"Roman şüuraltını Freyddən, sinfi mübarizəni Marksdan əvvəl kəşf edib"

Ülvi Babasoy

-

“Kimlik” romanın ən böyük kəşfi budur: Varlığımızla bağlı mürəkkəb suallara cavab axtara-axtara ömrümüzü puç etməyək. Sevişək və çoxalaq... Sevişək və çoxalaq!..

Ülvi Babasoy

Ana bətnində təcavüz

İnsan (İsa) özünə qulluq edilsin deyə yox, xidmət etməyə və canını bir çoxlarının qurtuluşuna qarşılıq olaraq fəda etməyə gəldi.”

Markos İncili (10:45)

Alma

...Arzu və ehtiraslarınızı hərəkətə gətirən, sizi təhrik edən səbəbləri sadalayın - desələr, ehtimal ki, hər kəs fərqlilik və nəciblik axtarışına çıxacaq.

Beynin dərin qatlarından zorla dartıb çıxarılmış xeyirxah əməllər arzularımızın deyil, təsəlliyə möhtaclığın cavabları olacaq.

Yaradılışının, varlığının səbəbi nədir? - sualını isə hamı birmənalı anlayacaq. Yəni, bu dünyada niyə yaşayıram mənasında.

Bəziləri: Mən insanlara faydalı olmağa, bəşəriyyətin xilasına çalışıram: Yaşamağımın mənası budur. Budur mənim xoşbəxtliyim, yaşamaq səbəbim.

Başqaları: Yox, mənim xoşbəxtliyim xalqımın xoş güzəran görməyindədi. İllərdir bunun üçün əlləşib-vuruşuram.

Əşşi, nə danışırsız eyyy, hər kəs öz ailəsindən məsuldur. Hə, düz deyirsən mən ömrümü övladlarıma həsr etmişəm.

Hamısı boş şeydi, bu dünyada adama qalan çəkdiyi keflər, ləzzətlərdi.

Haşa, Allah bizi ona görə yaradıb ki, ona qulluq edək...

Yalan deyirlər. Qətiyyən inanmayın. Çünki Adəmlə Həvva o məlum almanı yeyən gündən bu sual cavabsız qaldı...

Həmin insanları yaxından tanısaq görəcəyik ki, çəkdiyi keflərdən dəm vuranların əksəri tənha, cinsi həyatı olmayan, həyatı boyunca özünü-təminlə əlləşənlərdir.

Allaha qulluq etməyi ən vacib əməl sayanlar isə ruhla cəsədin istəkləri arasında çabalayırlar. İnsan özündə olmayana can atır. Bəs necə olmalıydı?! Bundan artığını gözləyirdiz? Axı bizlər Adəm və Həvvanın nəslindənik.

Adəm və Həvva. Rəssam Lucas Cranach

Əsrlərdir Həvvanın yediyi alma bizi şirin cənnət xülyalarından ayırmayıbmı? Əslində Həvvanın yediyi alma simvolik məna daşıyır.

Adəm və Həvvanın yediyi alma onlarda cinsi istək yaratdı və... Və hər şey insan təbiətinin axarında baş verdi.

Bunu Allahın özü də yaxşı bilirdi ki, insan öz təbiətinin tələbinə əməl edəcək. Onda bu qədər fərqliliklər, yaradılışın əksinə cərəyan edən həyatlar niyə yarandı?!

Babamız Adəm cənnətdən qovulmağı belə gözə alıb, öz arzusunu, ruhi və bioloji ehtiyacını sevdiyi qadın Həvva ilə yaşamağa xərclədi.

Xərclədi ki, bizlər bundan dərs alaq. Xərclədi ki, təbiətimizin gərəyincə yaşayaq. Xərclədi ki, saniyəlik mənalı yaşamağı, məzmunsuz əsrlərlə, hətta əbədiyyətlə belə dəyişməyək.

Tanrının yazdığı irihəcmli və mürəkkəb süjetli romanın epiqraf-metaforuna çevrildi alma əhvalatı.

Milan Kundera “Kimlik” romanı ilə sevgini, seksi və köhnələn insan ömrünü sorğuya çəkir.

Tarix, fəlsəfə, din və həyatın qarışıq atmosferində boğulan dəyərlər ədəbiyyatın estetik müstəvisində nəfəs alır. Kundera həyatın ən mürəkkəb, çıxılmaz düyünlərini ironiya və gülüşün duyum gücü ilə toxuyur.

Elə ilk romanı “Zarafat” da gülüşün içində gizlənmiş ironiya və kədəri Praqadan Parisə köçürdü. Kim bilir, bəlkə də gülüşün Praqadan Parisə hüznlü hicrəti olmasaydı, bugünkü yazımız ya olmayacaq, ya da “Kimlik”siz qalacaqdı.

Hə, “Zarafat”ın qəhrəmanı Lüdvik sevgilisi Marketaya məktub yazır:

“Optimizm insanlığın tiryəkidir. Sağlam ruh, əbləhlikdən başqa bir şey deyil. Yaşasın, Trotski”.

Sevgilisinin qayğısız davranışından əsəbləşərək yazdığı məktub Lüdviki işindən və Kommunist partiyasına üzvlükdən məhrum edir. Yumorun incəliyi Kundera qələmində siyasi qarşıdurmalar və eşq dramlarına qapı açır.

Lüdvik bir ziyalı kimi elə düşünsəydi, xalqı üçün fədəkarlıq etmiş olardı. Şüurlu olmayan etiraz onun həyatını alt-üst edir. Ziyalıların biganəliyini ələ salan Kundera adi bir əhvlatı ölkəsinin acı taleyinə çevirir.

Yazıçının başlıca məqsədi çex ziyalıların düşdüyü vəziyyətə gülmək deyil. Əlbəttə, Çexiyanı unudan və Komunist partiyasında işıqlı gələcək planları quran ziyalılara ironiya var. Daha çox fərdlər, şəxsi talelər ön plandadır.

Şüurlu olmayan instinktlər və davranışların ekzistensial sürprizlər yaratmaq gücü zarafatla metaforlaşır. İnsana düşmən olan hadisələr zənciri və cəmiyyətin fərdə münasibəti rəsm edilir.

Necə ki, XIX əsrdə Rusiyada yaşayan, dünyanı gözəlliyin xilas edəcəyinə inanan bir nəfər vardı. Və o fərd cəmiyyət qarşısında aciz idi. Hər kəs onu gicbəsər adlandırırdı.

Deməli, zaman və məkanın fərqi yoxmuş. XX əsrdə Praqada yaşayan Lüdvik də cəmiyyətin amansızlığı qarşısında çaşıb qalır.

Kundera “Zarafat”la fərdin azad, müstəqil düşüncəsinə toplumun etirazını qələmə alır. Toplumun fərdi özünə tabe etmək ehtirasının lənətini hüznlü simfoniya notlarına çevirir. Qalanı... qalanı sadəcə estetik dekorasiyadır.

Tanrının gülüşü

“Laqeydlik şənliyi” romanı dünya ədəbiyyatşünaslığında Milan Kunderanın bütün əsərlərinin xülasəsi hesab olunur.

Kundera yaradılışın, mövcudluğumuzun hər anını fəlsəfə və elmin quru nəzəriyyəsindən çıxarıb insanın özündə yaşadır. Bu baxımdan, onun istənilən romanı digərlərinin abstraktıdır.

“Kimlik” roman sənətinin kəşf etdiyi konkret və mücərrəd nəsnələrin, duyumların kodlaşmış bədii indeksidir.

Umberto Eko “Açıq mətn” kitabında Avropada poetik kəşflərin antik yunan ədəbiyyatından başladığını bildirir. Poetik düşüncənin inkişaf tarixi “Açıq mətn”də idealdan konkretə, konkretdən mücərrədə, oradan da ehtimal estetikasına doğru sadalanır.

Eko bu diaqnozu ilə ədəbiyyatın insana baxış tarixini də aydınlaşdırır. “Kimlik” romanı idealizmdən qidalanan Aristotel poetikasından ehtimallara açıq postmodernizmə qədər hər növ estetik dəyərlərlə şəxsiyyət probleminə ədəbi şərh verir.

"Varlığın dözülməz yüngüllüyü” yaradılışın nüvəsindəki eşqin və cinsəlliyin, “tanrısız və insansız” dünyanın kitabıdır.

“Kimlik” də Kundera romanlarının intellektual emosiyasıdır. Varlığımızın səbəbinə gülüşdən doğan yaşantılarla yanaşan yazıçı roman sənətinin doğuşuna ən uyğun bənzətmə ilə yanaşır:

François Rabelais (Fransua Rable)

“Xariqə bir yəhudi atalar sözü var: İnsan düşünər, tanrı gülər. Mən Rablenin bu atalar sözündən təsirlənərək bir gün tanrının gülüşünü duyduğunu və ilk böyük Avropa romanının belə doğulduğunu xəyal etməyi sevirəm.

Roman sənətinin dünyaya tanrının gülüşünün əks-sədası olaraq gəldiyini düşünməkdən xoşum gəlir”.

Gülüş roman sənətinin yaranmasından günümüzəcən tanrının (insanın) tapdığı ən böyük metafordur.

Tanrı (insan) özünü və təbiəti xilas etmək üçün roman sənətini yaratdı. Milan Kundera romanlarında həyatın ekzistensial xəfifliyi dünyanın ən ağır yükünə çevrildi və... Və insanın öz təbiətindən və zamanın sürpriz dəyişilmə, yenilənmə çarxında yaşanan sarsıntılarla mübarizəsindən yaxa qurtara bilmədi

İfrazat maşını

Kundera insanın qocalmağa məhkumluğunu gülüşün hüznünə qovuşdurur “Kimlik” romanında.

Bu dəfə Tanrı qocalmaqdan yaxa qurtarmaq istəyən Şantala gülür. Özündən yaşca kiçik və avara Jan-Markla yaşadığı eşqin köhnəlməsi Şantalı narahat edir.

Jan-Mark insana “ifrazat maşını” kimi baxır. Eşqin cinsi tərəfi maraqlandırır onu. Jan-Markı Şantala bağlayan tək istək seksdir. Səfərdə olanda belə, “yaşlı sevgilisinin” bədənini arzulayır.

Ancaq yavaş-yavaş köhnələn, qırışan dərini təzəsi ilə dəyişməyin ssenarisini də qurur ağlının dərinliklərində.

Jan-Mark gənc və yaraşıqlı Tomaşı (“Varlığn dözülməz yüngüllüyü”) xatırladır. Tomaş əlindəki imkanlardan və imkansızlıqdan qurtula bilmədiyi üçün ehtirasın xəfiflik və ağırlığı arasında qalır. Jan-Markda isə imkanlar azdır, sərhədlidir. Şantaldan asılıdır. Tomaş Terezaya ruhun ağırlığı ilə, Sabina və digər qadınlara isə cismin xəfifliyi ilə bağlıdır.

Jan-Markda cismlə ruh yer dəyişir. Şantalın evində və onun qazancı ilə yaşamaq adi hal alıb. Ona görə ruhən də tabe olmalıdır zəhmətkeş sevgilisinə.

Jan-Mark sevgili dəyişmək üçün səbəblər də tapır. Ən gözəl bir qadından belə, iyrənmək olar. Qadın nə qədər gözəl olsa da, onun bioloji ifraz və ixraclarında gizlənən çirkinliyini izləmək bəsdir: Burun seliyinin davamlılığı, yel buraxması, sidik kisəsini boşaltması və s. İnsanın gündəlik zəruri ehtiyac və adətləri necə də gözəl obrazlaşdırılır.

Kundera insan təbiətinin fiziologiyasında da tanrının gülüşünün yatdığını bildirmək istəyir. Ehtiyacın ən xırda anları belə, gülüşün estetik dekorudur Kundera qələmində. Yazıçı demək istəyir ki, əgər bir “kimlik” axtarışındayıqsa, “göz qapağının bağlanıb açılması” da ədəbiyyatın estetik müzakirə obyekti ola bilər.

Jan-Mark “göz qapağını yumub-açmağa nifrət edir. Çünki, ruhun aynası olan gözlər hər dəfə bu fizioloji ritualı təkrarlayır və keçmişi silir. Gözqapama ritualı ruha, xatirələrə bir xəyanətdir Jan-Markın düşüncəsində.

Kundera elə bu an tanrını qabaqlayır. İnsanın cılız təsəvvürlərlə ömür tükətməsinə şaqqanaq çəkir. Bir yandan da sənətin çoxsəsliliyi öz işini görür.

“Gülüşün və unuduluşun kitabı”ndakı sosial həyatla siyasətin müharibəsinə mesajlar mətnlər arasında virtual dünya yaradır sanki.

“Gülüşün və unuduluşun kitabı” siyasətin deyil, fərdin kitabıdır. “Kimlik” romanında Jan-Markın unutmağa duyduğu nifrət yumorun zirvə nöqtəsidir. Gülünclük Markın Şantalı unutmaq və ondan qaçmaq istəməsindədir.

“Gülüşün və unuduluşun kitabı”nda insanlar inqilab uğrunda mübarizə aparsalar da, ondan uzaqlaşmışdılar.

"Roman şüuraltını Freyddən, sinfi mübarizəni Marksdan əvvəl kəşf edib." Milan Kundera

“Roman sənəti”ndə bu əsərin kəşf etdiyi həqiqətə baxaq:

“Gülüşün və unuduluşun kitabı"nda Praqa baharı siyasi-tarixi, sosial bir hadisə kimi yox, əsas ekzistensial vəziyyətlərdən biri kimi nəql olunub:

Bir fərd (bir insan nəsli) hərəkətə gəlir (inqilab edir), lakin sonradan bu hərəkət (inqilab) onun nəzarətindən çıxır və bir daha ona tabe olmur (inqilab dəhşət verir, qətl və dağıntı törədir).

Bu məqamda o, nəzarətdən çıxan prosesi yaxalamaq və cilovlamaq üçün hər yola əl atır, (bu nəsil müxalif və reformist bir hərəkat yaradır), amm boş yerə. Əldən çıxan inqilabı bir daha yaxalamaq müşkül məsələdir”.

“Gülüşün və unuduluşun kitabı”nın birinci hissəsi olan “İtmiş məktublar” iflic yaddaşın kitabəsidir.

Mirek və Zdenanın sürüşkən eşq macəraları Çexiyadakı siyasi-inqilabi hadisələrin mahiyyəti ilə səsləşir.

Mirek Zdenaın bədəninə sahib olduqdan sonra onu unudur. 1939-cu ildə almanların Bohemia Krallığına daxil olması xalqı sevindirir və keçmiş unudularaq yeni həyat qurulur. Ardından 1945-ci ildə rusların gəlişində də eyni vəziyyət yaşanır.

Fərqli müdaxilələrə eyni gülünc reaksiya və unutqanlıq yumordan tənqidi gülüş mərtəbəsinə ucalır.

Mirekin Zdenaya olan sevgisi də dəyişkəndir. İnsanların arzu və istəklərinin azdırılması, yön dəyişməsi unutmağın gülməli kitabını yaradır.

Zdenanın göz yaşları romanda obraz səviyyəsində təsir bağışlayır. Göz yaşları “Gülüşün və unuduluşun kitabı”nda ifrazat maşınıdır. Mireklə Zdenanı bir-birinə yaxınlaşdıran da uzaqlaşdıran da göz yaşı təşbehidir. Lap Füzuli qəzəllərində olduğu kimi.

“Azdırılmış vəsiyyətlər” kitabında zamanın təbii axarında yenilənən və köhnələn ədəbiyyata baxış estetikası Kunderanın yozumlarında yenidən yazılır.

“Kimlik” romanı Kunderanın ədəbiyyata baxışı ilə həmin düşüncələri praktiki, əyani şəkildə sərgiləməsi arasında montaj aparatı rolunu oynayır.

Tarixinin ayr-ayrı zamanlarında yaşayan roman qəhrəmanlarını digər əsərlərində bir daha dirildib-öldürdüyü kimi, Jan-Markın xarakterində də eyni estetik cərrahiyyə əməliyyatı aparır.

Jan-Markın ehtirası, yaşantısı səviyyəsində dəyər qazanan “Unutmaq” sözü yazıçının bütün romanları arasında simvolik ünsiyyət yaradır. Unutmağın parodik yumoru “Həyat başqa yerdədir” romanında Yaromilin melanxolik xarakterində də yaşayır... Yaşayır və ölür.

Əziz oxucu, tap görək Yaromil haqqında söhbət və onun yaşayarkən ölməsi Kunderanın hansı kitabına göndərmədir. Açar söz: Artur Rembo.

Bu ölkə sizi sıxır

Şantal kişilərin artıq ona baxmadıqlarını hiss etdiyi gündən həyatı dəyişilir. Başqa kişilər baxmırlarsa, deməli, Mark da yavaş-yavaş laqeydləşəcək.

Əvvəllər heç kimə və heç nəyə fikir verməyən qadın daha diqqətcil olur. Yolda, avtobusda, restoranda... ətrafına boylanır, özü də kişilər tərəfə.

Şantal özündə ikinci dəfə baş qaldıran qızlıq, ərköyünlük hisslərindən baş aça bilmir.

Kundera təkcə bir qadının ikinci bahar yaşamaq arzusunu deyil, həm də insanın özünə-pərəstiş duyğusunu romanın ekzistensial probleminə çevirir.

Şantal qocaldığını dərk etdiyi gündən həyatı sorğu-sual edir. O, küçədə “budağında uşaqlar sallanan ağaca bənzəyən” kişini görəndə sarsılır.

Kişi kürəyi və sinəsinə bağladığı uşaqlar yetmirmiş kimi, birinin də əlindən tutub vecsiz və xoşbəxt addımlarla yeriyir. Gördüyü bu mənzərə köhnə ərini və 5 yaşında ölmüş oğlunu yadına salır.

Milan Kundera bu səhnələri təsvir etməklə oxucunun diqqətini insanın çürüyən ömrünə yönləndirir. Həyatını yalnız övladlarına həsr edən insanın özü həyatdan uzaqlaşırmı?! Yaxıd da Şantal kimi övladsız, “azad” insanlar. Onlar necə? Geçək həyat bunlardan hansıdır?!

Şəxsiyyətə polifonik aspektlərdən baxış kimlik axtarışıdır. Roman şəxsiyyəti didik-didik təhqiq edir.

Jan-Mark da öz həyatını və istəklərini sorğuya çəkir. Qadınların bir-birindən çox kəskin fərqlənmədikləri, demək olar ki, eyni olduqları qənaətinə gəlir.

Gəlməyinə gəlir, ancaq Şantaldan ayrılmağın yolunu da tapır. Kunderanın hadisədən çıxardığı sual isə daha fərqli və ağırdır: Bəs yaşlı qadınların gənclərdən fərqi yoxdurmu? Yoxdursa, Jan-Markın qərarına nə deməli...

Adətən Şantalı qayğılarından uzaqlaşdıran iş yeri də onu ovutmur. Şantalın ölən müdiri Lüsien Düvalın cənazə mərasimi üçün reklam kampaniyası başladılır. Bu maraqlı hadisə bir-birindən soyuyan sevgililəri yaxınlaşdırır.

Sevgililər Lüsien Düvalın ölümdən sonra yaşaya bilməsi, reklamı üçün Şarl Bodlerin misralarından istifadə edirlər:

“Ey ölüm, qoca kapitan, vaxt yetişdi!..

Bu ölkə bizi sıxır artıq, ey Ölüm!

Sonsuzluğa fırladaq çərxi!"

Jan Mark ölüm haqqında ən gözəl şeiri cənazə reklamının devizinə çevirir:

“Hazırlayacağın kampaniya üçün də o şeirdə kiçik bir dəyişiklik etməyin kifayətdir: Bu ölkə sizi sıxır. Lüsien Düval, qoca kapitan çərxi boşluqlara fırladacaq”.

Bodlerin şeirinin lirik xarakteri Jan-Markdı. Və bir də Şantal. Saniyələri, dəqiqələri və illəri aşaraq günümüzə gəlib çıxan şeir modern həyatın güzgüsü olur. XIX əsr XX yüzilə transformasiya edilir. Markı da, Şantalı da sıxan modernləşən həyatda təbiiliyin və insanın özünə inamının itməsidir.

"Üç muşketyor". İllüstrasiya

“Ölkənin insanları sıxması” isə totalitar qurum və “həqiqətlərə” etirazdır. Sevgililər daha sonra A.Dümanın “Üç muşketyor” romanını şərh edirlər.

Üç muşketyorun möhkəm dostluğu onları heyran edir. Bəs niyə dövrümüzdə elə dostluqlar yaşanmır?! Çünki bizlər dostlarımızdan qeyri-səmimi olmağı tələb edirik. Həm də müşketyorlar sadəcə roman qəhrəmanlarıdır axı.

Ədəbiyyatla bağlı söhbətlər “Ölümsüzlük” romanının qəhrəmanını – “ilahi təhkiyəçi”ni yadımıza salır. Siz də xatırlayırsızmı?

“Little boy”

“Bunu heç vaxt unutma: Bizim dinimiz həyata tərifdir. “Həyat” kəlməsi, sözlərin şahıdır. Digər kəlimələri öz cazibə dairəsinə alan başqa bir şah söz də macəradır. Bir də “Gələcək və ümid sözləri!

Yeri gəlmişkən, Xirosimaya atılan atom bombasının parolu nəydi, bilirsənmi? Little Boy! Bu parolu tapan dahi idi. Daha yaxşı adın tapılması mümkünsüzdü.

Little Boy, balaca uşaq, körpə, tifil, bundan daha sevimli, daha təsirli, daha dolğun başqa bir kəlmə düşünmək imkansızdı.

“Bəli, başa düşürəm” - dedi Jan-Mark təbəssümlə. “Xarabalıqların üstünə ümidin qızılımtıl sidiyini boşaldan “Little Boy”un şəxsiyyəti timsalında Xirosimanın səmasında uçan həyatın özü idi. Müharibəsonrası dövr, bax, belə başladı”

Məsih

Şantalla Jan Markın bu dialoqunda Kundera həyatı və insanları təhlil edir. Dünyaya gəlmək insanın öz seçimi deyilsə, niyə həyatla ölümün macərası arasında qalır.

Gələcəyə hər zaman ümidlə baxsa da, zaman ona qarşı ən böyük düşməndir. Çünki hansı vaxtda, nə zaman necə bir sürprizlə qarşılaşacağını bilmirsən. Din dirilişin, həyatın simvoludursa, niyə insanları ölümdən xilas edə bilmədi!?

Hərəkətdən, fəaliyyətdən ibarət olan həyatın ən böyük mübarizəsi insanladır. Hərəkətin özü də insanın əleyhinə çevrilən, onu istəmədiyi bir yaşayışın içinə sürüyən səbəblər toplusudur.

Sirano və mismarlanmış qapılar

Bir zamanlar Bakıda yaşanan telefonla bağlı eşq hekayəsini xatırlayırsızmı? Fərqli bir estetik qurluşu olan bu eşq hekayətinin qəhrəmanı Seymur sevdiyi qadınla başqa bir kişinin cildinə girərək danışır. Hadisələr o həddə çatır ki, Seymur özünü – Rüstəmi qısqanır. Hətta Rüstəmin mövcudluğuna belə, inanır.

Jan-Mark da Şantaldan ayrılmaq üçün yad bir imza ilə ona sevgi məktubları yazmağa başlayır.

Yad kişilərin ona diqqət bəsləməməsindən narahat olan Şantal bu hadisədən təsirlənir. Artıq Şantalın həyatı yad kişinin arzularından asılı vəziyyətə düşür. Yad kişinin istəklərinə şərtsiz əməl edir. Xoşlamadığı qırmızı rəng paltarlar Şantalın həyatını bəzəyir: Qırmızı alt paltarları, büstqalterlər, paltolar və zinət əşyaları.

Kundera şəxsiyyət ikiləşməsini... başqalarının arzusuna çevrilən həyatlar, öz varlığının səbəblərini itirmək, düşüncənin iflici kimi modern problemləri şüuraltı mesajlarla tədqiq edir.

Jan-Mark Şantalda baş verən dəyişikliklərə heyrətlənir. Məhz bu heyrət onda öz avtoportretinə qarşı həsəd hissi yaradır. Jan-Mark özü olduğu anlarda kəskin şəkildə Şantalın sevdiyi yad kişi olmağın həsrətini çəkir.

İnsanın öz ruhundan və bədənindən azad olmaq ehtirası Kunderanın yozumunda obrazlaşır.

Jan-Mark Şantala yazdığı məktublarda SBD imzasından istifadə edir. Yalnız birinci hərf simvolik məna ifadə edir. Sirano: başqa kişinin cildinə girmək. SBD-lə Kundera qəhrəmanlarının anonim, kimliyi bəlli olmayan şəxslər olduğunu demək istəyir.

Franz Kafka

Kafkanın anti-qəhrəmanı K.-nın da konkret adı yox idi. K. qeyri-müəyyən, məchul dünyanın kimliksiz şəxsi idi. K.-nin əsərdə olub-olmaması arasında o qədər fərq yoxdur.

