Xədicəyə BMT mükafatı veriləcək

-

Mayın 3-də, Beynəlxalq Mətbuat Azadlığı Günündə AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovaya “çətin şəraitdə mətbuat azadlığına böyük töhfəsinə” görə BMT mükafatı təqdim olunacaq.

Xədicə ötən ay UNESCO/ Guillermo Cano Ümumdünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb.

“Xədicə İsmayılova bu mükafata layiqdir və onun cəsarəti və peşəkarlığının tanınmasından xeyli məmnunam”, mükafatın münsiflər heyətinin prezidenti Ljiljana Zurovac aprelin 8-də deyib.

Mükafatın məbləği 25 min dollardır. Bu mükafat kolumbiyalı jurnalist Guillermo Cano Isaza-nın şərəfinə təsis olunub. Jurnalist 1986-cı il dekabrın 17-də Boqotada, “El Espectador” qəzetinin ofisinin qarşısında qətlə yetirilib.

Xədicə İsmayılova isə iqtisadi ittihamlarla 7 il yarım həbs cəzasına məhkum edilib. Jurnalistin özü və AzadlıqRadiosunun rəhbərliyi onun hökumət səviyyəsində korrupsiyanı aşkarladığına görə həbsə atıldığını deyir.

«Amnesty International» Xədicə İsmayılı vicdan məhbusu elan edib.

Xədicə İsmayıl bundan əvvəl İsveçin Milli Mətbuat Klubu tərəfindən təsis edilmiş Anna Politkovskaya adına “Söz azadlığı” mükafatına, “Alison Des Forges” Mükafatına, PEN/Barbara Goldsmith mükafatına və başqa ödüllərə də layiq görülüb.