- Yaşı iki yüz əllini keçmiş ağac haqqında düşünərkən yanında bir polis maşını dayandı. Maşından iki polis düşdü. Polislərdən biri ona sual verdi: "Kimsən sən?"
Seymur Baycan
Yaxşı padşahın təlxəyi
Biri var idi, biri yox idi, bir yaxşı padşah var idi. Padşah öz ölkəsini çox ağılla, ədalətlə, mərhəmətlə idarə edərdi. İmkan verməzdi heç kim heç kimi incitsin.
Varından, dövlətindən, vəzifəsindən asılı olmayaraq, kasıb oldu, varlı oldu hamıya eyni gözlə baxardı. Ayda bir dəfə paltarını dəyişib hamıdan gizli adi adam kimi ölkəsini gəzib adamların necə yaşadığını, nəylə məşğul olduqlarını, nə yediklərini, nə içdiklərini özü öyrənirdi.
Hər hansı bir əyər-əksikliklə qarşılaşsaydı, saraya qayıdan kimi tapşırıq verib problemləri həll edərdi. Hər hansı cinayət hadisəsi baş versəydi, hadisəni şəxsi nəzarətinə götürərdi.
Padşah həm də çox səxavətli idi. Hamıya əl tutardı. O, həssas adamları çox sevərdi. Harda bir həssas adam görərdisə, həmin adama öz xəzinəsindən təqaüd kəsərdi.
Hər adamın bir xüsusi əyləncəsi olduğu kimi, yaxşı padşahın da özünəməxsus əyləncəsi vardı. Padşah ayda bir dəfə sarayın baş yazıçısına təlxək paltarı geyindirib sirkə göndərərdi.
Padşahın yaltaq adamlardan zəhləsi gedirdi. Yaltaq adamlar həm də xəyanətkar olurlar. Sarayın baş yazıçısı padşaha dayanmadan hər fürsətdə yaltaqlanardı.
Onun şəninə romanlar yazardı. Bu romanlarda padşahı çoxluca tərifləyərdi. Sarayın baş yazıçısı bundan əvvəlki padşahların da dövründə sarayın baş yazıçısı olmuşdu.
Bundan əvvəlki padşahlara da yaltaqlanaraq onların şəninə romanlar yazmışdı. Yaxşı padşah xəyanətkar adamları sevmirdi.
O, bilirdi ki, bu gün başqasına xəyanət edən adam sabah onun özünə də xəyanət edəcək. Bu gün ona yaltaqlanan adam sabah da başqasına yaltaqlanacaq.
Sarayın baş yazıçısının sirkə göndərilməsindən padşahdan və yazıçının özündən savayı heç kim xəbər tutmurdu. Tamaşanın başlanmasına bir saat qalmış yazıçı gizli otaqda qrimlənib təlxək paltarı geyinib onu sirkə aparacaq maşını gözləyirdi.
Sürücü sirkə apardığı bu adamın kimliyindən xəbərsiz idi. Sirkdə də heç kim bu təlxəyin əslində kim olduğunu bilmirdi. Heç kim qorxusundan təlxəyə artıq-əksik sual vermirdi. Çünki bu təlxəyi saraydan birbaşa sirkə padşahın özü göndərmişdi.
Burda sarayın baş yazıçısını arenaya çıxarırdılar. Öyrədilmiş itlər onun üstündən o tərəfə, bu tərəfə tullanırdılar. Sonra öyrədilmiş itlər təlxəyin belinə minirdilər.
Təlxək belində öyrədilmiş itlər iməkləyə-iməkləyə arenada gəzişirdi. Yanan dairənin içindən o tərəf-bu tərəfə tullanırdı. Dombalaq aşırdı.
Dombalaq aşdıqda boynundan asılmış zınqırovdan çıxan səslər ətrafa yayılardı. Zınqırovun səsi bir neçə gün onun qulaqlarından getmirdi. O nə etsə də, hansı pozada yatsa da, nə yesə də, nə oxusa da, nə yazsa da zınqırovun səsini qulaqlarından çıxarıb qova bilmirdi.
O, bu hoqqaları çıxarmağa, təlxək olmağa məcbur idi. Başqa cür mümkün deyildi. Axı o, necə təlxək olmasın? Padşahdan çoxlu hədiyyələr almışdı. Oğlu sarayda qulluq edirdi.
Ümumiyyətlə, yazıçı saraya öyrəşmişdi. O, artıq saraydan kənarda heç bir yerdə yaşaya bilməzdi.
İnsafən o, təlxəkliyi yaxşı bacarırdı. Qısa vaxtda təlxəklik sənətinin bir çox bicliklərini mənimsəmişdi. Sanki anadan təlxək doğulmuşdu. O, öyrənmişdi ki, yaxşı təlxəx olmaq üçün savada, ağıla bir o qədər də ehtiyac yoxdu.
Burda əsas məsələ özünü bacardıqca alçaltmaqdır. Gic-gic danışmaqdır. Nə qədər özünü alçaltsan, nə qədər gic-gic danışsan, təlxək kimi bir o qədər də tez uğur qazanacaqsan.
Uşaqlar onu çox sevirdilər. Yazıçı səhnəyə çıxan kimi uşaqlar sevinir, əl çalırdılar.
Elə təlxəyin ilk sözünə, ilk hərəkətinə uğunub gedirdilər.
Sirkdəki başqa təlxəklər onun tez bir zamanda belə uğur qazanmasını həzm edə bilmirdilər. Onun paxıllığını çəkməyə başlamışdılar.
Yazıçı başa düşə bilmirdi ki, uşaqlar niyə onun hərəkətlərinə başqa təlxəyin hərəkətlərindən daha çox gülürlər. Axı sirkdə daha bacarıqlı və daha təcrübəli, daha istedadlı təlxəklər vardı.
Bəlkə uşaqlar onun belə acınacaqlı vəziyyətə düşməsinə gülürlər. Axı uşaqlar hər şeyi hiss edirlər. Onun təlxəklik etməsini özündən və padşahdan savayı heç kim bilməsə də, yazıçı özünü çox narahat hiss edirdi.
Ona hər zaman nədənsə elə gəlirdi ki, onun təlxəklik etməsindən saraydakılar, öz ailəsi, qohumları, tamaşaçılar, oxucular, bir sözlə hamı xəbərdardı. Lakin özlərini bilməməzliyə qoyurlar.
O, sirkdən qayıdanda gizli otağa gedər, rəngbərəng təlxək paltarını soyunar, üzündəki boyaları ciddi cəhdlə silər, ətirlənib təzədən öz paltarını geyinərdi.
Evə getdikdə ailə üzvlərinin, xüsusən kiçik oğlunun üzünə diqqətlə baxardı. Onların hər bir sözünü, hər bir hərəkətini içində analiz edib düşünərdi.
Görəsən, mənim təlxəklik etməyimdən xəbərləri var? Görəsən onlar mənim təlxəklik etməyimdən xəbər tutsalar, bunu necə qarşılayarlar?
Axı mən özümü onların rahat yaşaması üçün alçaldıram. Axı mən onların yaxşı geyinməsi, yaxşı gəzməsi, əylənməsi üçün yaltaqlanıram. Bunu onlar başa düşməlidirlər.
Bir dəfə işin tərsliyindən evdə təlxəklərdən söhbət düşdü. Böyük oğlu təlxəklərin həyatından bəhs edən bir romanı oxumuşdu. Romanın mövzusu, süjeti ona çox təsir etmişdi.
Atası ilə bu roman haqqında söhbət etmək istəyirdi. Romanda yazılmışdı ki, hamını güldürən təlxəklər əslində çox kədərli adamlar olurlar. Onların həyatı şəxsi faciələrlə doludur.
Ata oğlunun söhbətini qəzəblə kəsdi. Oğul isə niyə atasının birdən-birə belə qəzəblənməsini başa düşmədi. Atasının bu hərəkətini qocalığa yozdu.
Bu hadisənin ardınca evdə daha bir hadisə baş verdi. Nəvəsinin ad günü yaxınlaşırdı. Qızcığaz təlxək istəyirdi. İstəyirdi ki, ad günündə evə təlxək gəlsin. Onu əyləndirsin.
Ad gününü təlxəklə bir yerdə keçirsin. Yazıçı sevimli nəvəsinin istəyini qətiyyətlə rədd etdi. Qışqıraraq dedi ki, bu evə heç bir təlxəyin ayağı dəyməyəcək.
Nə ad günündə, nə də başqa gündə. Bu, əxlaqsızlıqdı. Yazıçının belə qəzəblənməsini ailə üzvləri bir qram da başa düşmədilər.
Yenə də hər şeyi qocalığın üstünə yıxdılar. Onlar eşitmişdilər ki, yazıçılar qocalanda çox deyingən, dözülməz adam olurlar. Hər bir hərəkət onları qıcıqlandırır.
Əbəs yerə hər şeyə əsəbləşirlər. Öz kaprizləri ilə hamıya əziyyət verirlər. İmkan vermirlər ətrafdakılar rahat nəfəs alsınlar...
Bir gün sarayın baş yazıçısı qərar verdi. Yetər! Daha təlxək paltarı geyinib, boynuma zınqırov bağlayıb sirkdə dombolaq aşmayacam. Uşaqları qoy başqaları güldürsünlər. Qoy başqaları təlkxəklik etsinlər. Mən yazıçıyam.
Mənim oxucularım var. Mən azadlıqdan, sevgi-məhəbbətdən, ədalətdən, ləyaqətdən əsərlər yazmışam. Daha təlxək paltarı geyinməyəcəm.
Qoy nə olursa olsun, lap istəyirlər məni hamının gözü qarşısında edam etsinlər. Mən də insanam. İnsanı alçaltmaq olmaz. Heç kim məni təhqir edə bilməz. Mənim şərəfim var...
Lakin onun sirkə aparacaq maşının gəlməsinə bir saat qalmış həyəcanı, qorxuları artmağa başladı. Qorxudan onun ürəyi bulandı.
Əgər təlxəklik etməsə padşahı qəzəbləndirər. Padşah onu saraydan qovar. Oğlunu qulluqdan çıxarar. Təqaüdünü kəsər. Var-dövlətini əlindən alar.
Bəs o zaman yazıçı necə yaşayacaq? Harda işləyəcək? Övladlarının tələbatlarını necə ödəyəcək? Axı onlar bahalı paltarlar geyinməyə, bər-bəzəyə, əyləncəyə öyrəşiblər.
Onun özü sarayda yaşamağa öyrəşib. Onun atası da sarayda yaşamışdı. Neçə-neçə padşaha qulluq etmişdi. Onların şəninə poemalar, şeirlər yazmışdı. Bu zaman yazıçının beyninə dəhşətli bir sual girdi.
Görəsən, mənim atam da gizlincə təlxək paltarı geyinib təlxəklik edirdimi? Bu sual onu iliyinə qədər sarsıtdı. Necə olub ki, mən bu vaxta qədər bu haqda heç düşünməmişəm.
Bu nə dəşətli sualdı. Yazıçı bu sualdan yaxa qurtarmaq üçün ayağa qalxdı. Üz-gözünü boyayıb başına parik taxıb, əyninə təlxək paltarı geyindi.
Əvvəllər, lap ilk günlərdə o, təlxək qiyafəsinə girməyi çətinliklə bacarırdı. Təcrübəsiz idi. Sadəcə onu tanımasınlar deyə, üz-gözünə bolluca boyalar çəkirdi. Səsini də tamam dəyişərdi.
İndi isə təlxək qiyafəsinə girməyi asanlıqla bacarırdı. Əlləri artıq öyrəşmişdi. Həm də illərlə əldə etdiyi sifətdən-sifətə girmək, lazım gələndə üzünə istədiyi ifadəni vermək, lazım olanda yalandan gülmək, yalandan kədərlənmək təcrübəsi işinə yarayırdı.
