Universitet rektoru qaçdı

Azərbaycan Texnologiya Universiteti

-

Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində külli miqdarda korrupsiya halı aşkarlanıb.

Faktla bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları araşdırmalara başlayıb.

Bu barədə ANSPress məlumat yayıb. Portalın universitet məzunlarına istinadən yazdığına görə, rektor Akif Süleymanov tələbələr adına saxta təqaüd kartları açıb.

Məlumatı universitetin rektor əvəzi Rövşən Əliyev də təsdiqləyib. Bildirib ki, bu ilin əvvəlində Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını yoxlamağa başlayıb:

«Universitetin rektoru Akif Süleymanov baş mühasiblə əlbir olaraq «Kapitalbank»ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci ildən başlayan bu proses bu ilin mayınadək davam edib».

Akif Süleymanovun harada olduğunu isə universitetdə bilən yoxdur. Onun son olaraq Bakıda müalicə aldığı deyilib. Onun ölkədən qaçdığı ehtimal edilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Akif Süleymanov 2013-cü ildə Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.