Anasına cinayət işi açdılar

Taleh Xasməmmədov

.

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anasına cinayət işi açılıb.

Bu barədə onun anası Gülbuta Xasməmmədova özü AzadlıqRadiosuna məlumat verib.

O bildirib ki, Göyçay polisi əməkdaşlarının özbaşınalığından şikayət edib, əvəzində özünə qarşı cinayət işi açılıb.

İyulun 22-də Göyçay məhkəməsi Taleh Xasməmmədovu 3 il azadlıqdan məhrum edib.

Oğlunun məhkəmə zalından azadlığa buraxılmadığını görən Gülbuta Xasməmmədova polislərə etiraz edib:

“Orda 30-a yaxın polis vardı. Dedim ki, əvvəldən bizi aldada-aldada bu yerə gətirib çıxardınız. Onlar bizə deyirdilər ki, məhkəmədə verdiyimiz ifadəni təkzib edəcəyik, Talehin günahsız olduğunu deyəcəyik. Bizə demişdilər ki, nə media, nə də beynəlxalq təşkilatlarla əlaqə saxlamayın, hər şey yaxşı olacaq. Bu zaman üzəduran polis Vahid Həşimov mənə hücum etdi. Özü də xidməti geyimdə deyildi. Məni söydü. Onu vurmaq istəyəndə kapitan İslam İslamov qolumdan tutub məni məhkəmə zalında sürüdü. Mənə əli ilə əxlaqsız işarələr etdi”

Mən kiçik damın altında 15 nəfərlik ailə dolandırıram. Çörəkgətirənimiz Taleh idi, onu da həbs etdilər. İndi mənə cinayət işi açıblar.

Gülbuta Xasməmmədova əlavə edir ki, bunları müşahidə edən polis rəisinin müavini tabeliyində olanlara raport yazmağı və “bütün Xasməmmədovları həbs etməyi” əmr edib.

Gülbuta Xasməmmədova deyir ki, evə qayıdandan sonra DİN-ə şikayət edib. İki gün əvvəl yerli polis bölməsinin müstəntiqi Xasməmmədovadan onun şikayəti ilə bağlı ifadə alıb və eyni zamanda bildirib ki, ona qarşı “güc tətbiq etməklə polisə müqavimət göstərmək” ittihamı ilə araşdırma başlanıb.

Gülbuta Xasməmmədova oğluna hökm oxunandan sonra bir neçə gün əvvəl oğlu ilə görüşüb, onu məsələdən agah edib. Oğlununsa cavabı sadə olub:

“Bunlardan hər şey gözləmək olar”.

Vəkil tutmağa belə imkanı olamayan 58 yaşlı ana isə ümidini prezident ailəsinə bağlayıb:

Gülbuta Xasməmmədova

“Başa düşmürəm, niyə bizə qarşı belə qanunsuzluq və ədalətsizlik edirlər. Mən kiçik damın altında 15 nəfərlik ailə dolandırıram. Çörəkgətirənimiz Taleh idi, onu da həbs etdilər. İndi mənə cinayət işi açıblar. mətbuat vasitəsilə prezident İlham Əliyevə və onun həyat yoldaşı Mehriban Əliyevaya müraciət edirəm. Ailəmizə qarşı bu özbaşınalığı dayandırmağı xahiş edirəm”, - deyə Xasməmmədova bildirib.

Bu ittihamlara Göyçay polisinin ətraflı münasibətini öyrənmək mümkün olmadı. Telefonu qaldıran növbətçi "deyəsən xuliqanlıq maddəsi ilə cinayət işi açılıb" deyərək iş vaxtı bitdiyi üçün əlavə məlumat verə bilməyəcəyini dedi.

Taleh Xasməmmədov bu ilin fevralında xuliqanlıq ittihamı ilə həbs edilib, sonradan üç il müddətinə azadlıqdan məhrum edilib. Həbsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

Xasməmmədov Göyçay-Ucar bölgəsində hüquq müdafiə fəaliyyəti ilə məşğul olur, yerli hakimiyyət orqanlarını vətəndaşların hüquqlarını pozmaqda ittiham edirdi.