Bir gün tamaşadan sonra yazıçını gizli yolla bir restoranın gizli zalına gətirdilər. Sirkin digər təlxəkləri də burda idilər. Padşah isə lap yuxarı başda oturmuşdu.
Təlxəklər yedilər-içdilər. Əyləndilər. Padşahı əyləndirdilər. Ona çoxlu tərif dedilər, padşah məclisin ortasında bütün təlxəklərə öz qiyafələrini soyunmalarını əmr etdi.
Araya sükut çökdü. Təlxəklər qiyafələrini soyunmaq istəmirdilər. Özlərini elə göstərdilər ki, guya heç padşahın sözünü eşitməyiblər.
Padşah əmrini ikinci dəfə təkrar etdi. Bu zaman təlxəklər padşahın qəzəblənəcəyindən qorxaraq, könülsüz-könülsüz qiyafələrini soyunmağa, masanın üstündəki ağ dəsmallarla üzlərindəki boyaları silməyə başladılar.
Ağ dəsmalların hamısı boyalara bulaşdı. Məlum oldu ki, sirkdəki təlxəklərin hamısı şairlər, bəstəkarlar, filosoflar, yazıçılar, rəssamlar, aktyorlar, rejissorlar, professorlar, akademiklər imişlər.
Ən maraqlısı isə o oldu ki, müxalifət partiyalarının liderləri, muxalifətçi deputatlar da, höküməti sərt tənqid edən tarixçi professor da burda idi.
Təlxək qiyafəsindən çıxmış təlxəklər utandıqlarından bir-birlərinin üzlərinə baxa bilmirdilər. Padşah onlardan soruşdu:
Özünüzü təlxək kimi necə hiss edirsiniz?
Hamısı xorla dedi:
Özümüzü təlxək kimi çox yaxşı hiss edirik. Həm özümüz əylənirik, həm də adamları əyləndiririk. Təlxəklik çox gözəl sənətdir. Bizə şərait yaratdığınız üçün sizə sonsuz dərin təşəkkürümüzü bildiririk.
Padşah onların təlxəklik fəaliyyətini yüksək qiymətləndirdi. Adamları güldürməyi bacardıqlarına görə onlara öz minnətdarlığını bildirdi və onların hər birinə sənətlərinə uyğun olaraq qızıldan düzəldilmiş qələm, qızıldan düzəldilmiş rəssam fırçası, qızıldan düzəldilmiş dirijor çubuğu, qızıldan düzəldilmiş eynək bağışladı.
Müxalifət partiyalaının liderlərinə, müxalifətçi deputatlara, höküməti sərt tənqid edən tarixçi professora isə qızıl mikrofon hədiyyə etdi.
Rəssamlar, yazıçılar, professorlar, filosoflar, aktyorlar, rejissorlar, müxalifətçi deputatlar, müxalifət partiyalarının liderləri padşahın bağışladığı qızıl qələmləri, qızıl fırçaları, qızıl dirijor çubuqlarını, qızıl eynəkləri, qızıl mikrofonları alıb, təlxəklik etmək üçün onlara şərait yaratmış padşaha bir daha öz dərin təşəkkürlərini bildirdilər.
Padşah təzədən onlara təlxək paltarı geyinmək əmri verdi. Daha utanmağa gərək yox idi. Şairlər, bəstəkarlar, rəssamlar, filosoflar, professorlar, akademiklər, müxalifətçi deputatlar, müxalifət partiyalarının liderləri təzədən təlxək qiyafəsinə girdilər.
Məclis qızışdı. Yedilər, içdilər, mahnı oxudular. Hər kəs bacardığı qədər padşahı əyləndirdi. Biri padşahı güldürdükdə başqasının həmin adama paxıllığı tuturdu.
Həmin gün məclisdən sonra sarayın baş yazıçısı evə getmədi. O, bir az təmiz havada gəzmək, düşünmək, öz həyatında baş vermiş bir çox hadisələri xatırlamaq istəyirdi.
Elə təlxək qiyafəsində də restorandan çıxıb şəhərin küçələri ilə gəzə-gəzə dəniz sahilinə, bulvara tərəf getdi.
Dənizə baxmaq istəyirdi. Küçədə uşaqlar onu gördükdə sevinirdilər. Gülürdülər. O, siqaret çəkmək istəyirdi.
Mağazaya girdi. Satıcının təlxəklərdən xoşu gəlirdi. Təlxəklə yatmaq satıcının həyatdakı ən böyük arzusu idi. Satıcı ondan pul almadı. Siqareti havayı verdi. Yazıçı isə satıcının ondan pul almamasına tamam başqa məna verdi.
O düşündü ki, yəqin satıcı onu tanıdığına görə siqareti havayı verdi. Satıcının bu hərəkəti yazıçını bərk kövrəltdi və yaddaşını qıcıqlandırdı. Yazıçı öz gənclik illərini xatırladı.
O düşünürdü ki, sarayda da yaşayıb azadlıq, ədalət, ləyaqət, düzlük sözlərinin həqiqi mənasına sadiq qalmaq olar.
O vaxtlar təzə-təzə yazmağa başlamışdı.
Yazılarında ədalət, ləyaqət, azadlıq, düzlük sözlərindən bol-bol istifadə edirdi. Onun əsərlərini oxuyurdular.
O isə zaman keçdikcə hiss edirdi ki, yazılarında ədalət, ləyaqət, azadlıq, düzlük sözlərindən nə qədər çox istifadə etsə də, bu sözlərlə əlaqəsi get-gedə kesilməkdədi.
O, adamları aldadırdı. Hər şeydən əvvəl özü-özünü aldadırdı. Gec-tez həqiqətpərəst insanlar ondan üz döndərəcəkdilər. O düşünürdü ki, sarayda da yaşayıb azadlıq, ədalət, ləyaqət, düzlük sözlərinin həqiqi mənasına sadiq qalmaq olar.
Lakin başqaları kimi o da yanılmışdı. Saray onu udmuşdu. O özünü ağıllı hesab edirdi, lakin sadə bir həqiqəti yaddan çıxarmışdı. Həm sarayda yaşayıb, həm də əsl sənətkar kimi azad olmaq mümkün deyil.
Bir neçə dəfə saraydan uzaqlaşmaq istədi. Özündə buna güc tapa bilmədi. O, rahatlığa, pula, vəzifəyə, təqaüdə, hədiyyələrə, əyilməyə, yaltaqlanmağa öyrəşmişdi.
O, padşaha yaltaqlanırdı və vəzifəsinə görə bir dəstə adam gənc şairlər, qəzet və jurnal redaktorları, tənqidçilər, tərcüməçilər, saraydan təqaüd və ev almaq istəyən digər yaltaqlar da öz növbəsində ona yaltaqlanırdılar.
Saraydan təqaüd alacaq adamların siyahısını o hazırlayıb saraya təqdim edirdi. Bununla da yazıçı təsəlli tapırdı. Ona hörmət edirdilər.
O bilirdi ki, ona vəzifəsinə görə hörmət edirlər. O bilirdi ki, onun əsərlərini vəzifəsinə görə tərifləyirlər. Əgər vəzifəsini itirsəydi, onun əsərlərini heç kim tərifləməyəcəkdi. Heç kim ona yaltaqlanmayacaqdı.
O, azadlıq sözünü yazılarında tez-tez işlədirdi, lakin bu sözün həqiqi mənasını heç vaxt dərindən hiss etməmişdi. O, bilmirdi ki, sənətkar və azadlıq bir-birindən ayrılmaz sözlərdi.
Əsl sənətkar nəyinsə üstündən birdəfəlik xətt çəkməlidir. Yalnız ailədən, dindən, millətdən, var-dövlətdən, özünün şəxsi həyatından birdəfəlik imtina etmiş adamlar azad olmağı bacarırlar.