Kimlik axtarışında olan Kundera cəmi iki səhnədə canlandırdığı Jan-Markın dostu F. ilə Franz Kafkaya göndərmə edir. F. görünür və yoxa çıxır. Daha doğrusu, ölür. F.-nin ölümünün zahiri səbəbi yataq xəstəsi olmasıdır.

Mətnin estetik qatında isə modern həyatın və yalqızlığın həyəcan təbilini çalan K.-nin həyatda və ədəbiyyatda öldüyünə işarədir. Axı K.-nin dövründə dünya böyük savaşlardan xəbərsizdi...

Şantal Jan-Markın məktubu yazan şəxs olduğunu biləndə həyatda sığınacağı kimsə qalmır. Markı evdən qovandan sonra Parisdən Londona gedir.

Bir vaxtlar qoca ingilisdən seks ziyafətinə dəvət alan Şantal cinsi həzzlərlə çəkdiyi dərdlərdən xilas olacağını sanır... Qoca ilə mismarlanmış qapılar arxasında söhbət dərin illüziyalar aləmində baş verir.

Mismarlanmış qapılar insanın ömür boyu ruh və cismə həbs olunmasına eyhamdır. Şantalın söhbət etdiyi qoca 5 yaşında dünyasını dəyişən oğludur.

(Əziz oxucu, əsərin ən maraqlı hissəsinə daha çox izah vermək istəmirəm. “Kimlik” romanını özün oxu ki, Şantalın ölən oğlu ilə necə görüşdüyünü biləsən. Əmin ol ki, bu yuxu və yaxud xəyal deyil. Gerçək dünyada baş verən bir görüşdür) Kundera ana ilə ölən oğulu görüşdürür. İnsanın həyatın müxtəlif anlarında itən, yox olan duyğularını heç olmasa ədəbiyyatda bərpa etmək istəyir...

Mikrofon

Kundera, Ceyms Coysun “Uliss” romanını insan şüuraltını, kodlaşmış gizli düşüncələri yenidən kəşf edən mətn səviyyəsində görür:

“Coys Blumun başının içinə bir mikrofon yerləşdirib. Daxili monoloqdan başqa bir şey olmayan bu fantastik casusluq sayəsində biz nə olduğumuz haqda məlumat aldıq. Amma mən bu mikrofondan istifadə edə bilməzdim”.

Kundera bu məqamda təvazökarlıq edir. Coysdan əvvəl və sonra roman sənətində işlənən insan yaradılışı, şüuraltı diktələr “Kimlik”də yekun nəticə verir.

Kundera Coysdan fərqli olaraq, mikrofonu çölə çıxardır. Səsgücləndirici ilə bəşəriyyətə hayqırır. Ancaq o hayqırışın özündə dərin pıçıltı anları yaşayır:

Şantal ətraf aləmlə ünsiyyətə girir. Yeri gələndə ağaclar, çiçəklər, cansız əşyalar belə, insanın yalqızlığından məsuldur. Axı dünyanın təbiiliyi pozulub. O zaman insan da mənəvi deformasiyaya məruz qalıb.

Şantalın şəxsiyyət problemi varlığı heçliyə doğru gedərək yüngülləşən Tomaşı yada salır. Şantalın Tomaşdan fərqi qadın hiss və həyəcanından qurtula bilməməsidir. O, Floberin Madam Bovari, Tolstoyun Anna Karenina xarakterlərinə göndərmədir. Madam Bovarini də, Anna Kareninanı da qayğısızlıq öldürmədimi?

Şantalı da ruhi çöküşə hazırlayan səbəblər Jan-Mark və digər kişilərin ona qarşı laqeydliyidir. Kundera sənayesonrası dövrdə yaratdığı insan kimliyinin estetik xarakteristikasını verir:

İnsan şəxsiyyəti kəşf edilməsi mümkünsüz bir dəfinədir. Bir insanın bilgisi, duyğuları və ehtirası nə qədər güclüdürsə, bir o qədər kimlik problemi var...

Yazıq Jan-Mark

Gənclik illərində Jan-Markı qəribə bir hiss bürüyür. Bir gün avara, heç kimə və heç bir işə yaramayan səfil varlığa çevriləcəyini düşünür.

Məhkəmədə dostu F. həqiqəti demədiyi üçün düşündükləri başına gəlir. O gündən F.-ə qarşı dərin bir kin, nifrət hissi bəsləyir. Halbuki, F. üçün həqiqət susmaq idi. Çünki susmasa öləcəkdi.

Jan-Mark səfil vəziyyətini gizləmək üçün Şantalın evində sığınacaq tapır. Ancaq zamanla onun heç bir işə yaramadığı, hətta sevgisində vəfasızlığı üzə çıxır.

Kundera dövrümüzün Alonso Quixadasını Jan-Markın timslında yaradır. Kəndli Alonso da öz səfil həyatından qurtulmaq üçün Lamançlı Don Kixot olduğuna özünü inandırmırmı?

“Yoxsul bir kənd əsilzadəsi olan Alonso Quixada roman tarixini yaradılışla bağlı soruşduğu 3 sualla başlatdı. Bir fərdin kimliyi nədir? Həqiqət nədir? Eşq nədir?”

“Kimlik” romanı da məhz bu suallara cavab axtarır. Bir fərdin kimliyi Şantalın dəyişkən hiss və həyəcanlarında, Jan-Markın isə avara xülyalarında gizlənib. Həqiqətin hansında gizləndiyini demək olduqca çətindir.

Eşq nədir sualına cavab isə hər iki xarakterin ayrıldığı andan etibarən dəyişən arzularıdır. Şantal ayrılandan sonra daxili bir hüzur əldə edir.

Jan-Mark isə sevdiyi qadını itirdiyi andan etibarən sevdiyi qənaətinə gəlir. Deməli, “Kimlik” eşqin, həqiqətin və şəxsiyyətin nisbi qavramlar olduğunu yenidən kəşf edir.

Yeri gəlmişkən, “Nisbilik nəzəriyyəsi”ni də roman sənəti Eyinşetndən öncə kəşf edib. Don Kixotun melanxolik davranışları buna ən böyük misaldır.

Gözlərimi qırpmaq məni qorxudur

“Şantal! Şantal! Şantal!”

Jan-Mark Şantalın bu səslə sarsılan bədənini qolları arasına sıxmışdı.

“Oyan bütün bunlar gerçək deyil.”

Şantal, onun qolları arasında titrəyirdi...

Və mən (Kundera) indi özüm özümdən soruşuram: Xəyal edən kimdir? Bu hekayəti xəyal edən hansıdır? Şantalmı? Jan-Markmı? İkisi birdənmi? Yoxsa, biri digərinin yerinə xəyal edir? Və gerçək həyat hansı andan başlayaraq bu xəyanət fantaziyasına çevrildi?..”

Kundera oxucu ilə oyun oynayır. Və beləcə ehtimallar pərdəsi aralanır. Əsər Şantal, Jan-Mark, Kundera və oxucunun mətni və həyatı ola bilər.

Ya da bu ehtimalların heç biri baş verməz. Kunderanın “Kimlik” romanından 19 il sonra küləklər şəhərində yaşayan bir yazıçı 123 səhifəlik romanının sonuna gələndə danışdığı əhvalatın baş vermədiyini bildirir. Sən demə, həqiqət Feysbukda baş tutan qısa dialoqda gizlənib. Milan Kundera da, küləklər şəhərində yaşayan romançı da 3 zaman prinsipini irəli sürür. Yazıçının özünün mətni yazdığı vaxt ərzində baş verən pərdəarxası hadisələr.

İkincisi, qəhrəmanların yaşadığı zaman və məkan qrafiki. Bir də şəxsiyyətlərin, obrazların br-birinə qarışdığı gerçək həyatla xəyal dünyasının sərhədlərinin pozulduğu zaman.

“Kimlik” Avropaya roman yazmağı öyrədən şərqli bir yazıçının istifadə etdiyi texnikadan bəhrələnib. Şəxsiyyətin çoxsəsliliyi prinsipi həm də romanın necə və nə şəkildə yazıldığını fərqləndirə bilməyən müəllif obrazının düşüncəsində gizlənib. Romançının oxucu ilə əylənməsində. Danışılan həyatın qurmaca bir oyun olduğu estetik düşüncə yaradır...

Şantal romanın sonunda Jan-Marka deyir:

“Gözlərimi səndən çəkmək istəmirəm. Heç dayanmadan sənə baxmaq istəyirəm." Və kiçik bir fasilədən sonra: “Gözümü qırpmaq məni qorxudur. Baxışımın söndüyü o anda sənin yerini bir ilanın, bir siçovulun, başqa bir kişinin tutmağından qorxuram”.

Kafkanın Qreqor Zamzası bir səhər ayılıb həşərata çevrildiyini görməmişdimi? Biz də həyatımız boyu yatsaq, öz kmiliyimizi sorğu-sual etməsək, qarabasmalara, kabuslara çevrilən ömür yaşamış olarıq.

“Kimlik” romanı insana təbiətinin tələb etdiyi şəkildə yaşamağın yolunu göstərir. İnsan təbiətinə əməl edərsə azaddır. Ancaq bu dünyada mütləq azadlıq yoxdur.

Şantal gözünü yumarsa ruhunun bir çox istəklərinə, təcavüzlərinə bulaşcağı həqiqətini dərk etmişdir artıq. İnsanın ruh və cəsədə həbs olunması bir daha simvolik mənalandırma qazanır.

Romanın başqa bir hssəsi məna estetikasını genişləndirir. Şantalın iş yoldaşı Leroy ana bətnində olan uşağın kamera ilə çəkildiyini danışır. Həmin uşaq akrobatik hərəkətlərlə fırlanıb cinsi orqanını əmir, orqazm olur.

Kunderanın bu səhnəni təsvir etməsi kimlik axtarışına yığcam estetik cavabdır. Fərdin azadlığına, arzu və ehtiraslarına ana bətnində belə təcavüz edirlər. Orda belə, rahat buraxmırlar.

