Naxçıvanda qiymətlər ceyran belindədir...

Yaşar Bağırsoy

-

- Naxçıvan Muxtar Respublikasındakı əksər topdan satış mağazaları fəaliyyətlərini müvəqqəti dayandırıblar.

Bunu Azadlıq Radiosuna AXCP Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy deyib. O, bunu dekabrın 21-də Azərbaycan Mərkəzi Bankının manatın məzənnəsini ABŞ dolları ilə müqayisədə təqribən 50 faiz aşağı salmasından sonra yaranmış vəziyyətlə izah edib:

- Mən özüm Babək rayonun Nehrəm kəndindənəm. Bizim kənddə də əksər topdan satış mağazaları qapılarını bağlayıblar. İşləyən mağazalar da əhaliyə nisyə mal vermir. Bu devalvasiyaya qədər əhali həmişə bir qayda olaraq mağazalardan nisyə mallar götürüblər. İndi nisyə mal verilmir.

- Bakı ilə Naxçıvan arasında qiymət fərqi varmı?

- Ərzaq məhsullarında təqribən 30-40 faiz var. Məsələn, bu devalvasiyaya qədər Bakıda 50 kiloqramlıq unun kisəsi 19 manat idi. Ancaq mən Nehrəmdə 50 kiloqram unu 30 manata alırdım. İndi neçəyə qaldıracaqlar bir Allah bilir.

- Naxçıvanla Azərbaycan arasında niyə qiymət fərqi olsun ki?

- Burada monopoliya çox güclüdür. Elə bilirsiniz kim istəsə Naxçıvanda un sata bilər? Mümkün deyil. Bu, yuxarıların nəzarətindədir. Başqa sahələr də eləcə.

- Yaşar bəy, eşitmişik ki, qardaşınız Zeynalabdin Bağırzadə ötən ay həbs edilib. Ondan nə xəbər var?

- Bir aydan çoxdur həbs olunub, hələ də Zeynalabdinlə görüşə bilmirik. Görüşə icazə verilmir. Düşünürəm ki, ona içəridə işgəncə verilib. Heç Zeynalabdinin müdafiəsini də təşkil edə bilmirik. Naxçıvanda müstəqil vəkil yoxdur. Dövlət Zeynalabdinə vəkil verib, ancaq o, heç bir istəyimizi gerçəkləşdirə bilmir.

- Zeynalabdin bəy nədə günahlandırılır?

- Cinayət Məcəlləsinin 315.1, yəni dövlət qulluqçusuna zor tətbiq etməkdə ittiham edilir. Halbuki, onu döyüblər, ailəsini təhqir ediblər. Deməli, Babək rayon Sosial Müdafiə Mərkəzindən 5 nəfər Zeynalabdinin evlərinə gəliblərmiş. Zeynalabdin də evdə olmayıb. Xanımına deyiblər ki, yoldaşının mərkəzə borcu var. Yoldaşı da deyib ki, Zeynalabdin evdə deyil, mən bilmirəm. Başlayıblar Zeynalabdinin ünvanına təhqirlər söyləməyə. Zeynalabdində evə gələndə xanımı bunu ona danışıb. Zeynalabdin də həmin adamların ardınca gedib, kənddən çıxmamış onlarla görüşüb. Baş verənlərin səbəbini soruşub, mərkəzin işçiləri bütün kəndin qarşısında Zeynalabdini söyüblər. Zeynalabdin təhqirlərin dayandırılmasını istəyəndə isə onu bərk döyüblər. Bundan sonra Zeynalabdin Babək rayon Polis İdarəsinə gedib. Onun polisdə şikayətini qəbul etməyiblər, deyiblər ki, prokurorluğa get. Zeynalabdin rayon prokurorluğuna gedərək şikayət ərizəsi verib. Səhər bəlli olub ki, Babək rayon Sosial Müdafiə Mərkəzinin işçiləri də Zeynalabdindən şikayət ediblər. Məsələ çevrilib Zeynalabdinin əleyhinə. Onun haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilib. İndi nə Zeynalabdin Bağırzadə ilə görüşə, nə də onu müstəqil vəkillə təmin edə bilirik. Qalmışıq belə...