Y.V.Çəmənzəminli. Bizlərdə üç növ tərbiyə

Yusif Vəzir Çəmənzəminli

-

"Görürsən, uşağı verirlər rus qulluqçularının (xidmətçi qızla­rın) qucağına, göndərirlər gəzməyə. Qulluqçu küçəyə çıxan kimi aşnası saldat yanını kəsir."

"Nə qədər arvad­larımız sa­vadsız olub, kişilərin alçaq nəfslərinə qulluq etsələr, – uşaqla­rımızın tərbiyəli olmalarına ümid olmayacaq."

Yusif Vəzir ÇƏMƏNZƏMİNLİ

Bizlərdə üç nov tərbiyə

Əcnəbilərdə tərbiyəyə dair hədsiz-hesabsız kitablar yazılıb və yazılmaqdadır. Gündə bu barədə yeni bir fikir, yeni bir tə­səv­vür ortaya çıxır.

Bizlərdəsə bircə risalə də yazılmayıb. Və ta­mam ca­maatımız arasında düzgün tərbiyəyə az-az rast gəl­mək olar.

Y.V.Çəmənzəminli (soldan ikinci əyləşən)

Hal-hazırda balalarımıza verilən tərbiyəni, zənnimiz­cə, üç qismə ayırmaq olar.

Bu qisimlərin bir-birilə təfavütü var­sa da, kəlabatil olub, doğru bir məsləkə qulluq etmirlər.

Əvvə­linci qisim tərbiyə ən qədim halında durub qalmaqdadır. Uşaqlar doğular-doğulmaz bərk-bərk bələk ilə sarınıb, bağla­narlar. Gündə bir çöpçüyə, ocağa (pirə), bo­yaqçı küpünün ba­şı­na apararlar; nadan duaçıların qələmindən keçər, dərvişlər osunlarlar... və ilax. və ilax.

Bunları quru topraq­ların üstə bu­ra­xarlar. Əllərinə keçəni yeyərlər. Toz-toprağa bula­şar­lar. Çirk ol qədər basar ki, üfunətdən yanlarına düşmək mümkün ol­maz.

Paltarları gec-gec dəyişilər, yuyundurulmazlar. Ağız-bu­run­ları milçək yığnağı olar. Bunların başları keçəl, qarınları şi­şik, təmiz hava görməyib, rəngləri sarı olar.

Mənəvi tərbiyələrinə gəldikdə, bu daha da pis. Dili uşağın söz tutar-tutmaz valideynin təhrikilə başlar ətrafdakılara söy­mə­yə.

Y.V.Çəmənzəminli həyat yoldaşı (solda) ilə

Gözünü açar, evdə ata-anası bir yatacağa girib yatdı­ğını görər, əxlaqı pozular. Qulağı həmişə böhtan, yalan, qey­bət eşidər, bu da başlar öyrənməyə.

Ata-anası bir-birilə çarpı­şar, söyüşər, uşaqlar da onların izincə getməyə adət edərlər.

Böylə tərbiyənin nəticəsi üç cürə olar. Ol uşaqlar böyüyüb oğru, əyri, quldur, yolkəsən, adamöldürən olarlar, min evlər yıxarlar, müsəlmana əcnəbilər arasında "vəhşi" ləqəbi qazan­dırarlar və axırda özləri də hədər yerə tələf olub gedərlər.

Əvvəlinci qisim tərbiyə alanlar bir az tərəqqi etsələr, nadan molla, müftəxor seyid, dərviş, duayazan və falçı kimi axmaq şeylər olur, da­rışarlar millətin canına və başlarlar onun olub-qalan qanını sor­mağa. Bunlar əcnəbilər arasında camaatımıza "geridəqalmış" adı qa­za­narlar.

Bir də bu tərbiyədən əmələ gələn xəsis hacılar, mütəəssib kərbəlayılar, riyakar mömün və müridlər olar ki, bəsirət gözləri bağlı mollanın ətəyindən tutub uçurumlara tərəf gedirlər.

