-
Baş redaktor Fəxri Uğurlu “Aydın yol” qəzeti ilə yollarını ayırıb.
Bu barədə, cəmi bir neçə nömrəsi çıxmış qəzetin aid olduğu Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev məlumat verib. O qeyd edib ki, Fəxri Uğurlu işləmək istəmədiyini deyərək ərizəsini yazıb və tutduğu vəzifədən ayrılıb.
Mərkəzin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Mərkəzin həftəlik mətbu orqanı olan “Aydın yol” qəzeti gözlənilən səviyyəni doğrultmadığı səbəbindən bəzi əməkdaşlarının sınaq müqaviləsinin vaxtını uzatmayıb:
“Mərkəzin direktorunun qəzetin kadr məsələsinə qarışması” məsələsinə gəlincə, bildirirəm ki, qəzet müstəqil mətbu orqan deyil.
Əməkdaşlarının maaşı, qəzetin qonorar və nəşr xərcləri Mərkəzin büdcəsindən ödənilir.
Təbii ki, kadr seçiminin rəhbərliklə razılaşdırılması vacibdir. Qəzetin baş redaktoru Fəxri Uğurlu isə hələ ki, istefa ərizəsini təqdim etməyib”.
Qeyd edək ki, qəzetin əməkdaşları Zöhrab Əmirxanlı və Tahir Kazımov işdən uzaqlaşdırılıb.
Baş redaktor Fəxri Uğurlunun isə buna etiraz olaraq istefa verdiyi bildirilir.
Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsuddur.