-
Sizin brauzer HTML5-i dəstəkləmir
«Amerikada yaşayan vaxt beynimə dəlisov bir fikir gəldi ki, bu kitabı mən yazacağam».
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına ABŞ-da Azərbaycan mətbəxi barədə kitab yazan Fəridə Buyuran söylədi.
«DƏLİSOV İDEYA» BELƏ DOĞULDU:
Onun sözlərinə görə, ABŞ-da çoxlu kulinariya kitabı satılır: «Bu, çox xoşuma gəlirdi. Müxtəlifmillətlərin, etnik azlıqların, xarici ölkələrin mətbəxləri orda gözəl təmsil və təbliğ olunur. Gözüm Azərbaycan haqqında kitab axtarsa da, tapa bilmirdim. Ən yaxşı halda, bəzi kitablarda Azərbaycan mətbəxindən bir neçə reseptə rast gəlirdim. O vaxt beynimə dəlisov bir fikir gəldi ki, bu kitabı mən yazacağam!.. Doğrudan da, dəlisov fikir idi, axı heç vaxt kulinariya kitabı yazmamışdım. Aşpaz da deyildim, biş-düş təcrübəm də yox idi. Amma... belə birinam yarandı içimdə».
«ANCAQ YEMƏYİ BİLİRDİM»
Fəridə xanım kitabı 7 ilə yazdığını bildirdi: «Bakıda yaşayanda, heç vaxt yemək bişirməzdim, anam bişirərdi. Yeməyə marağım böyük idi, ancaq yeməyi bilirdim... Düzdür, kulinariya kitablarını vərəqləməkdən zövq alırdım, amma bişirməyə cəsarətim çatmırdı. Yemək reseptləri toplayırdım. Bir dəftərim vardı, harada nə eşidirdim, ora yazırdım. Reseptləri toplamaq, onları oxuyub-vərəqləmək mənə maraqlı gəlsə də, heç vaxt bişirmirdim».
«AMERİKA YEMƏK BİŞİRMƏYƏ HƏVƏS OYATDI»
Fəridə xanım ailə qurub Amerikaya köçəndən sonra yemək bişirməyə həvəsləndiyini söylədi: «Kitabı yazmağa girişərkən, ən vacib proses reseptlərin toplanması idi. Düzdür, anam yaxşı bişirirdi, amma bütün regionların yeməklərini bilmirdi. İlk reseptləri anam mənə verdi. Ordubad və Zaqatala-Balakən yeməklərinin reseptlərini. Sonra başladım Bakıdakı dostlardan, qohumlardan, qonşulardan soruşmağa. Onlar da başladılar öz dostlarından yeni yemək reseptləri istəməyə. Beləcə, zəncirvarı proses başlandı. Hamı mənə resept göndərirdi. İstəyirdim ki, Azərbaycanın bütün bölgələrinin yeməklərini əhatə edim. Mətbəximiz çox gözəldir və araşdırdıqca görürdüm ki, sən demə, mənim bilmədiyim, eşitmədiyim qəribə, ləzzətli yeməklər varmış. Bunların hamısını kitab üçün yığdım. Və 7 il ərzində bu kitabı yazdım! 2014-cü ilin oktyabrında kitab ABŞ-da işıq üzü gördü».
«BAKI PAXLAVASI 7 CƏHDDƏN SONRA ALINDI»
Fəridə xanım ikinci prosesin resept əsasında yeməklərin bişirilməsi olduğunu gülərək söylədi: «Başladım bütün reseptləri bir-bir sınaqdan keçirməyə. Ailə üzvlərim səbirsizliklə bu kitabın yazılıb qurtarmasını gözləyirdilər. Çünki bişirdikcə, yemək alınmayanda da, onları dadına baxmağa məcbur edirdim. Axı bilmək istəyirdim harada düz etmədiyimi... Reseptlərdəki yeməklər yaxşı alınanda, onların şəklini çəkirdim. Elə resept var, onu dəfələrlə bişirmişəm. Məsələn, Bakı paxlavası 7 cəhddən sonra alındı. Bu reseptdə hər qram, hər ölçü vacibdir. Amerikalılar da o reseptləri bəyənirlər ki, orda hər şey dəqiq yazılır. Beləliklə, 250 resept yığıb bişirdim. Amma kitab böyük alınmasın deyə, reseptlərin sayını azaltdım. Təxminən 200 resept var kitabın birinci tirajında. Sonra növbəti mərhələlər başladı - redaktə, dizayn və s.».
KİMLƏR DƏSTƏK OLDU?
