-
Fəridə Məmmədova
Şeirlər
Unutmağa çalışdığımı necə başa salım sənə
bax kənddə - babamgildə
həyatla ölüm arasında bircə mərtəbə fərq var –
evin ikinci mərtəbəsi ...
erməni snayperindən yayınmaq üçün
pilləkənləri qaça-qaça qalxırlar
orda yaşamırlar – gülləylə yarışırlar
mən də şəhərdə belə keçirəm küçələrdən
xatirələrdən yayınım deyə ...
***
Yay gəlsə yelləncək asacağdıq
özünü asmasaydı həmin budaqdan uşaqlıq dostum...
Sonra... ağac da qurudu...
mənsə elə bilirdim, ağaca fərqi yoxdu
budaqlarından asılan beşikdi, yoxsa adam!
Gedəcək yer də qalmadı
kibrit qutusundakı cırcırama kimiyəm indi
şehli bağayarpağı
heç arasındakı yaşıl qurbağaları da sevindirmir...
Kəsilmiş qadın saçları qədər sahibsizəm, olsun
indi mən
gələcəyin keçmişə uduzduqlarıyam.
indi mən gələcəyin ən doğma uzağıyam...
təkcə
uşaq salan qadınlar anlayar məni
onlar bilər necə olur boşluğu qucaqlayıb yatmaq
ən arzuladığını içindən atmaq...
Qurbanıyçun darıxan qatil yalnızlığıdı mənimki
Bir az da
yad dildən çevrilmiş şeir kimiyəm
yəni, əslində, bu deyiləm...
***
Yeni adam... yeni dodaq...
yeni öpüş... yeni toxunuş...
sonra
tanış səs, tanış qoxu, tanış həyəcan.
Tanıyıb köhnəldirik hər şeyi
sonrası –
Yeni adam... yeni dodaq...
yeni öpüş... yeni toxunuş...
sonra
tanış səs, tanış qoxu, tanış həyəcan.