- "Super cümə axşamı" satılan kitablar camaata “Yolkanın altına qoymağa düzbucaqlı hədiyyə” kimi təqdim olunur.
Bir gündə 500 kitab
Əyləncə ədəbiyyatını bir yana qoysaq, Azərbaycan kitab bazarını diriltməyə qadir bir ciddi janr var – məşhur adamların memuarları.
Müxtəlif sahələrdə karyera qurmuş, yaşı 50-ni keçmiş azərbaycanlılar memuar yazmağa gərək hiss etmirlər. Memuar yazmaq mədəniyyəti formalaşmayıb. Böyük bir həyat materialı ortalıqda itib gedir. Mənbələr yoxdur. Dövlətin mövqeyindən yazılan tarix var, şəxslərin yazdığı müasir tarixçələr yoxdur.
Ancaq bacarıqlı bir naşirin onlarla görüşməsi, yazmaq üçün istiqamət verməsi, memuar yazmağın onlara maddi qazanc da gətirəcəyinə inandırması yetər ki, bu möhtəşəm iş baş tutsun, potensial itib-getməsin.
Məşhur adamların memuarları inkişaf etmiş ölkələrdə də kitab bazarının əsas hissəsini tutur.
Məsələn, bu il - 8 oktyabrda, cümə axşamı Britaniyada kitab bazarına bir gündə 500 adda kitab çıxacaq. Buna “Super cümə axşamı” deyirlər.
Həmin kitabların demək olar ki, hamısı ABŞ-da, Britaniyada müxtəlif sahələrdə məşhur olan adamların memuarlarıdır.
Siyahıda siyasətçilərin yazdığı memuarlar da var, müğənnilərin də, televiziyada 20-30 il tanınan yemək verilişi aparıcısının yazdığı memuar da.
Kitablar bazara ona görə ilin sonları çıxarılır ki, onlar Mövlud və Yeni il bayramlarına hədiyyə kimi nəzərdə tutulur. "Super cümə axşamı" satılan kitablar camaata “Yolkanın altına qoymağa düzbucaqlı hədiyyə” kimi təqdim olunur. Artıq "Bayram kitabları" haqda xəbərlər mətbuata çıxmağa başladı.
Bayram hədiyyəsi kimi buraxılacaq bu kitabların arasında memuarlarla yanaşı, məşhur insanlar haqda maraqlı yazılmış bioqrafiya kitabları da, uşaq kitabları da var.