«Kitabın çapında kimlər sizə dəstək oldu»sualını verilişin bələdçisi belə cavabladı: «Hər dəfə yeni resept gələndə, elə bilirdim məni dəstəkləyənlər var. İnsanlar məni ruhlandırırdılar. Bunlar çox vacib idi. Kitab artıq hazır olanda, kitabın biznes layihəsini bir neçə nəşriyyata təqdim etdim, axı yaşadığım ölkədə bir kitabı çap etdirmək çox böyük maddi dəstək tələb edir. Mən təkbaşınaydım. Təəssüflər olsun ki, nəşriyyat evləri «yox» cavabı verdilər. Dedilər, Azərbaycan mətbəxi çox geniş yayılmayıb, kiçik bir coğrafi bölgədir və s. Amma mən özümə söz vermişdim ki, bu işi axıra çatdıracağam. Özüm işə girişdim. Axırıncı mərhələdə anladım ki, çox böyük maddi dəstək tələb etdiyinə görə, bunu bacarmayacağam. SOCAR-a müraciət etdim. Onlarbirinci nəşrin böyük xərclərini öz üzərilərinə götürdülər. Kitabın ikinci nəşrinə Azərbaycanın ABŞ-dakı səfirliyi dəstək oldu».
SACİÇİ... MEHRİBANXANIMIN SON RESEPTİ...
Fəridə xanım kitabın üzqabığındakı yeməyin tarixçəsindən də danışdı: «Bu, saciçidir. Saciçinin bir növüdür. Sousla bişirilib. Bu resepti mənə Mehriban Əlizadə adlı bir xanım vermişdi. Mənim vebsaytıma yazmışdı ki, sizin saytınızı çox bəyənirəm. Dostlaşdıq. O mənə bu resepti göndərdi, bişirdim. O qədər xoşuma gəldi ki, dedim, kitabın üzqabığına qoyacağam. Çox sevindi. Təəssüf ki, kitabı görə bilmədi, bir neçə il öncə rəhmətə getdiyini öyrəndim».
«KİTAB AMERİKADA İNTERNETLƏ SATILDI»
Fəridə xanım ilk tirajın az olduğunu diqqətə yetirdi: «Cəmi min ədəd çıxmışdı. Odur ki, internetlə satışa çıxardım. Kiçik bir hissəsi isə Bakının kitab mağazalarında satılırdı. Birinci tiraj satılıb qurtarıb. İndi ikinci tiraj satışdadır. Bəzi reseptləri əlavə etmişəm. Etnik azlıqların,məsələn, Lahıcdan, dağ yəhudilərinin mətbəxindən bir neçə yemək resepti var. Azərbaycan yeməklərinin zənginliyini - təkcə türk deyil, həm də başqa etnosların yeməklərinin olduğunu göstərmək istəyirdim. İkinci nəşrdə fotoları daha da böyüdüb-gözəlləşdirdik. Bakıya az kitab gətirirəm, çünki hədsiz baha başa gəlir... İndi Bakı mağazalarında ikinci kitab satışdadır».
KİTAB BİR MÜSABİQƏNİN QALİBİ OLUB
Fəridə xanım kitabının artıq bir müsabiqədən qalib çıxdığını da bildirdi: «Bir neçə müsabiqəyə təqdim etdim - Amerika daxilindəki müsabiqələrə və dünya müsabiqəsinə - «Gourmand WorldCookbook Awards»a. Amerika müsabiqələrində uğur qazana bilmədim. Yazdılar ki, kitabınız çox gözəldir, siz Top-10-luqdaydınız. Udmasam da, bu, mənə təsəlli oldu. Amma dünya mətbəxi müsabiqəsində Şərqi Avropa mətbəxi bölümündə qalib gəldim. İyunda müsabiqənin növbəti mərhələsi keçirildi - udanlar arasında və mənim kitabım orda jürinin ən bəyəndiyi kitablardan oldu. Çox sevindim».
GƏLƏCƏKDƏ...
Fəridə Buyuran gələcək planlarını da AzadlıqRadiosuna bölüşdü: «Hazırda elə bir məqamdayam ki, bilmirəm neyləyim... Bir neçə fikrim var. İstərdim ki, orda bir televiziya proqramım olsun. Amma Amerika TV-sində göstərilmək çox çətin məsələdir. Bu, bir arzudur. Gerçəkləşəcək, ya yox, bilmirəm. Yəqin, nə isə etməliyəm ki, arzum gerçək olsun. İstərdim gələcəkdə jurnallarım çıxsın, daha çox kitab yazım. İşimə davam edəcəyəm».
