«Cahangir Hacıyev kreditin 200 milyonunu qaytartdıra bilib»

Cahangir Hacıyev

-

Beynəlxalq Bankın keçmiş sədri, hazırda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Cahangir Hacıyevin vəkili Aqil Layıcov AzadlıqRadiosunun suallarını cavablandırıb:

- Aqil bəy, hazırda Cahangir Hacıyevin vəziyyəti necədir?

– Onu qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayırlar. Halbuki çoxdan Hacıyevi Bakı İstintaq İdarəsinə köçürməli idilər. Cahangir Hacıyevlə görüşməkdə bizə hər hansı problem yaradılmır. Düzdür, dərmanlarını da qəbul etdilər, amma yemək, sovqat götürmürlər. Bununla da Hacıyevin hüquqları pozulur. Onun gündəlik, qanunla müəyyən olunmuş sovqat götürmək hüququ var. Amma Bakı İstintaq İdarəsində saxlanılan şəxsin hüquqları qorunur, ona yemək çatdırmaq olur. Cahangir Hacıyev səhhəti ilə bağlı yeməyinə diqqət yetirməlidir və hər yeməyi yeyə bilmir.

- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Cahangir Hacıyevin Bakı İstintaq İdarəsinə köçürülməməsini nə ilə izah edir?

- Heç nə ilə izah edə bilmirlər. Cahangir Hacıyev dekabrın 4-də saxlanılıb və ayın 5-də qanuna müvafiq olaraq artıq Bakı İstintaq İdarəsinə köçürülməli idi.

- Siz bununla bağlı bütün hüququ addımları atacaqsınızmı?

- Bəli, dekabrın 17-də məhkəmə olacaq. Bundan başqa, yeməyin qəbul edilməməsi, vəkillə yazışmada konfidensiallığın pozulması ilə bağlı da vəsatətimiz var.

- Bəs Cahangir Hacıyevin ev dustaqlığına və ya zaminə buraxılmasını istəyəcəksinizmi?

- Bəli, hazırda Cahangir Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətin üzərində işləyirəm.

- Cahangir Hacıyev ona verilən ittihamları qəbul edirmi?

- Ona verilən ittihamlar mənimsəmə ilə bağlıdır, burda kredit borcudur. Verilən kreditlər layihələr üzrə xərclənib. Əlbəttə ki, Hacıyev ona verilən ittihamları qəbul etmir. Kredit verilibsə, qaytarılmayıbsa, onluq məsələ deyil. Əslində, qaytarılmaqdan da getmir söhbət, kreditin qaytarılmasında ləngimələr var. Bu isə öz həllini tapa bilən məsələdir. Cahangir Hacıyevin içəridə olması bu məsələnin həllinə maneə yaradacaq. O, azadlıqda ikən 400 milyonluq vəsaitin 200 milyondan artığının banka qaytarılmasına nail olub. Öz əlaqələri, kanalları vasitəsilə bunu edib, bəzi sübutlar xaricdədir. İndi istintaq təcridxanasında saxlanması onun bu işi başa çatdırmasına imkan vermir. O, həbs ediləndən sonra bir manat da olsun geri qayıtmayıb.

- Bəs problemli kreditlərin yaranmasında Cahangir Hacıyev özünün də məsuliyyət daşıdığını düşünürmü?

- Biz məsuliyyətli saymırıq. Çünki orda kriteriyalar var, bu kriteriyalar müəyyən olunmalıdır. Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Bu qurumda isə əsas söz sahibi Maliyyə Nazirliyidir.

Dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə Cahangir Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.