Divan ədəbiyyatındakı "cinayətlər"

Elşən Böyükvənd

- "İndi Füzulini bu şeirə görə əxlaqsız kimi təqdim edərək, onu təhqir etməliyikmi? Bu iş tamamilə yanlış olar."

"Bakıda "Eurovision" ərəfəsində "Gey parad" məsələsi İran üçün o qədər ciddi və böyük olaya çevrilmişdi ki, İran İslam İnqilabı zamanından o günə qədər Tehran cümə namazında misli görünməmiş bir hadisə baş verdi.

Tehranın cümə namazında Ayətulla Nuri Həmədani tribuna arxasına keçib Azərbaycan Türkcəsində nitq edərək..."

Elşən Böyükvənd

Divan şeiri Divan şölənində

Yazıçı qeydi: Əziz oxucular, aşağıdakı yazını dinclik və toxtaqlıqla oxumağınızı istəyirəm.

Orta əsrlər dövründə cinsi əxlağın necəliyi və Şərq divan ədəbiyyatında məşuqun qadın deyil, azyaşlı uşaqlardan ibarət olması (bir çox hallarda və özəlliklə Fars divan şeirində) barədə kiçik bir araşdırma aparmışam.

Carl Gustav Jung

Divan şairlərinin bir sıra şeirlərində məşuqun tam oğlan, yaxud qız-qadın olub olmamasının əsas illətini şairin şüuraltındakı Anima yaxud Animusun ağır ya yüngül olması ilə də əlaqəli hesab etmək olar.

Bunu isə, böyük psixoloq Karl Qustav Yunq kişinin qadınlıq psixikası (Anima) və qadının kişilik psixikasına (Animus) malik olduğunu ortaya qoyduğu üçün ona borcluyuq.

İrfan şeirndə Tanrının sevgiliyə çevrilməsinin yayğın və geniş vüsət almasını birbaşa şairin dini-irfani baxşına bağlamaq olar.

Ancaq maraqlı olan budur ki, Allah sevgisi və irfan dünyasından danışan bir çox Fars divan ədəbiyyatı nümayəndələri biabırçı şəkildə uşaqbazlıqla məşğul olurmuşlar.

Tanrı, Məhəmməd Peyğəmbər və din övliyası haqda yazdıqları şeirləri, onların gözəl oğlanlar haqda yazdıqları şeirlərlə müqayisə edəndə bu şairlərin İslam dini anlayışı və inamını da şübhə altına almaq olar.

Ədəbiyyatın ədəb sözündn alınmasını bağırıb hayqıran divanpərəstlərin müqəddəsləşdirdikləri uşaqbaz divan şairlərinin cinsi əxlaqı haqda nədən bircə məqalə belə yazmayıbdılar?

Əhməd Kəsrəvi

Rasist Əhməd Kəsrəvidən tut gəl, Jan Pol Sartrın əsərlərini farscaya tərcümə etmiş Müstəfa Rəhimi kimi yazarlar fars divan şairlərinin cinsi əxlaqı haqda yazı və məqalə yazıbdırlar.

Azərbaycan Respublikasında fars divan şeirindəki kişimərkəzli eşq macəraları haqda bircə məqalə belə, oxumamışam. Vardırsa, bizlər xəbərsiz qalmışıq.

Sünni və şiə fiqhində ən iyrənc və bağışlanmaz günahlardan biri sayılan Ləvat, Fars şairləri divanında nədən bunca aydın göstərilib öyülür?

Şiə fiqhində kişilərlə cinsi əlaqə yaradanlara çox ağır cəzalar veriləcəyi deyilir.

Ləvat günahı üstə yaxalanmış insanın qılıncla başı kəsilməli, daşqalaq olunmalı və yaxud divar başından yerə atılaraq öldürülməlidir.

Sünni və şiə fiqhində ən iyrənc və bağışlanmaz günahlardan biri sayılan Ləvat, Fars şairləri divanında nədən bunca aydın göstərilib öyülür?