Ali məktəbdə oxuyan bir xeyli müsəlman qurtaran kimi ya mil­lə­tin namusunu satar, ya da ki, yalandan camaata qarışıb "mil­lət­pərəstlik" edib, cama­atın ciblərini kəsirlər.

Bun­lar köhnə məsləkdə ola-ola hamını murdar, napak sayıb, özlə­rinin "düz və Allah bəndəsi" olduqlarına fəxr edirlər. Bunlar da əcnəbilərdən mil­lətə "mütəəssib" rütbəsini alarlar.

Bu qisim tərbiyənin insanın bünövrəsinə atdığı köklər ol qə­dər dərin olur ki, insan ondan qəbir evinədək aralana bilmir.

Çoxları hökumət məktəblərinə girirlər, tərbiyəli ailələrdə ömrü­nü keçirir, arif məscislərinə düşürsə də, aldığı tərbiyənin təsi­rin­dən xilas ola bilmir. Danosçu məmurlar, ruslaşmış "ariflər" hə­min bu tərbiyənin meyvə­ləridirlər.

Ali məktəbdə oxuyan bir xeyli müsəlman qurtaran kimi ya mil­lə­tin namusunu satar, ya da ki, yalandan camaata qarışıb "mil­lət­pərəstlik" edib, cama­atın ciblərini kəsirlər.

Çoxları təkyə edirlər, mərsiyəxana pul verirlər və möminləri "feyziyab" etdirib, öz sənət­lərinə rəvac vermək üçün camaata xoş gəlmək istəyirlər. Bu həriflər də köh­nə tərbiyənin toxumlarını ürəklərində bəsləməkdədirlər.

İkinci qisim tərbiyə.

Bu tərbiyə köhnənin təbiiliyindən və həqiqi tərbiyənin sağ­lam­­lığından uzaqdır. Bunda düz və sabit bir şey yoxdur. Özü də əqidə nəticəsi olmayıb, məhz modaya tabe olmaqdan irəli gəlir. Eşidib öyrənməməzliyi hər an, hər dəqiqə bu tərbiyə bü­ruzə verib gendən baxanları gülməyə məcbur edir.

Y.V.Çəmənzəminli

Görürsən, uşağı verirlər rus qulluqçularının (xidmətçi qızla­rın) qucağına, göndərirlər gəzməyə.

Qulluqçu küçəyə çıxan kimi aşnası saldat yanını kəsir.

Bunlar danışdıqları latailləri eşi­dib və tutduqları pis hərəkətləri görüb uşaq özü də mürəb­bisi­ni təqlid etməyə başlayır, uşaqlar bir əxlaqı pozğun qulluqçu­lar qucağında böyüməyib, aşpaz, nökər, mehtər kimi adam­la­rın da qucağında gəzməyə göndərilib, lazımi "məlumat" topla­yırlar.

Böylə tərbiyə almış uşaqlar ilə köhnələrin təfavütü ondadır ki, bun­lar öz dilindən savayı rusca da danışmaq bilirlər. Yoxsa ayrı şeydə onlardan irəli getməyiblər. Bunlar zahirdə işıqlı və tə­miz gözə dəysələr də, batində qulluqçu əxlaqlı, aşpaz ədəb­li, nökər və mehtər tinətli bir şeylərdirlər.

Bunların bir qüsuru da budur ki, ana dillərini danışmağa uta­­nar­lar, eyib hesab edərlər. Özgələr də bu dildə danışdıqda on­ları avam və qanmaz sayarlar. Təbiidir ki, böylə tərbiyənin mey­vəsi olan şəxslər ürəyində camaatımıza qarşı nifrət bəs­ləyirlər və milliyətimizi sevməyən kimi dinimizə də zidd olub, xristianlığa keçməyə həris olarlar.

Üçüncü qisim tərbiyə.

