-
“Mən filmlərə ona görə çəkilirəm ki, mənəvi cəhətdən kifayət qədər güclü deyiləm, puldan imtina eləyə bilmirəm. Başqa heç bir yerdə bu qədər pul vermirlər!”.
Bu sözlərin müəllifi kino aləminə güllə kimi sürətlə daxil olan, elə ikinci rolu – Stanley Kowalski ilə (“Arzular tramvayı” rej. Elia Kazan) bütün Amerika gənclərinin, bir neçə il sonra yaratdığı Vito Carleoni (“Xaç atası” F.F.Koppola) obrazıyla bütün dünyada kişilərin kumirinə çevrilən Marlon Brando. Təkcə oynadığı rollar ilə yox, xarakteri, davranışı ilə də hər zaman diqqət mərkəzində olmağı bacaran Marlon Brando...
Deyilənə görə, lap gəncliyindən onun ən böyük hobbilərindən biri motosiklet sürmək olub. Özü də düz küçələrdə yox.. Məsələn, oxuduğu məktəbin, filmlərə çəkildiyi studiyaların dəhlizlərində...
Deyilənə görə, çəkildiyi filmlərin ssenarilərini oxumayıb, rollarını intuitiv oynayıb. Üstəlik rejissorları alçaldıcı şəkildə sınayırmış. Sınaq çəkilişlərində həmişə iki dubl edirmiş: birincisində sırf texniki oyun göstərirmiş, ikinci dublda rola canını qoyurmuş. Sonra da səssizcə rejissorun hansı dublu seçəcəyini gözləyirmiş. Birinci dublu seçən rejissorun başına it oyunu açırmış...
Hollivudda onun haqqında danışırmışlar ki, “Brando ilə eyni çəkiliş meydançasında olmaq hər gün vəhşi heyvanın qəfəsinə girmək kimidi”...
***
Ziqmund Freyd də deyirmiş ki, insanların bütün qəribə, qeyri-adekvat davranışlarının (elə adekvat xasiyyət və davranışların da) səbəblərini onların uşaqlığında axtarmaq lazımdı. Başqalarını deyə bilmərəm, amma Marlon Brando bu tezisin isbatı üçün ən yaxşı nümunələrdən biridi.
Ata Marlon Brando – XVIII əsrdə Nyu-Yorka gəlmiş alman mühaciri İohann Vilhelm Brandaunun xələfiydi. Yəqin, alman genlərinin təsiriydi ki, uşaqlarını da sərt, sevgisiz böyütmüşdü. Sonralar aktyor Brando, “anamın mənə oxuduğu nəğmələr” adlı xatirə kitabında uşaqlığını yada salarkən “bizim ailənin üzvləri ancaq ad günlərində, bir də milad bayramlarında qucaqlaşırdılar” yazacaqdı. Bacısı Frensis isə həmin illər haqqında “Mən bağışlanmaqla bağlı heç nə xatırlamıram. Əfv yox idi! Bizim evdə ittiham, utandırmaq, adətən, etdiyimiz “cinayətlərə” heç bir dəxli olmayan cəzalar vardı. Məncə, amansız ədalətsizlik duyğusu içimizdə çox-çox dərinlərə işləmişdi” deyirdi.
Doroti Pennibacker – qısaldılmış adıyla Dodi - Brandonun anası isə xasiyyətcə atanın tamamilə əksi idi. Dodi incəsənət, xüsusilə də, teatr həvəskarı idi, aktrisa olmaq, səhnəyə çıxmaqdan ötrü ürəyi gedirdi. Hətta yaşadıqları Omaha şəhərinin teatrında Eugene O'Neillin “Üfüqlərin arxasında” pyesinin tamaşasında o vaxt hələ heç kimin tanımadığı Henri Fonda ilə tərəf müqabili də olmuşdu.
Badın (M. Brando) 6 yaşı olanda Amerikada Böyük Depressiya təzə başlayırdı. ”Calcium Carbonate” şirkətindən səxavətli iş təklifi alan ata Brando düşünmədən təklifi qəbul eləyir və ailəsi ilə birlikdə İllinoys ştatına, Çikaqo yaxınlığındakı Evanston bələdiyyəsinə köçür. Bu, Dodinin arzularının sonu olur – Evanstonda teatr yox idi! Gənc qadın burda yaşadığı müddətdə yavaş-yavaş içkiyə qurşanır və meylini qızlarına - rəssamlığa həvəs göstərən Frensislə, anası kimi aktyorluğa həvəs göstərən Coslinə salır.
Marlon Brando intervyularında anası ilə bağlı xatirində qalmış bir səhnəni tez- tez təsvir eləyirdi: Baddinin məşhurluğu təzəcə daddığı vaxtlarda bir gün lül-qəmbər sərxoş olmuş anası evə gəlir, pişiklərini başına toplayıb onlara valerian içirdir, elə döşəmədə, pişiklərin əhatəsində yuxuya gedir. Brandoya anasından çox “sərxoş” pişiklər təsir eləyibmiş. O, bu mənzərəni məhv olmuş uşaqlığının simvolu adlandırırdı.
Ancaq o günə hələ çox vardı. Hələ Dodi yenicə içməyə başlayırdı, Baddı isə böyüdükcə ailənin ala qarğasına çevrilirdi.
16 yaşında bir neçə ev, şəhər dəyişmiş Baddi artıq heç bir çərçivəyə sığışmırdı. Məktəbin dəhlizlərində motosiklet sürür, cins şalvar, rəngbərəng köynəklər geyinirdi. Paltarlarında o qədər rəng olurdu ki, sinif yoldaşları ondan məktəbə pijamada gəlməməyi tələb eləyirdilər. Əvəzində gah idmanla, gah aktyorluqla, gah da musiqi ilə məşğul olurdu. İdman sayəsində boyu uzanmağa, çiyinləri enlənməyə başlamışdı, get-gedə atasına bənzəyirdi.
Məktəbdə növbəti xuliqanlıqdan sonra Badın psixi pozuntusu olduğundan şübhələnən direktor onu İQ testdən keçirir, nəticə 90-dan aşağı çıxanda isə “onun bu qədər dağıdıcı olması təəccüblü deyil” deyərək bütün sinfin qarşısında biyabır eləyir.
Bayırda isə 30-cu illər sona çatır, Böyük Depressiya yerini İkinci Dünya Müharibəsinə verirdi. Müharibənin oğlu üçün ən yaxşı tərbiyəçi olacağını düşünən ata Brando onu hərbi məktəbə göndərmək qərarına gəlir. Məktəbi seçmək də çətin olmur. Ata Brando Baddini vaxtilə özünün oxuduğu məktəbə - Minnesota ştatında yerləşən Şettak Sent-Mari məktəbinə göndərir. Etirazın heç bir faydası olmadığını anlayan 17 yaşlı Marlon 1941-ci ildə lazımi sənədləri imzalayıb, formasını götürüb Şettaka yollanır. Bu məktəbdə oxuyanların əksəriyyəti Amerikanın varlı ailələrinin oğullarıydı və təbii ki, Brando onlarla dil tapmağa heç çalışmır da. Bütün vaxtını hər kəsdən uzaq- kitabxanada, kinoteatrda və... ingilis dili müəllimi Erl Vaqnerin kabinetində keçirir, ona Şekspirdən parçalar oxuyur. Tezliklə Vaqner “Hafudan gələn ismarıc” adlı birpərdəli tamaşada əsas rolu ona verir. Tamaşa bitəndə tamaşaçılar elə bərk alqışlayır, Vaqner Marlonun ifasına o qədər valeh olur ki, valideynlərin tərif dolu məktub yazaraq onu niyə teatr məktəbinə yox, hərbi texnikuma göndərdiklərini soruşur.
Köhnə kişilərdən olan, bütün aktyorları homoseksual hesab eləyən ata Brando qəzəblə “icazə vermərəm ki, o professor mənim oğlumu maviyə çevirsin. Xüsusən də, nəzərə alsaq ki, onun əsl kişi olması üçün hər il min beş yüz sayıram. O, güzgünün qarşısında oturub üzünə kosmetika çəkməyəcək, hər axşam camaatın qabağında arxasını oynatmayacaq” bağırır. Amma artıq olan olmuşdu. Aktyor olmaq istədiyini dəqiq bilən Baddi hərbi məktəbi tərk eləyib Nyu-Yorka yola düşmüşdü.
***
Beləcə, gənc Marlonun sənət dünyasına səyahəti başlayır. Yox, buna səyahət demək çətindi. O, Hollivuda işıq sürətilə daxil olmuşdu, qısa müddətdə yeni idola çevrilmişdi.
Qısa müddət Nyu-Yorkdakı aktyorluq kurslarında təhsil alan, Stanislavski sisteminin qatı davamçısına çevrilən Brando 1947-ci ildə Tennessee Williamsın “Arzular tramvayı” tamaşasında baş rola dəvət alır.
Onun Stanley Kowalski o qədər uğur qazanır ki, teatr tənqidçiləri Brandonu Amerika incəsənətinin gələcəyi adlandırır.
Deyilənə görə, məşhur aktrisa Marlene Dietrich onun ifasından o qədər təsirlənibmiş ki, teatrda Brandonun qrim otağına gəlib ona seks təklif edib. Stanley Kowalski həm də Brandonun teatrda son rolu olur. Brando səhnədən birbaş Hollivud kameralarının qarşısına keçir.
Stanley Kowalski kinoda da Brandonun uğuruna çevrilir. 1951-ci ildə tamaşanın rejissoru Elia Kazan pyesi ekranlaşdırmaq qərarına gələndə baş rola yenə Brandonu dəvət eləyir. İmropvizasiya qabiliyyəti, açıq seksuallığı, kobud yumoru ona qeyri-adi bir obraz yaratmaq imkanı verir. Brando rolunu o qədər mənimsəyibmiş ki, müsahibələrini də bu obrazda verirmiş. Lakin sonrakı rollarında Kowalski qəlibindən çıxmağa çalışır.
Yaradıcılğının ikinci dönüş nöqtəsi isə 1970-ci ildə Francis Ford Coppolanın “Xaç atası” filmində yaratdığı mafiya başçısı Vito Corleone olur. Deyilənə görə, bu filmdə oynamağı Brando özü istəyib. O vaxta qədər heç bir rol üçün heç kimə ağız açmayan, çəkilişlərdə rejissorlara göz verib işıq verməyən Marlon Brando bu rola görə şəxsən özü müraciət eləyib, “Arzular tramvayı”ndan sonra ilk dəfə şəxsi videokamerası ilə sınaq çəkiliş aparıb və “Paramount” şirkətinin kastinq agentlərinə göndərib.
Çəkilişlər o qədər sakit keçib ki, hətta prodüserlər onun artıq dizini yerə qoyduğunu düşünməyə başlayıblar. 1973-cü ildəki Oskar mükafatının təqdimetmə mərasiminə qədər.
1973-cü il martın 5-də Oskarın 45-ci təqdimetmə mərasimində Liv Ullmannla Roger Moore zərfi açıb ilin ən yaxşı aktyorunun adını oxuyanda səhnəyə Marlon Brandonun əvəzinə apaçilərin milli geyimində, uzun qara saçlı hindu qız "Saşin Balaca Lələk" çıxır. Moore heykəlciyi ona uzadır. Əl hərəkəti ilə onu dayandıran Saşin ovcundakı kağızı açır və “Marlon Brando bu mərasimdə onu təmsil etmək şərəfini mənə verib. Təəsüf ki, o özü böyük mükafatı qəbul edə bilmir. Səbəb hazırda kinoindustriyada amerikalı hindulara qarşı sərgilənən münasibətdir” deyir.
Bu hadisədən sonra Hollivud Brandonu “tərbiyə eləmək” fikrindən birdəfəlik əl çəkir...
