Zamin Hacı. Azərbaycanın biabırçı oyuncaq statistikası

Zamin Hacı

- Fənəri əridib ondan hər şey qayırmaq olar. Amma hər şeydən artıq onu sıxan bu idi ki, ona məlum deyildi: bir zaman küçə fənəri olduğunu yada sala biləcək, ya yox?

(Hans Kristian Andersen,
“Köhnə küçə fənəri”)
Zamin Hacı
Oyuncaq hekayəsi
Mən onun haqqında hələ uşaqlığımda eşitmişdim. Ya da oxumuşdum, dəqiq yadımda deyil.
Polyak uşaq həkimi və müəllim olub, faşistlər Polşanı tutanda,onun yəhudi şagirdlərini Auşvits (Osvensim) ölüm düşərgəsinə aparanda uşaqları atmayıb, birlikdə ölümə gedib.
Hətta alman zabitlərdən biri vaxtilə onun kitablarını oxuyubmuş, o üzdən iki dəfə ölüm qatarını tərk eləməyə şərait yaradıb, amma müəllim ölümə getdiklərini bilməyən şagirdlərini atmayıb, onlarla birgə qaz kameralarında həlak olub.
Söhbət görkəmli pedaqoq Yanuş Korçakdan gedir. Hər bir müəllim, ümumən insan üçün örnək həyatın yiyəsi olan bu adam təəssüf ki, yaxınlara qədər bizə çox az məlum idi.
Sovet hökumətinin belə gicbəsər senzura hərəkətləri vardı. Adamın adını çəkərdilər, amma əsərini oxumağa qoymazdılar.
Örnək üçün, Engelsin “Anti-Dürinq” əsəri az qala uşaq bağçasında da keçilirdi, amma bu yazıq Dürinq kim olub, nə qələt eləyib - kimsə bilmirdi.
Sevindirici haldır ki, “Alatoran” nəşriyyatı təzəlikcə Yanuş Korçakın “Bir də balaca olsam” kitabını bizim dildə çap edib. Oxuyub məmnun oldum, uşaqlara münasibətimdə xeyli yanlışlarımı öyrəndim.
Elə kitabı bitirdiyim günlərdə 6 yaşlı oğlumla kiçik anlaşılmazlıq yaşadıq. Bu yazını o səbəbdən yazıram.
Uşağa oyuncaq almışdım, həyətə apardı, itirdi. Dediyinə görə, hansısa uşaqlar oğurlamışdı. Mən ona inanıram, eyni zamanda oğurluğu sübut eləyə bilmədim.
Əvəzində onu danladım, bir oyuncağa yiyə dura bilmədiyini dedim. Oyuncağı itirdiyindən çox mənim kobud danlağımdan pis olmuşdu. O, yatdı, amma mən elədiyim hərəkəti düşünüb xeyli peşman oldum.
Məsələn, fikirləşdim ki, uşağı danlamağa, nəyəsə yiyə durmamaqda qınamağa zərrəcə haqqım yoxdur. Çünki uşaq vətənimizin 20 faizini yadelli, 80 faizini də “özelli” düşmənə verdiyimi anlasa mənim üzümə tüpürərdi.
Ümumiyyətlə, almanın, fransızın, ingilisin, yəhudinin, lap elə qonşumuz gürcünün öz uşağını danlamaq haqqı var, bir azərbaycanlı böyükdə, valideyndə bu haqq qətiyyən yoxdur.
Özümüz hansı keyfiyyətli ölkə qurmuşuq ki, uşaqlardan da nəsə umaq?
İkinci tərəfdən, əgər oyuncağı oğurlayan varsa, deməli bunu arzu edən uşaq varmış. Mən haçan başqa uşaqlara oyuncaq alıb verdim? Demək olar barmaq sayı qədər.
Mənim, başqa azərbaycanlıların uşaqlarının nəinki oyuncaq alması, ümumən sağ qalması uğrunda mübarizə aparan, zindana düşən Rəşadət Axundovu, İlqar Məmmədovu, Tofiq Yaqublunu, Yadigar Məmmədlini düşündüm. Fikirləşdim bu adamlar öz uşaqlarını görməyə həsrətdir, mən isə eqoistcəsinə oğlumun oyuncağını axtarıram.
İşin statistik tərəfi də mənə maraqlı gəldi. Kiçik araşdırma apardım, azərbaycanlı uşaqların oyuncaq həsrətlisi olmasının səbəblərini, faciəvi durumu aşkara çıxardım. Buyurun, siz də o biabırçı oyuncaq statistikası ilə tanış olun.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-may aylarında Azərbaycana cəmi 626 min dollarlıq oyuncaq idxal edilib. Bizdə oyuncaq istehsalı yoxdur, o üzdən bu rəqəmi əsas götürək.
Dünya standartına görə, oyuncaq ancaq 0-14 yaş arası uşaqlara alınan əşyadır. Bu yaşdan olan adam sayı yenə DSK-nın məlumatına görə (2009-cu ildə) 2 milyon 153 min olub. İlin 5 ayı ərzində alınan oyuncağı bu uşaqların arasında bölsək orta hesabla hər uşağa...
0,29 sent dəyərində - 30 qəpiklik oyuncaq düşür. 12 aya, yəni 1 ilə hesablasaq orta statistik azərbaycanlı uşağın oyuncaq pulu cəmi 72 qəpikdir!
Biz uşağa ildə heç 1 manatlıq oyuncaq almırıq, təsəvvür edirsinizmi bu nə deməkdir? Boz, mənasız, sevincsiz uşaqlıq deməkdir. Oyunlarla məntiq, toxunuş, rəng, musiqi duyumu, inkişaf, riyaziyyat və sairədən uzaq olmaq deməkdir.
Müqayisə üçün başqa dövlətləri də verim, özünüz nəticə çıxarın. Dünyada uşağa il ərzində orta hesabla ən çox oyuncaq xərci çəkənlərdən biri avropalılardır: 121 dollar.
ABŞ-da isə valideynlərin illik oyuncaq xərci 242 dollardır. Bu rəqəm uyğun olaraq Britaniyada 280 dollar, Fransada 255 dollar, Yaponiyada isə lap ağlasığmazdır: 305 dollar!
İldə 72 qəpiklik oyuncaq alınan azərbaycanlı uşağın ildə 305 dollarlıq oyuncaq alınan yaponun uşağından ağıllı olacağını gözləmək debillikdir.
"Yeni Müsavat"
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir