-
“Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə növbəti görüşü hərtərəfli sülhə doğru vacib addım olacaq”.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin növbəti görüşü barədə xəbərləri şərh edərkən Trend-ə belə deyib.
C.Uorlik bir gün əvvəl Brüsseldə xarici işlər naziri Elmar Məmmədyarovla Minsk qrupunun həmsədrlərinin görüşünün olduğunu, prezidentlərin növbəti görüşünə hazırlıq məsələlərini müzakirə etdiklərini deyib.
"İyunun 2-də Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla eyni məsələləri müzakirə etmək üçün görüşəcəyik. Azərbaycan XİN rəhbəri ilə ATƏT-in araşdırma üzrə mexanizmlərinin yaradılması barədə təkliflə bağlı fikir mübadiləsi apardıq və hərtərəfli nizamlanmanın elementlərini müzakirə etdik " .
C. Uorlik qeyd edib ki, prezidentlərin növbəti görüşünün dəqiq tarixinin bəlli olmamasına baxmayaraq, ATƏT-in Minsk qrupu gözləyir ki, o, iyun ayında keçiriləcək.
“Görüş atəşkəs rejiminə hörmətin artması, araşdırma mexanizmləri üzrə sazişin əldə edilməsi və hərtərəfli nizamlamaya gətirib çıxara biləcək danışıqlara razılıq baxımından önəm kəsb edəcək” - həmsədr deyib.
Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub.
Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Həmin görüşdə atəşkəsin gücləndirilməsi müzakirə edilib. Eyni zamanda, tərəflər arasında iyunda danışıqların davam etməsi ilə bağlı razılıq əldə olunub.