- Fəridə Məmmədova
Şeirlər
***
Başını qaldırıb baxdığında görürsən ki, tavan
göy üzünü gizlədəcək qədər nəhəngdi.
Və aynanın o tayındadı
hər əllərini uzatdığında çatacağını düşündüklərin...
Biz keçmişində dəniz olmayan qadınlarıq
amma çox sularda boğulub gəlmişik
Yollar – ayaqlarımızın getmədiyi
kişilər - əllərimizin yetmədiyi qədərdi.
O qədər tanışdı ki, bu qaranlıq dünya
deyirsən, bəs, min il əvvəl ölmüş adamlarıq
yenidən doğulub gəlmişik ..
Və bu ad familiya
ən az qədim dünya tarixi qədər uydurma.
İndi bu vağzal həyatda
nə qədər “sudba“, “şasti“ fısıldasa da falçı qadınlar
sənin gələcəyini ən dəqiq
qatar fitləri xəbər verir...
Gəl, məni sonuncu qadın kimi qucaqla,
sonra at.
intihar deyil, bu
sonuncu balıq tək ölüb dənizdə
birinci kürüdən yaranmaq istəyidi ..
***
Dünyanın o biri ucuna sülhü qorumaqçun gedən əsgər,
xəritənin mən olan ucunu cırıb ataydın barı.
Uzaqlığı ölçə bilməyəndə az darıxır insan...
Yollarla dərdləşirik... deyir ki,
baş götürüb gedənlər qayıdır, amma
ürək götürüb gedənlərdən heç soraq yoxdu...
Ehtiyatla, əsəblə, qorxuyla toxunduğun
avtomat darağın olmaq varkən
mən burda bir pəncərəyə söykənib darıxıram.
elə üşüdür sənsizlik hərdən,
köçüb getmək istəyərdim olsa gerçək cəhənnəm...
Xəritəyə baxıram... rədd olsun bu boyda dünya
qollarının arası qədərcə yer qoru... qalanı çoxdu.
Sən orda mərmi alovlarında qızınırsan bəlkə də
mənsə üşüyürəm ...birdən gələrsən
görərəm ki,
qolların yoxdu...
***
...əvvəl səsini
sonra gözlərini
sonra da dodaqlarını kəsib atıram yaddaşımdan
unutmaq – adam şaqqalamaq kimidi...