“Qəsr” romanında K.-nin başının üstünü kəsdirən gözətçilər ona sevgilisi ilə intim həyat yaşmağa macal vermirdilər.

“Kafka yalqızlığı deyil, yalqızlığa edilən təcavüzün lənətini” qınayırdı. Milan Kundera isə “K.”nı daha geriyə - ana bətninə apararaq, o müqəddəs, təhlükəsiz hesab olunan məkandakı təcavüzün daha şiddətli lənətini mənalandırır.

“Kimlik” romanının yumoristik sonluğu isə oxcunu optimist əhvala kökləyir. Roman sənətinin həm də estetik oyundan, zövqdən yaranması məntiqi aşılanır.

Sevişin və çoxalın

Şantalla oğlunun görüş səhnəsi ədəbiyyat və həyatın estetik epiqrafıdır:

“Adam ona tərəf əyilir, əllərini əlləri arasında oxşayır və təlaşsız, inam dolu bir səslə bunları deyir: “Ana, körpənizi unudun, ölülərinizi unudun, həyatı düşünün!”

Şantala gülümsəyir. Sonra əliylə, çox böyük, çox uca bir şeyi tərif edərcəsinə geniş bir hərəkət edir: “Həyat! Həyat, ana, həyat!”

O gülüş və o əl hərəkəti Şantalın ruhuna qorxu kimi dolur.

Ayağa qalxır, bədəni titrəyir, səsi titrəyir: “Hansı həyat? Həyat dediyimiz şey nədir?”

Düşünmədən soruşduğu bu sualın ardınca başqa bir sual gəlir: Yaxşı, bu ölümdürsə? Ölüm deyilən şey elə budursa?!”

O halda həyatımızı ölümə çevirməyək, heç bir düşüncə və rejimin qurbanına çevrilməyək.

“Nəsihət vermək insana çox cazibədar gələ bilər, lakin ədəbiyyat üçün ölümcüldür. Yalnız insan varlığının bilinməyən bir tərəfini ortaya çıxaran ədəbiyyatın bir dəyəri vardır. Yazar olmaq, bir həqiqət haqqında nəsihət vermək deyil, yazar olmaq bir həqiqəti kəşfdir”.

Kundera ilk romanı “Zarafat”dan sonuncu kitabı “Laqeydlik şənliyi”nə kimi həyatın hansısa bir yönünü kəşf edib.

“Zarafat” romanının qəhrəmanı Lüdviq, Kunderanın öz prototipidir. Kundera zarafatın həyatımızda yaratdığı, yarada biləcəyi faciəni göstərir. Eyni zamanda həyatın bizlə olan zarafatlarından küsüb kənara çəkilməməyi öyrədir. Pessimist düşüncələrdən uzaqlaşıb sürpriz zarafatlarla sülh içində yaşamağı tövsiyə edir.

Necə ki, özü də Parislə Praqa arasında yaşanan zarafatlarla barışdı. Və dünyanın ən fərqli romançısı olaraq, həyatın içinə daxil oldu. Dünyadakı bütün despot rejim və düşüncələrin çirkinliyini sənətin gözəlliyinə çevirdi.

"Laqeydlik şənliyi" romanında qardaşların anaları ilə xəyali görüşü Şantalla qoca oğlunun görüşünə parodiyadır. “Kimlik” romanında Jan-Markın laqeyd davranışları kəşf olunan ən böyük təbiilikdir. Laqeydlik sənin təbiətində varsa onunla yola getməyi bacarmalısan.

“Laqeydlik şənliyi” isə bütün dünyaya meydan oxuyan romançının şah əsəridir. Niyə şah əsəridir? Bu sualın cavabını başqa vaxta buraxıb qısaca şərh verək.

(“Laqeydlik şənliyi” romanı ilə bağlı izahımızı təxirə salmağın özü belə, laqeydlikdir.) Fərdin hadisələrə laqeyd, mənasız yanaşması və yaxud öz mənfəəti üçün həqiqətə göz yumması laqeydliyin qorxunc şənliyidir. Dünyada baş verən müharibələr, anti-demokratik rejimlər də həmin laqeydlikdən törəyir.

“Kimlik” romanı dul və kimsəsiz Şantaldan “Bilməmək”in qəhrəmanı İrenaya göndərmədir.

Gülünc eşqlər”, “Ayrılıq valsı” və “Xəfiflik” romanaları eşq, erotizm və unutmaq bucaqlarında “Kimlik”in bədii-estetik bünövrəsini təşkil edirlər.

“Kimlik” Kunderanın bütün romanlarına polifonik məktubdur...

“Kimlik” romanının ən böyük kəşfi budur: Varlığımızla bağlı mürəkkəb suallara cavab axtara-axtara ömrümüzü puç etməyək. Sevişək və çoxalaq... Sevişək və çoxalaq!..

Sev! Həyatı sev! Unutma, həyatı sevməyin ən gözəl yolu isə sözdən keçir. Axı əvvəl söz varıydı. Həmin söz insanı, insan da ədəbiyyatı yaratdı. Ədəbiyyat da həyata sonsuz ehtirasla bağlılığı. Qısası, Sevməyi!