Bəli, həyatın elə anları var ki, insan əldə etdikləri ilə deyil, imtina etdikləri ilə böyüyür. O isə imtina etməyi bacarmadı.
İmtina etmədikcə isə cılızlaşdı. Şəxsiyyətini itirdi. Onun altmış yaşı tamam olanda çoxlu təbrik məktubları aldı. Çoxlu adam onu təbrik etdi.
Lakin bu təbrik edən adamların arasında bircə nəfər də olsun, azad, həqiqətpərəst adam yox idi. Onu təbrik edənlərin hamısı özü kimi yaltaqlar və yaltaqlanaraq rahat yaşamaq, hörmət, vəzifə qazanmaq istəyənlər idi.
Bu ağacın nə qəribə taleyi var. İki yüz əlli il bir ölkədə yaşayırsan və birdən-birə səni alıb başqa bir ölkəyə aparırlar.
Yazıçı düşünə-düşünə adamsız və sakit bulvarda çoxlu gəzdi. Şəhər yatmışdı.
Özünü bir ağacın qarşısında gördü. Ağacın iki yüz əlli yaşı vardı.
Bu ağacı üç il əvvəl şəhər meri İtaliyadan çox baha qiymətə alıb bulvarda əkdirmişdi. Yazıçı düşündü: Bu ağacın nə qəribə taleyi var. İki yüz əlli il bir ölkədə yaşayırsan və birdən-birə səni alıb başqa bir ölkəyə aparırlar.
Yaşı iki yüz əllini keçmiş ağac haqqında düşünərkən yanında bir polis maşını dayandı. Maşından iki polis düşdü. Polislərdən biri ona sual verdi:
Kimsən sən?
Yazıçı bu sualdan çox qorxurdu. Gecənin qaranlığında, səssiz bulvarda "Kimsən sən" suali daha dəhşətli səslənirdi.
Mən?
Əlbəttə, sən. Burda səndən başqa adam var?
Bu sual yazıçıya qəribə gəldi. O, indi çox istəyərdi yanında özündən başqa bir adam olsun. Özündən başqa bir adam görmək ümidiylə ətrafına göz gəzdirdi, lakin özündən başqa heç kimi görmədi. O, çox məyus oldu.
Mən yazıçıyam. Yazıçı. Əsərlər yazıram.
Nədən yazırsan?
- Həyatdan.
Yazıçısansa, bəs gecənin bu vaxtı tək-tənha təlxək paltarında niyə gəzirsən?
Belə lazımdı. Belə özümü daha rahat hiss edirəm.
Yalan danışma!
Gecənin bu vaxtı bir adamın tək-tənha bulvarda təlxək qiyafəsində gəzməsi polisləri şübhələndirdi.
Üstəlik, bu adamın özünü yazıçı kimi qələmə verməsi polislərin şübhələrini daha da dərinləşdirdi. Bir həftə əvvəl axmaq bir adam yaşı iki yüz əllini ötmüş ağacın bir budağını sındırmışdı.
Budağın sındırılması bulvarın rəhbərini bərk qorxutmuşdu. Əgər şəhər meri hadisədən xəbər tutsaydı, bərk qəzəblənəcəkdi. Bulvarın rəhbərini cəzalandıracaqdı. Ola bilsin işdən çıxaracaqdı.
Bəlkə də bulvarın rəhbərini budağı sındırılmış ağacdan asdıracaqdı. Bulvarın rəhbəri bulvarda asayişə nəzarət edən polislərə günahkarın tapılmasını əmr etmişdi və bundan sonra ağacı bərk-bərk qorumağı tapşırmışdı.
Üstündə sənədin var?
Sənədim yoxdu.
Niyə üstündə sənəd gəzdirmirsən? İndi biz hardan bilək sən kimsən, nəçisən, hansı peşənin yiyəsisən. Harda qalırsan?
Yazıçı suala cavab vermədi.
Otur maşına!
Yazıçı maşına oturdu. Polislər təlxək qiyafəsi geyinmiş adamın şəxsiyyətini müəyyən etmək üçün onu polis bölməsinə apardılar.