Bunu da nəzərə almaq lazımdır ki, Səfəvilərin gəlişindən qabaq fars divan şeirinin bir çox nümayəndələri Sünni idilər.

Bu məsələ o qədər ciddi bir məsələ imiş ki, arif və şairlərin risalə, nitq və şeir divanlarında onların oğlan gözəlliyi, erkəyin erkəklə cinsi münasibəti, zülfü könüllər yıxan şahidlərin günəş kimi parıldayan bənizlərindən zövq almaq və sair məsələlərə görə geniş və dəqiq düşüncələr irəli sürülüb.

Qəzzali, Söhrəvərdi, Bəha-əd-Din Vələd, Mövlana Təbrizli Şəms oğlan uşağı ilə intim münasibəti xoşlamadığına baxmayaraq, bir çox arif və şair erkək sevgililərin həsrətində şam kimi yanıb əriyirdilər.

Sultan Mahmud Ayazın aralarındakı eşq macəralarını qələmə almış bir çox şairlərin necə zövq və ləzzətlə bu məsələyə toxunmasını onların şeirlərini oxuyanda görürük.

Bu sevgi Mövlana, Sədi, Ünsüri, Mənuçöhri və başqa şairlərin qələmində səmavi və irfani eşq həm də real eşq kimi göstərilib.

Homoseksullığın dərin tarixi, ədəbi və fikri kökləri var. Azərbaycan Türkcəsinə keçmiş şeyidbaz (Farscada “şahedbaz” sözündən alınıb və uşaqbaz və şorgöz mənasındadır) uşaqbazlıq (pedofliya), oğlanbazlıq, balabazlıq, müğbəçə və tərsabalası kimi sözlər bu məslənin əsas göstəricilərindən biridir. Bu sözün xalq dili, yerli ləhcələr və gənclər arasında isə onlarca qarşılığı var.

Əski Yunan filosofları belə bu məsələ haqda öz düşüncələrini yazmış, bəziləri isə Homoseksual olmuşlar.

Sokrat

Platon “Symposium” adlı əsərində Sokratın oğlanbazlığını məzəli və maraqlı şəkildə izah edir.

Platon, “Bir gözəl kişi üçün dəyərli və şəxsiyyətli bir kişinin sevgilisi olmaqdan daha böyük səadət və xoşbəxtlik ola bilməz” deyir.

Pedofiliyanı pisləyən Platon, ağıllı və zəkalı erkəklərlə eşq macərası yaşamağı düşüncənin formalaşmasına yardımçı olacağını vurğulayaraq erkəklə-erkəyin sevgisinin qabağını əngəlləyən ölkələri müstəbidlikdə ittiham edir.

Ancaq Platon erkəklərin qarşılıqlı cinsi münasibətini deyil, ruh və düşüncə inkişafına yardımçı olan eşqi dəstəkləyir. (daha geniş bilgi almaq üçün Platonun “Symposium” risaləsini oxuya bilərsiniz).

Ziqmund Freyd

Ziqmund Freyd Homoseksuallıq üzrə apardığı elmi araşdırmalarında insanların tam erkək və tam qadın olmalarını rədd edərək, insanın Biseksual (bir kişinin eyni halda qadınlıq və bir qadının kişilik psixologiyası və biologiyasına sahib olması anlamındadır) bir varlıq olduğunu isbatlayır.

Onun “Cinsi məsələlər üzrə üç tezis” adlı əsərində pedofliyaya yoluxanların problemlərini belə ehtiyat və uzaqgörənliklə araşdıraraq bu xəstəliyin necə yaranması və fərqli formaları barədə izahat verdiyini görürük.

Ancaq kitabda ən böyük və genişmiqyaslı cinsi xəstəlik adlandırdığı sadizm və mazaxizm barədə daha geniş yazmaqdan imtina etdiyini sezirik.

Psixoloqun dediyinə görə tam normal insan anlayşı absurddur, anlamsızdır.

Freydin cinsi məsələlərə necə ehtiyat və təmkinlə yanaşdığını oxuyarkən Azərbaycanda bir sıra ziyalı adını daşıyanların aqressiv və savadsızcasına söylədikləri fikirlər yadıma düşür.

Sandor FerencziKrafft Ebingin yazdıqlarına əsasən, homoseksualizm (eyni cinslilərin bir-biri ilə seks etmədən sevgi yaşamalarına deyilir) və homoseksualist (seks edərək bir birinə sevgi hissi olan eyni cinslilərə deyilir) arasındakı fərqləri nəzərə almalıyıq.

Hansısa yazar və incəsənət xadiminin yaratdığı əsəri oxuyar, dinləyər ya da baxarkən onun bədiiliyi, yeniliyi və yüksək keyfiyyətlərinimi düşünürük, yoxsa onun yaradıcısının şəxsi həyatınımı?

Şərq incəsənət tarixində incəsənət əsərlərinin estetikası bir çox hallarda unudulur və şairin şəxsi həyatının qurbanlığına çevrilir.

Qərb incəsənət və ədəbi axımlarının ən geridə qalmış, qoxumuş və yeddi kəfən çürütmüş ədəbi tənqid növlərindən biri ənənə kökü üstə boy atmış əxlaq anlayışına söykənərək, ədəbi əsəri və yazarın şəxsiyyətini araşdırmaq metodudur.

Bir çox hallarda İran və Azərbaycan ziyalı və qələmdaşları hələ də əxlaqi tənqid metodunun vurğunları kimi çıxış edirlər.

Quzey Azərbaycan ziyalıları, siyasi-ictimai xadimlər və yazarlarının böyük bir qismi Füzuli yaradıcılığına dərin hörmət və sevgi bəsləyirlər.

Füzuli şeirlərini sevə-sevə oxuyan bir gənc kimi ona qarşı hər hansı bir mənfi hiss daşımamışam və daşımayacağam da.

Onun şeirləri Azərbaycan muğamatı və ədəbiyyatının ruhuna çevirilibdir. Şairin yazdıqlarının nəzm, yaxud şeirliyi başqa bir məqalənin mövzusuna çevrilə bilər.

YAP-ın ideoloqlarından biri sayılan Rafael Hüseynovİplik kimi uzun sevda” adlı yazısında Füzuli gözəlinin cavan oğlan ya uşaq olduğunu gizləyərək, sadəcə “Füzuli gözəli” sözündən istifadə edir.

Füzuli gözəlinin neçə faizi qadın və neçə faizi oğlandır, görəsən? Tanrı qadınlığı və kişiliyi tam bəlli olamayan sevgililər arasında enib qalxan Füzuli lirikasındaki zülf, xal, sərv və başqa sözləri fars divan şeirində bir çox nümunələrdə kişiyə işlədiblər.

Bayat boyundan olan şairimiz Şərq divan ənənəsinin davamçısı deyildirmi? Ancaq, bunu etiraf etməliyəm ki, Şirazlı Sədi Hafiz kimi çılğıncasına gözəl oğlanlara yazılmış və həsr edilmiş şeirlərlə müqayisədə Füzuli homoseksualizmi çox xəfifdir.

Qıldı ol sərv səhər, nazilə həmmamə xüram,
Şəmi-rüxsarı ilə oldu münəvvər həmmam.

Görünürdü bədəni, çaki-giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam.

Niligun futəyə sardı bədəni-üryanın,
San bənəfşə içinə düşdü müqəşşər badam.

Oldu pabus şərifilə müşərrəf ləbi-hovz,
Buldu didadi-lətifilə ziya dideyi-cam.

Sandılar kim, satılır daneyi-dürri-ərəqi,
Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam.

Kakilin şanə açıb, qıldı həvayi mişkin,
Tiğ muyin dağıdıb, etdi yeri ənbərfam.

Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su,
Yetdi su cisminə, rəşk aldı tənimdən aram.

Çıxdı həmmamdən o, pərdeyi-çeşmim sarınıb,
Tutdu asayiş ilə guşeyi-çeşmimdə məqam.

Mərdümi-çeşmim ayağinə rəvan su tökdü
Ki, gərək su tökülə sərvin ayağinə müdam.

Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin,
Qılmasın sərf zər ol sərvqədü siməndam.

Yuxarıdakı şeiri oxuyarkən bir neçə incəliyə diqqət yetirmək lazımlı görünür.

Füzulinin Bağdad şəhərində qadın hamamına gedə bilməməsi aydındır. Şeirdə verilən gözəl təsvirlərə istinadən şairin hamamda olması və sözü gedən gözəlin oğlan, yaxud yeniyetmə azyaşlı bir uşaq olmasına heç bir şübhə yeri qalmır. Şeirdə qadın cinsinə dəlalət edən heç bir söz və işarə yoxdur.

İndi Füzulini yuxarıdakı homoseksuallığına görə əxlaqsız və gey kimi təqdim edərək, onu təhqir etməliyikmi? Bu iş tamamilə yanlış olar.

Füzulinin xəyali portreti

Füzuli kimi usta şair-nazimləri homoseksuallıqlarına görə divan şeirimizdən silməklə ədəbiyyatımızı ruhsuz bir gövdəyə çevirərik.

“Dəhr vəqf etmiş məni norəs cavanlar eşqinə / hər yetən məhvəş əsir xət o xal eylər məni” deyən Füzulinin amacı, qızlar və qadınlar yox, azyaşlı oğlanlardır. Fars və Türk divan şeirində qadın və qızı heç zaman “norəs cavan” kimi tərif etməzlər və etməyiblər də.

Bunları Füzulidə oxuyan ağsaqqal və qeyrətli kişilərimizin diqqətli olub-olmadığını bilmirəm. Ancaq Babi Bədəlov kimi istedadlı rəssamın şəxsi həyatına necə uzun burunlarını soxduqlarını bilir, görür və oxumuşəm.

İzzəddin Həsənoğlunun “Apardı könlümü bir xoş, qəmərüz canfəza dilbər/ Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər” misraları ilə başlayan şeirindəki “şahid” sözü gözəl oğlana işarə qılır.

Hafizin Divanı. Miniatür. 1585

Xaqani, Hafiz, Sədi şeirində oxuduğumuz “şahid” və “müğbəçə” sözü keçən bir neçə misranı tərcümə etməyə çalışacam.

Tərcümələri mənanı çatdırmaq üçün edirəm, sadəcə.

Meyi ver zahidə aşkarcasına

Öpüş al şahiddən pünhancasına.

Xaqani

Pərvanə kimi hər dəm yanmaq qorxusu var məndə. Çünki sən şam kimi hamıya şahidilik edirsən.

Sədi

Bu səma edənlər içində bütün saqilər şahid üzlüdür/ bu şərab üçün bütün sufilər dərd içəndilər.

Sədi

Böyləcə cilvələnərsə mey satan müğbəçə/ müjqanimlə qılaram pak tozun meyxanəsinin.

Hafiz

Ayrıca, dünya ədəbiyyatı və incəsənət tarixi homoseksual şəxsiyyətlə doludur.

Sokrates, Platon, Sophokles, Schopenhouer, Andre Gide, Oscar Wailde, Davinci, Michel Angelo, Shakespeare, Walt Whitman, Michael Cunningham, David Sedaris, W.Wolf. F.Lorca, M.Proust və yüzlərcə başqa şəxsiyyətlərin şəxsi həyatlarını oxuduğumuz zaman onların yaratdığı əsərlərə nifrətmi etməliyik?

Jean Chardin

Səfəvilər dövründə avropalı səyyahlardan biri sayılan Jean Chardinin fikrincə, o çağkı İranda insan azlığının əsas səbəblərindən biri qadınlara deyil, oğlanlara və kişilərə olan aşırı cinsi meyl və istək imiş.

Chardin yazır, Təbriz və İrəvan şəhərlərində olan böyük qəhvəxanalarda (çayxana, qəlyanxana) gözəl, şəhvani və çox cazibədar oğlanlar olurdu.

