-
Azərbaycan Mərkəzi Bank (AMB) sədrinin son açıqlamasına görə, manatın məzənnəsinin necəgəldi üzməsinə yol verilməyəcək. Bundan ötrü bəlli məbləğdə valyuta auksiona çıxarılacaq, tələb, təklif və qiymət nisbətlərinin necə şəkillənməsinə baxılacaq.
«QAZAXISTANDAN FƏRQLİ DEYİL, AMMA…»
İqtisadçı ekspert Qubad İbadoğlu MB sədrinin açıqlamasında nəzərdə tutulan addımları təsirli saymır: «AMB yenə də valyuta ehtiyatlarını bazarda xərcləmək kimi sonu olmayan və problemin tam həllinə az təsir edən bir yol seçib. Deyilənlərdən belə məlum olur ki, yaxın günlərdə yeni valyuta rejimində eksperiment keçirib, tələb və təklif əsasında qiymətin müəyyənləşməsini izləyəcək. Lazım gələrsə, bazara müdaxilə də edəcək. AMB-nin seçdiyi yol Qazaxıstan Mərkəzi Bankının (QMB) seçdiyi yoldan fərqli deyil».
Ekspert vurğulayır ki, QMB istər zaman, istərsə iqtisadi struktur baxımından daha əlverişli məqamlarda qərar qəbul edib: «Onlar ilk devalvasiya qərarını təxminən 2 il əvvəl - dünya bazarında neftin qiyməti hələ yüksək olarkən verdilər. Üstəlik, Qazaxıstanda iqtisadiyyat daha çox şaxələnib, orada valyuta, bizdəki kimi, yalnız neft satışından əldə olunmur. Odur ki, qazaxları gecikməklə «yamsılamağa» dəyməz».
«QONŞU ÖLKƏLƏRİN YANLIŞLARI TƏKRARLANMAMALIDIR»
Qubad İbadoğlunun fikrincə, Azərbaycan öz iqtisadi durumuna dayanan valyuta siyasəti qurmalı, qonşu ölkələrin buraxdığı səhvləri təkrarlamamalıdır: «Əks təqdirdə çox qısa müddətdən sonra biz yeni və daha dəhşətli devalvasiya təhlükəsi ilə üzləşə bilərik».