►“On milyonluq Azərbaycan əhalisinin heç yüz nəfərini belə inandıra bilməzlər ki, mən bu yaşımda kimisə döyə bilərəm ”.
İstintaqa cəlb edilən tanınmış yazıçı Əkrəm Əylisli belə deyib. Yazıçı Moderator.az-a açıqlamasında ittihamları qəbul etmədiyini bildirib. Kiməsə qarşı fiziki zor tətbiq etməyə yaşının, fiziki və mənəvi durumunun imkan vermədiyini vurğulayıb:
“Hava limanında heç bir insident baş verməyib. Əgər elə olsaydı, gərək ki, kamera görüntüləri olardı. Onlara bildirdim ki, məni saxlamağınız, getdiyim konfransa buraxmamağınız heç də yaxşı hal deyil. Orada bir çox ölkələrindən nümayəndə iştirak edəcək və bütün dünya biləcək ki, azərbaycanlı yazıçını həmin konfransa buraxmayıblar. Hətta təklif etdim ki, növbəti reyslə də olsa məni yola salsınlar. Ancaq onlar məni dinləmədi, qapalı bir məkana apardılar ki, gedək orda danışaq. İndi də oranı bəhanə edib deyirlər ki, hadisə qapalı yerdə olub, ona görə də kamera görüntüləri yoxdur”.
Əkrəm Əylisli cinayət işinin onun yaradıcılığı ilə bağlı olduğunu deyib.
“Mən bir daha deyirəm ki, belə etməməliydilər. Dünyanın aparıcı dövlətlərinin mətbuat orqanlarına düşmək lazım deyildi. Yəqin qorxublar ki, mən orada Azərbaycanın əleyhinə nəsə danışaram. Bunu əvvəlcədən düşünüb orada edəcəyim çıxışın mətnini hazırlamışdım. Mən Azərbaycanın əleyhinə danışmağa getmirdim, o tədbir ədəbiyyatla bağlı idi. Bütün bunları etməklə ölümümü tezləşdirməyə çalışırlar” - deyə yazıçı bildirib.
Yazıçı Ə. Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən martın 30-da Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanmışdı. Rəsmi orqanlar yazıçının buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlandığını demişdilər.
Sərbəst buraxılan yazıçıya sonradan cinayət işi açılıb. Aprelin 6-da yazıçıdan başqa yerə getməmək barədə iltizam alınıb.