Gözəl və yaraşıqlı oğlanlar özlərini fahişə qadınlar kimi qəhvəxanaya gələn kişilərə göstərir və müştəri qazanırdılar.

Günlərin bir günü İkinci Şah Abbas Səfəvi bir çox gözəl və azyaşlı oğlan uşağını qəhvəxanaçıya pay verib, yazıq oğlan uşağına olan cinsi zorakılığın şiddəti o qədər olmuş ki, uşaq qəhvəxanaçıya hücum edib, onu yaralayıb.

Şah Abbas oğlana təcavüz edən qəhvəxanaçını cəzalandırmaq əvəzinə yazıq oğlan uşağının qarnını bıçaqla söküb-yarmağa əmr verir. (Chardinin səfərnaməsi, 7-ci cild, 257)

Səfəvilər dövründə erkək cinsinə olan aşırı meyl və cinsi istək o qədər vüsət alıbmış ki, Türküstan, Hind və Osmanlı dövlətləri tərəfindən göndərilən elçiləri belə, zorlayaraq cinsi təcavüzə məruz qoyurlarmış. (Rüstəm-ül təvarix, 114-cü səhifə)

Osmalı və Səfəvi dövründən qalan tarixi kitablar və miniatür əsərlərdə bu məsələnin hansı durumda olduğunu öyrənə bilərik.

Venesiyalı səyyahların yazdığına görə, Şah İsmayıl ikinci dəfə Təbrizi fəth edəndən sonra şəhərin ən gözəl və azyaşlı oğlanlarını “Səkkiz Cənnət” sarayına gətizdirərək hamısına təcavüz etmiş, onları öz sərkərdələri və dövlət adamlarına da vermişdir (Venesiyalıların səfərnaməsi, 429-cu səhifə)

Səfəvilərin dövlətçilik məsələlərinin bu yazımla heç bir bağı və münasibəti yoxdur. Güntay Gəncalp bəyin Səfəvilər proyektinə görə yazdığım məqaləni burada oxuya bilərsiniz.

Cəlil Məmmədquluzadə

Homoseksualizm və uşaqbazlığı tariximiz, ənənəmiz və mentalitetimizə yaraşmayan iyrənclik və eybəcərlik kimi tənqid və təhqir edənləri Böyük Mirzə Cəlilin “HAMAMA” adlı felyetonunu oxumağa dəvət edirəm.

-Hara gedirsən, Məşədi Məmmədnəcəf?

-Hamama.

-Yanınca gedən uşaq kimdir?

-Rəhmətlik Həsən əminin oğludur. Allah saxlasın, çox fərasətli uşaqdır.Aparıram hamama canı təmizlənsin.

-Qulaməli, ustan hara gedib ?

-Hamama.

-Bə səni nə əcəb aparmayıb?

-Bu gün Qurbanın növbətidir.

-Kərbəlayı Novruzəli! Mallara baxmaq istəyirsən, dur gedək bax, yoxsa satacağam, müştərisi var.

-Gedirəm hamama, indi baxa bilmərəm.

-Məgər dünən getməmişdin hamama?

-Əhmədin canı çirklənib. Gərək hamama aparam təmizlənsin.

-Maşallah, maşallah, qardaşoğlu, əcəb oğlan olmusan! Gələsən mənə şəyird olasan. Sənə qırmızı arxalıq alaram geyəsən. Fəndıq-kişmiş alıb dolduraram ciblərinə yeyəsən.

-Bəlkə anam qoymadı?

-Get anana de, razı olmasa, sənə məvacib də kəsərəm ki, aparıb verəsən anana.

- Qoy gedim anama deyim.

- Tez get, di xəbər gətir. İki gündən bir səni hamama da apararam ki, təmiz olasan.

-Qoy gedim anama deyim.

- Get tez xəbər gətir.

Bu gün niyə dükanların çoxu bağlıdır? Kərbəlayi Oruc gedib hamama, Məşədi İskəndər gedib hamama, usta Əli, usta Sadıq, usta Həsən gedib hamama.

