduğunu əsas gətirib yuxarılara “şikayətnamə” yazacağını dedi. O, alçağın biridir...
Hamıdan ümumilikdə soruşdu Qulamsöyünün dediklərinin düz, ya əyri olduğunu.
Hamı da bircə-bircə düz olduğunu təsdiqlədilər. Hətta Əsədin məktubu onlara oxuduğunu da; oxunan məktubda isə onun oxuduqlarına görə sadəcə “suyu qurumuş” bulaqla bağlı məsələlərin olduğunu da; bir daha hərf yazmaq, oxumaq qabiliyyətlərinin olmadığını da; bacardıqlarının sübh namazından yatsı namazına kimi işləmək olduğunu da; nəhayət, Soltan müəllimə minnətdar olduqlarını, sağlığına duaçı olduqlarını da dönə-dönə dedilər...
Bütün danışıqlardan sonra yuxarıdan gələn yoxlama onların daha lazım olmadıqlarını, artıq çıxıb bayırda gözləmələrini yüngül bir dillə ərz elədi.
Soltan müəllimdən sənədlər istədi ki, həqiqətən də bu adamların pulları yeyilməyib, alıblar haqları olanı.
Direktor bunu gözləyirmiş kimi on il bundan qabağın toz basmış sənədlərindən tutmuş dünənin-sırağagünün dəftər kitabına qədər hər şeyi açdı, tökdü qabağına. Yuxarıdan gələn yoxlama uzun çəkən axtarışdan heç bir nəticə əldə etmədi Soltan müəllimə qarşı. Burada hər şeyin qaydasında olduğuna dair protokol tərtiblədi. Bunları gedib haradan gəlmişdi, orada da deyəcəkdi güman...
Yuxarıdan gələn yoxlamanın xoşluqla getməsinə sevinən Soltan müəllim həmən dəqiqə ondan vəd etdiyi pulu uman işçilərini töhmət verib iti qovan kimi qovacağıyla hədələdi...
- Qardaşım deputatdır ha! Sakitcə, dilinizi dinməzinizə qoyub taleyinizə boyun əyin! Yoxsa uduzan siz olacaqsınız!... Yaxşı, yaxşı... İndi isə düşün qabağıma, gedirik mənim bağımda ağacların dibini belləməyə...
İşçilər qabaqda ol arxada... Sanki naxıra mal aparırdı...
Sevinirdi Soltan müəllim. Sevinirdi. Bu dəfə bəlkə ilk dəfəydi ki, deputat qardaşın əli və adı olmadan bir iş bacarmışdı, bir adam yola salmışdı, hə, ilk dəfəydi...
18-22 fevral 2013