Ekspert: “Hökumətə yersiz tapşırıq verilib”

Qubar İbadoğlu

►Prezident İlham Əliyev dövlət əmlakını özəlləşdirirərkən, əlavə tədbirlərə dair fərman imzalayıb

Mayın 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərman dövlət əmlakının özəlləşdirilməsinin prezidentin qərarları ilə həyata keçirilməsini nəzərdə tutur.

“İndiki durumda yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur”

Fərmanda göstərilir ki, Nazirlər Kabineti “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. Bu iş görülərkən, özəlləşdirilən dövlət əmlakı qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmalıdır.

İqtisadçı ekspert Qubad İbadoğlu hökumətə verilən bu tapşırığı yersiz sayır:

“Dövlət əmlakı qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarının işlənilməsi qanunun deyil, özəlləşdirmə qaydalarının predmeti ola bilər”.

Q.İbadoğlunun fikrincə, indiki durumda yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur:

“Mövcud qanunu təkmilləşdirmək və modifikasiya etməklə özəlləşdirmənin yeni – 3-cü mərhələsinin hüquqi bazasını formalaşdırmaq mümkün idi”.

____________________________________________________________

Bunlara da bax:
Amnistiya aktı Milli Məclisdən keçdi
Türkiyənin gələcək baş naziri Binali Yıldırım kimdir?

____________________________________________________________

“Bu mərhələnin ən cəlbdici məqamları...”

Nazirlər Kabinetinə o da tapşırılıb ki, özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflər hər il növbəti dövlət büdcəsinin layihəsi ilə birgə prezidentə təqdim edilsin. Həmin siyahı Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında hazırlanmalıdır. Bu isə o deməkdir ki, özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısıyla, ən yaxşı halda, avqust ayında açıqlanacaq.

Ekspertin fikrincə, indi yeni mərhələdə özəlləşdirmənin fərdi investisiya müsabiqələri üzrə həyata keçirilməsi aparıcı xətt olmalıdır:

“Digər tərəfdən, nəzərə alsaq ki, özəlləşdirilməli müəssisələr, əsasən, kommunal, rabitə və enerji sektorlarını əhatə edir, - onlar bu halda da prezident fərmanıyla özəlləşdirilməyə açıq elan edilməlidir. Bütün hallarda özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı ilə tanış olmaq çox maraqlıdır. Çünki istər siyahı, istərsə özəlləşdirmədə xarici investorların iştirakı şərtləri bu mərhələnin ən cəlbedici məqamlarıdır”.