Məşədi Nəbi, Məşədi İsfəndiyar, Məşədi Ümmətəli, Məşədi Heydərəli gedib hamama.Kərbəlayi Qasım, Hacı Məhəmmədəli, Hacı Ələsgər, Hacı Möhsün, Hacı Haqverdi, Hacı Qara, Nacı Namaz, Hacı Xalıqverdi gedib hamama.

(Cəlil Məmmədquluzadə. Əsərləri, dörd cilddə, ikinci cild, felyetonlar və məqalələr, Öndər Nəşriyyatı. Bakı- 2004. 13-14-cü səhifə)

Çağdaş İranda homoseksualizm

Fars divan şeiri və nəsrinin ən ünlü imzaları sayılan Şirazlı Sədi, Hafiz, Sistanlı Fərruxi, Ünsüri, Mənuçöhri, Übeyd Zakani, Möhtəşəm Kaşani, Əbdülrəhman Cami, Vəhşi Bafeqi və onlarca başqa imzanın yazdığı oğlanbazlıq və uşaqbazlıqla xıncaxınc olmuş misralar və nəsrlərindən nümunələr gətirmək belə lazımsız görünür.

Şirazlı Sədi “Bustan” adlı əsərinin “Eşq və Cavanlıq” bölümü və onun yazdığı həzliyatları homoseksuallıq deyil, lap ləvatçılığı kimi xoşbəxtlik və şənlik gətirəcək deyə, öyür və vəsv edir.

Fars divan ədəbiyyatındakı oğlanbazlıq nümunərlərini ətraflı şəkildə oxumaq üçün Dr.Sirus Şəmistanın “Şahedbazi Dər Ədəbiyyate Farsi” kitabını oxuya bilərsiniz.

Azərbaycan Respublikasında bu kitabın tərcümə və çap olunması ən vacib işlərdən biridir. Yazarın rasistliyinə baxmayaraq, bu əsəri tərcümə etməliyik.

Azərbaycan Respublikasında keçirilən "Eurovision" musiqi yarışması az qala İranla Azərbaycanın siyasi münasibətlərinə ciddi zərbə vurmuşdu.

İranın rəsmi və qeyri-rəsmi dövlət adamlarının dediyinə görə, onları narahat edən məsələ şiə ölkəsində keçiriləcək musiqi yarışması zamanı əxlaqsızların təntənəli şəkildə qeyd edəcəkləri “Gey parad” mərasimi olacaqmış.

Gey parad məsələsi İran üçün o qədər ciddi və böyük olaya çevrilmişdi ki, İran İslam İnqılabı zamanından o günə qədər Tehran cümə namazında misli görünməmiş bir hadisə baş verdi.

Tehranın cümə namazında Ayətulla Nuri Həmədani tribuna arxasına keçib Azərbaycan Türkcəsində nitq edərək, Azərbaycan Respublikasında keçiriləcək “Gey Parad”ı qınaq və tənqid atəşinə tutdu.

Məhəmməd Qasim Təbrizinin Luvr muzeyində saxlanan "Şah Abbas" rəsmi

Bunlara baxmayaraq, İrandakı cinsi əxlaqın necəliyin öyrənmək üçün İran polis qüvvələri generalının dediyinə fikr verməliyik.

Generalın böyük rezonans doğurmuş sənədli sözlərinə istinadən bu ölkədə qız və qadınlardan daha çox yeniyetmə və gənc oğlan uşaqları cinsi təcavüzə məruz qalır.

Bu ölkədə gözəl oğlanlara görə hazırlanan video klipləri, məktəb illəri və siahlı qüvvələrdə oğlanlara olan cinsi zorakılıq və homoseksuallığı yaxından gördüyüm zaman məsələnin nə qədər ciddi olduğunu anladım.

*Yuxarıdakı miniatür Şah Abbas səfəvini azyaşlı oğlanı qucağına alıb nəvaziş etmək halında göstərir. Əsəri Məhəmməd Qasım Təbrizi Səfəvi dövründə çəkibdir. Əsər Louvre muzeyində saxlanılır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)