- "Amma nədəndir, heç bir şey alınmır, sanki puldan düzgün istifadə etmirlər, sanki məqsədlərinə doğru necə gedəcəklərini bilmirlər."
"Book review"su olmaq - bir ölkənin ədəbi həyatının, nəşriyyat-kitab aləminin, ədəbiyyata şeir yazmaqdan ötə marağının, təfəkkürlü yazarlarının, ədəbiyyatını dünyaya tanıtmaq iddiasının inkişaf göstəricisi hesab olunur."
"Tərcümə məsələlərinə, ədəbi əlaqələr qurmaq vəzifələrinə hansı qurum baxır? Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi. O da "Aydın yol" qəzeti buraxır."
Dünyəvi sistemlə işləmək
Nərmin Kamal
Deməli, dövlət ədəbiyyatı, mədəniyyəti öz nəzarəti altında saxlamaq üçün, yaxud qarşı tərəfin dediyi kimi, xeyirxah bir səbəbdən bu sahənin adamlarına və qurumlarına pul ayırır.
Bəzi hallarda dövlətin ayırdığı puldan o adamların, o qurumların həqiqətən də ədəbiyyat naminə istifadə etmək istədiyi müşahidə olunur. Görürsən ki, tərpənirlər, ora-bura əl-qol atırlar, nəsə bir şey etmək istəyirlər.
Amma nədəndir heç bir şey alınmır, sanki puldan düzgün istifadə etmirlər, sanki məqsədlərinə doğru necə gedəcəklərini bilmirlər.
Məsələn, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi açdılar. Mövzumuz Mərkəzin işi deyil, üstəlik, onu daha yaxşı bilənlər var.
Mən Mərkəzin açdığı qəzetdən danışacağam. Tərcümə Mərkəzi təsis olunan kimi "Aydın yol" adlı bir qəzet açdı. Amma gəlin görək necə bir mətbuat orqanı aça bilərdi?
Baku Book Review
"Book review'nuz varm?" - Azərbaycan ədəbiyyatı haqda danışmaq istəyənlərin ingilisdilli ölkələrdə üzləşdiyi sualdır.
"Book review"su olmaq - bir ölkənin ədəbi həyatının, nəşriyyat-kitab aləminin, ədəbiyyata şeir yazmaqdan ötə marağının, təfəkkürlü yazarlarının, ədəbiyyatını dünyaya tanıtmaq iddiasının inkişaf göstəricisi hesab olunur.
“Book review” - ədəbiyyatşünaslıq və ədəbi tənqid jurnallarının beynəlxalq adıdır. Az qala hər xarici ölkədə bir və ya bir neçə “book review” jurnalı nəşr olunur.
The New York Review of Books, The Paris Review, London Review of Books, Los Angeles Reviw of Books onların ən məşhurlarıdır. Bunların adı jurnaldır, əslində "tolstuşka" qəzet formatında çıxırlar.
Adi ədəbi jurnallardan fərqli olaraq, belə jurnallarda şeir və ya hekayə çap olunmur. Yalnız təhlil yazıları, yalnız kitablar haqda məqalələr və ədəbi-mədəni müzakirələr.
Bu jurnallarda yerli kitablar məzmununa, üslubuna, ölçülərinə görə təhlil edilir. Kitab rəylərindən əlavə, onlarda ümumi mədəni məsələlər haqda yaxşı məqalələr çap olunur.
Moscow Review of Books, Turkish Book Review kimi jurnallar qonşularımızın dünyəvi sistemlə işləməyə çalışan kitab jurnallarıdır. Onlar iki dildə çıxır, öz yerli dillərində və ingilis dilində. (Keçən il müstəqil türk yazarları bir "Istanbul Review of Books" da açdılar, onun bir sayı çıxdı)
Bu şəbəkənin üzvləri bir-birini izləyir, bir-birini həmkar sayır, qarşılıqlı istinadlar edirlər, bununla da kitablar haqda məlumatların dövriyyə imkanı artır, ədəbi təhlil estetikasına dünyəvi bir standart gəlir və s.
Misal üçün, "Turkish Book Review" türk və ingilis dilində türk ədəbiyyatına həsr olunmuş ilk dərgidir. Jurnalın rəsmi səhifəsində ingilis dilində deyilir:
"Bu dərginin məqsədi Türk ədəbiyyatını dünyaya təqdim etməkdir, ildə iki dəfə işıq üzü görür.
Dərgi bir çox yazıçıların, tənqidçilərin, akademik səviyyədə ədəbiyyatşünasların və tərcüməçilərin köməyilə Türk ədəbiyyatının tərcümə olunmasına və nəşr olunmasına kömək edir."
"2008-ci ildə "Turkish Book Review" Frankfurt Kitab Sərgisində nümayiş etdirilib və dünyadan bir sıra redaktorlarla görüşlər keçirib..."
"Xarici ölkələrdə türk dilində kitablar satan mağazalarda satışdadır. Jurnalın elektron nüsxəsi ABŞ, Uzaq Şərq, Asiya, Avstraliya, İngiltərə və başqa Avropa ölkələrindəki 10 000 xarici nəşriyyata, ədəbiyyat agentinə, redaktora və tərcüməçiyə göndərilir..."
"Turkish Book Review"-da həmçinin Osmanlı arxitekturası, türk musiqisi, rəssamlığı, tarixi, dili, türk ədəbiyyatını onu əhatələyən mədəniyyətlə birgə təqdim etmək üçün türk mətbəxi haqda da intellektual məqalələr olur." Çünki jurnalın sponsoru Türkiyənin Mədəniyyət Nazirliyidir.
Azərbaycanda da kitab rəyləri, ədəbiyyatşünaslıq problemləri haqda yazılar çıxaran o cür jurnallar olub və var. Ədəbiyyatşünaslıq dərgisi olan Tənqid.net onların ən davamlı nümunəsi sayıla bilər.
Ancaq bu və digər jurnallarımız beynəxalq "book review" jurnallar şəbəkəsinin üzvü deyil. Adlarını "book review" qoymaqla iş düzəlməz. Birincisi, ingilis dili ədəbiyyatımızda qeyri-populyar dil olduğuna görə bura üç-dörd tərcüməçi cəlb olunmalıdır, ikincisi, jurnalların profilləri, məqalələrin hədəfi dəyişdirilməli və başqa əlavələr edilməlidir ki, onlar "book review"-a çevrilsin.
Tərcümə məsələlərinə baxan, ədəbi əlaqələr qurmaq vəzifələri olan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi isə "Aydın yol" qəzeti buraxır.
Bu qəzetin məzmunu haqda heç bir fikir söyləmirəm, söylədiyim fikir bu qəzetin məqsədi haqdadır; "Aydın yol" qəzeti Yazıçılar Birliyinin "Ədəbiyyat" qəzeti kimi daxilə yönəlik bir rəsmi Azərbaycan qəzetidir.
Hər şeyin dünyəvi standartı var, 1980-90-cı illərin qəzet təcrübəsi bu gün yararlı deyil. "Book review" - budur bugünkü tələb.
Tərcümə Mərkəzi kimi bir qurum da bu işi görməyəcəksə, onda "Baku Book Review"nu kim buraxacaq?!
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)