Böylə tərbiyə almış uşaqlar bilmərrə milliyyətdən uzaq sax­la­nırlar. Bunlar ana dillərini bilmirlər, milli adət və qaidələrin­dən xəbərləri yoxdur.

Böylə tərbiyənin səbəbi ya valideynin yarımçıqlığı, ya da ki, əlacsızlığıdır. Yarımçıq ata öylə güman edir ki, övladı öz ana dilini itirib, əcnəbi dili öyrənsə, tərbiyəsi bitib qurtarır.

Halbuki, əsl tərbiyə dildən ibarət deyil, bəlkə uşa­ğın əxlaqını düzəldib, mənəvi aləmini təkamülə çıxartmaqdadır.

Doğ­ruçu tərbiyə gərək əql və zəkaya vüsət versin, nəinki uşa­ğın ürəyində öz milliyyətinə qarşı düşmənçilik toxumu əksin.

Əlacsızlığa gəldikdə, bu da ariflərimizin əcnəbi qızlarına ev­lənməklərindən irəli gəlir. Arif əql dairəsi geniş, məlumatlı bir şəxs olduğundan avam müsəlman qızlarını özünə ömür yolda­şı seçməyini rəva bilmir. Bu dərddən elmli əcnəbi qızlarını və­tən qızlarına tərcih edir.

Əcnəbi qızları islamiyyəti qəbul edir­lər­sə də, türklüyü qəbul etmirlər. Çünki tərbiyələrinin, böyü­dük­ləri mühitin və təlim aldıqları dövlətindən dinlərin dəyişsələr də, milliyyətlərindən çıxa bilməzlər – firəng qızı firəngliyin­də, nemsə qızı nemsəlikdə əbədi qalırlar.

Odur ki, doğduğu ba­lalar da bizim millətdən olmayıb, anasının getdiyi yol ilə ge­dir: tərbiyə ana əlində olur, o da balasını öz dili ilə danış­dırıb, öz ruhu ilə bəsləyir.

Y.V.Çəmənzəminli anası, bacıları və qardaşları ilə, 1913

Üç qisim tərbiyədən bəhs edib, batil olmaqların da isbata yetirdik. İmdi də bunların səbəblərindən və o səbəbləri yox et­məyə dair bir neçə söz deyəcəyəm.

Əsl tərbiyə ev tərbiyəsin­dən ibarətdir. Ev tərbiyəsi yaxşı olarsa, – uşaq tərbiyəli olar və biləks.

Böyük firəng mütəfəkkiri Monteskyo deyir ki, mən qə­dim müəllimlərimdən bir o qədər məlumat almamışdım ki, mənə süd verən dayədən aldım.

Deməli, uşaq beş-altı yaşı­na­dək öyrənməyə və görüb-götürməyə müq­tədir və müsəddəd olan qədər sonralar ola bilməz. Çünki sin­ninin bu vaxtlarını uşaq evdə keçirir, pis ev tərbiyəsini lazımi bir yola çıxartmalıdır ki, uşaqlarımız bitərbiyə olub, bədbəxt olma­sın­lar.

Bu da ki, arvadlarımızın asudəliyi, milli tərbiyə və milli təhsil görmələri sayəsində qüvvədən felə keçəcək. Nə qədər arvad­larımız sa­vadsız olub, kişilərin alçaq nəfslərinə qulluq etsələr, – uşaqla­rımızın tərbiyəli olmalarına ümid olmayacaq.

Gərək arvad­la­rımız avamlıq və savadsızlıq daşını ətəklərindən tökələr, gərək on­la­rın ixtiyarları qaytarıla, şəxsiyyətləri təzyiq altından çıxa. Ancaq asu­də, milli vəzifəsini düşünmüş və kamil arvadlar bizə tərbiyəli öv­ladlar yetirməyə qadir ola biləcəklər. Ona görə bu yolda çalışmalıyıq.