Azərbaycanda qiymət artımından sonra İrana alış-verişə gedənlər çoxalıb

Hər həftə müxtəlif ərzaq məhsulların qiymətləri cüzi qaldırılır.

Hər həftə müxtəlif ərzaq məhsulların qiymətləri cüzi qaldırılır.

-

Azərbaycanda istehlak mallarının bahalaşması əyalətlərə də gəlib çatıb. Söhbət ərzaq məhsullarından gedir. Rayonlarda fəaliyyət göstərən mağazaları ərzaqla əsasən «Azərsun», «Veysəloğlu», «Avrora» şirkətləri təmin edir. Bazarda «Palsüd» şirkəti süd və süd məmulatları ilə dominantlıq edir. Lənkəranın ərzaq dükanlarında, demək olar ki, hər həftə müxtəlif ərzaq məhsulların qiymətləri cüzi qaldırılır.

«AZƏRSUN» QİYMƏTLƏRİ ARTIRIB...

Adının çəkilməsini istəməyən sahibkarın dediyinə görə, belədə əhali bahalaşmanı bir elə də hiss etmir:

««Azərsun» şirkəti mağazalara verdiyi ərzaq məhsullarının qiymətini qaldırıb. 100 qramlıq «Beta» çayı 1 manata satılırdısa, indi 1 manat 20 qəpik olub. «Azərsun» yeyinti yağlarının qiymətlərini də qaldırıb. Burda qiymət artımı 10-15 faiz təşkil edir. Yuyucu tozlar da bahalaşıb. «Ariel» tozunun bir qutusu 8 manat 80 qəpiyə idisə, indi 9 manat 60 qəpiyə satılır. Konserv məmulatlarında da 15-20 faiz bahalaşma var».

Sahibkar deyir ki, «Veysəloğlu» və «Palsüd» də qiymətlərin qaldırılması barədə mağazalara xəbərdarlıq edib.

«ƏHALİNİN ALICILIQ QABİLİYYƏTİ DÜŞÜB»

Astara rayonun ərzaq dükanlarında da vəziyyət oxşardır. Astara şəhər sakini Elçin İbrahimli deyir ki, qiymətlərin qalxması kasıb əhalinin həyat şəraitinə mənfi təsir edir:

«Kənd təsərrüfatı mövsümü qurtarmayıb. İndidən kartofun 1 kiloqramı 40-50 qəpikdən 70 qəpiyə qalxıb. Bazarda 4-5 yerdə ət satılır. Əvvəllər ət alan çox idi, bazarda ət qalmazdı. İndi bir malın ətini 3-4 günə satırlar. Ət alanlar azalıb. Bu onu göstərir ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Bir tərəfdən də ərzaq məhsulları bahalaşır. Necə yaşayaq?».

Gündə İrana 500-dən çox adam keçir.

Gündə İrana 500-dən çox adam keçir.

«İRANA BAZARLIĞA GEDƏNLƏRİN ƏLİNDƏN ƏRZAĞI ALIRLAR»

Rayonun digər sakini Höcət Əliyevin sözlərinə görə, belə şəraitdə gömrük İrandan ərzaq məhsullarının gətirilməsinə şərait yaratmalıdır. Lakin hadisələr əksinə inkişaf edir. Gömrükdə qadağalar güclənib:
«İrana bazarlığa gedənlərin əlindən ərzaq məhsullarını alırlar. Bu kimə lazımdır?».

Astara gömrüyünün önündə İrana gedənlər toplaşmışdılar. Nəzarətçinin dediyinə görə, son günlər İrana gedənlərin sayı artıb. İndi gündə İrana 500-dən çox adam keçir. Onların çoxu da bazarlığa, alverə gedir. İşbazlar İrana gedənlərdən istifadə edirlər. Gedənlərin hər birinə 4.8 kiloqramlıq yük verirlər. Vətəndaş həmin yükü İrana çıxardır və buna görə 24 manat pul alır. Yükün İrana aparılmasına ildə bir dəfə icazə verilir. Sakinlərin bildirdiyinə görə, İran gömrükçüləri onlara mane olmasalar da, Azərbaycan tərəfində incidilirlər. Hər yükə görə pul alırlar.

Sərhədyanı ərazilərdə olan mağazalar əsasən İrandan gətirilən mallar satırlar. Bu mağazalarda da qiymətin artığını gördük.

Vidadi Mirzəyev

«MANAT İRANDA GÖZDƏN DÜŞÜR»

İqtisadçı Vidadi Mirzəyevin fikrincə, manatın ucuzlaşması iranlılara xeyir edir:

«İranda 100 dollara 106 manat verirlər. Orda manatı xoş qarşılamırlar. Manatın İrana gedişi demək olar ki, dayanıb. Manat indi oradan gəlir. Eşitdiyimə görə, ötən günlərdə «Kapitalbank»ın Astara filialında bir milyon dollara yaxın pul dəyişdirilib. İranlılar yerli sakinlər vasitəsilə manatı dollara dəyişirlər. Manat Naxçıvandan da gəlir. İran tərəfi ABŞ dollarını özünə çəkir. Dollar İrana Ermənistan, Türkiyə vasitəsilə də axır. Rusiyadan da gedir».

«BENZİNİN UCUZLAŞMASI BAHALAŞMANIN QARŞISINI QİSMƏN ALA BİLƏR»

İqtisadçının dediyinə görə, İrana dolların axması Azərbaycanda bahalaşmanı sürətləndirir. Ərzaq məhsulları satan şirkətlər belə şəraitdə qazanc əldə etmək istəyirlər:

«Anbarlar ərzaq məhsulları ilə doludur. Qiymət artımı, heç olmasa, bir aydan sonra baş verməlidir. İndidən bahalaşma aparırlar. Xüsusən quru çayın bahalaşmasını başa düşə bilmirəm. Düzdür, Azərbaycan quru çayın idxalından asılıdır. Mağazaların özlərində nə qədər quru çay ehtiyatı var. Bu onu göstərir ki, kimlərsə vəziyyətdən yararlanmaq istəyir. Azad bazar iqtisadiyyatında, manatın dəyərdən düşməsi məqamında qiymətlərin dəyişməsi təbiidir. Lakin bu qiymət dəyişikliyi süni yolla olmamalıdır. Azərbaycanda benzin ucuzlaşması ərzaqda qiymət artımının qarşısını qismən ala bilər».