KEÇMİŞDƏ...
Aparıcının «Amerikada heç çalışmadınızmı» sualını Fəridə xanım belə cavabladı: «İşlədim. Mən orda təhsil də aldım. Bakıda Dillər Universitetini ingilis-fransız dili üzrə bitirmişdim. Magistr təhsili də almışdım - ingilis-amerikan ədəbiyyatı üzrə. Sonra ailə qurub Amerikaya köçəndən sonra çoxdankı xəyalımı gerçəkləşdirdim - biznes üzrə ikinci magistr təhsili də aldım. Bir müddət həyat yoldaşımın şirkətində çalışdım. Daha sonra başqa bir şirkətdə layihə meneceri oldum. Həmin vaxt həm kitabı, həm də iki dildə bloq yazırdım, vebsaytım vardı. Bir neçə il öncə başa düşdüm ki, hər şeyi eyni anda etmək yaxşı deyil. İşdən ayrılıb özümü kitaba həsr etdim».
«BİZİMLƏ DAHA ÇOX OYNARSAN!»
Verilişin bələdçisi ailəsindən də söz açdı: «İki uşağım var - bir oğlan, bir qız. Qızım 12 yaşındadır, oğlum 8. Kitabı yazdığım dönəmdə uşaqlardan çox kitaba vaxt ayırırdım. Ona görə, onlar deyirdilər ki, kitab qurtarandan sonra bizimlə daha çox oynarsan. Kitabın çapına və müsabiqədə qalib gəlməsinə onlar da çox sevindilər».
UŞAQLAR BAKIDA NƏYİ BƏYƏNİR, NƏYİ YOX?
Fəridə xanım bu suala belə cavab verdi: «Qızım artıq mədəniyyətlər arasındakı fərqləri görə bilir. Mənə deyir ki, burda qadınlara daha çox təzyiq edirlər – «belə etməyin, elə edin» tipli. Bir də heyvanlara münasibəti bəyənmir. Deyir, burda heyvanları çox sevmirlər, oradakı qədər. Ən çox bəyəndiyi həyətdə oynamaqdır. Çünki Amerikada həyətdə oynamaq deyilən şey yoxdur, oynamaq üçün harasa getməlisən. Burda rəfiqələri var. Onları da çox sevir».
«QOYUB GETDİYİM BAKI DEYİLDİ...»
Fəridə xanım 14 illik ayrılıqdan sonra Bakı həsrətindən də söz açdı: «Axırıncı dəfə Bakıda iki il əvvəl olmuşam. İki ilə elə bir dəyişiklik hiss etmədim, amma 2013-cü ildə gələndə olmadığım 4 ildə böyük dəyişikliklər gördüm... Qoyub getdiyim Bakı deyildi. Fikrimcə, köhnə küçələri, binaları olduğu kimi buraxsaydılar, daha yaxşı olardı. Ortada bir Bakının olmasını istərdim. Onda Bakının ruhu ölməzdi. Hazırkı Bakı başqa ruhlu Bakıdır. Mən burda doğulmuşam, boya-başa çatmışam. Babalarım-nənələrim Ordubadlı olub».
KALİFORNİYA İLƏ BAKI ARASINDA FƏRQ...
Kaliforniya ilə Bakı arasındakı fərqi Fəridə xanım belə gördü: «Orda evin içini deyil, çölünü də fikirləşirlər. İstəyirlər hər yer təmiz olsun. Bakıda insanlar qapalıdırlar və öz evlərinin içini düşünürlər. Bir bərbad halda olan bina görürsən, içəridə gözəl mənzillər... «Yığışıb o binanı rəngləyək, ətrafı abadlaşdıraq» kimi istək və təklifləri olmur... Hər şeyi başqasından umurlar. Amerikalılar belə deyil».
«ABİDƏLƏRİN AVROTƏMİRƏ EHTİYACI YOXDUR!»
İki şəhər arasında tarixi abidələrə münasibəti də qonağımızdan soruşduq: «Oranın tarixi qısa olduğuna görə, abidələri elə də zəngin deyil. Amma olanın qədrini bilirlər, bizsə əksinə, tarixi abidələrlə zəngin olsaq da, onları lazımınca qiymətləndirmirik. Bizdə tarixi abidələrin gözəlləşdirilməsi, rənglənməsi, ağardılması xariciləri şoka salır... Abidələr olduğu kimi qorunmalıdır. Bakıda abidələrə münasibəti bəyənmirəm. Bu, orada baş verməzdi. Abidələrin avrotəmirə ehtiyacı yoxdur!».