1972-ci ildə Bernardo Bertoluccinin “Parisdə son tanqo” filmində oynadığı rol isə Brandonu aktyor kimi uğurun növbəti pilləsinə qaldırır.
Ancaq o, artıq qərarını vermişdi. Hollivud onu yormuşdu. 1980-ci ildə Marlon Brando aktyorluq fəaliyyətinə son qoyduğunu bildirir, ara-sıra ikinci dərəcəli rollarda çəkilsə də, Hollivudla vidalaşır.
***
Brandonun qadın zövqü də Hollivud standarlarından kənar idi. O, hamının heyranlıqla baxdığı sarışın, ağbəniz aktrisalara, yüksək cəmiyyətdən olan gözəllərə yox, qarabuğdayı, qarasaçlı qadınlara üstünlük verirdi. Onları əsl qadın adlandırırdı. Demək olar ki, bütün həyatını əsl qadın axtarışlarına həsr eləmişdi. Hətta bəzən bu arzusu onu tələyə də salmışdı. Məsələn, ilk həyat yoldaşı - hindli aktrisa Anna Kashfi onu Hindistan haqqında ekzotik nağıllarla cəzb eləmişdi. Amma elə toy gününün səhəri tabloidlər Annanın əsl hindli yox, William Patrick O’Callaghan adlı fəhlənin qızı olduğunu, sadəcə Hindistanda doğulduğunu yazmışdı. Brando yazılanlara heç bir reaksiya verməsə də, bu evlilik cəmi bir il sürmüşdü. Annanı ispan əsilli Movita Castaneda, Movitanı vyetnamlı Frans Nquen əvəz eləmişdi.
Marlon Brando axtardığı əsl qadını 40 yaşının astanasında Taitidə - “Bauntidə qiyam” filminin çəkilişləri zamanı tapmışdı.
Deyilənə görə, prodüserlər təfər müqabilini seçməyi Brandonun öz ixtiyarına buraxıblarmış və aktyor hər gün rola namizəd olan 16 yaşlı qızlardan biri ilə oteldəki otağında təkbətək görüşürmüş. Seçimlərin sonunda rol Tarita Teriipaia qismət olub.
O vaxta qədər Brandonun artıq müxtəlif qadınlardan- qanuni və qeyri-qanuni doğulmuş doqquz uşağı vardı. Tarita isə ona daha iki övlad bəxş eləyir..
Bəlkə özü valideyn sevgisinə tamarzı qaldığına görə idi ki, Marlon Brando da övladlarına ata olmağı bacarmamışdı. Bunun üçün əlindən gələni eləmişdi, amma bacarmamışdı. Bütün övladları yanında yaşayırdı, ancaq özlərini dustaq kimi hiss eləyirdilər. Brando övladlarının onun yoluyla getməsini istəmirdi. Buna cəhd eləyənlərin, gizlincə Hollivudda, ya da başqa bir yerdə -teatr studiyalarında iş tapanların qarşısını şəxsən alırdı, bunu üçün bircə zəng kifayət idi. Böyük oğlu Christian Devi Brando uzun cəhdlərdən sonra ata evində dustaqlığa razı olmuşdu və o dustaqlıqdan bacısı Tarita Shayenn Brandonun sevgilisini öldürdüyünə görə həbs ediləndən sonra qurtulmuşdu. Şizofreniyadan əziyyət çəkən Tarita isə uzun müalicələrdən sonra özünü asaraq intihar eləmişdi.
Ömrünün sonuna yaxın oğlu Christianla barışan, tez-tez həbsxanaya onunla görüşə gedən, bütün var-dövlətini qızı Shayennin müalicəsinə sərf eləyən, hədsiz piylənmədən əziyyət çəkən Brandonun yeganə əyləncəsi öz dəfninin ssenarisini yazmaq idi. O, hər şeyi diktofona yazmışdı, dəfn mərasiminə kimlərin dəvət ediləcəyindən tutmuş çıxışlara qədər.
Aktyor 2004-cü il iyulun 1-də nəfəs çatışmazlığından dünyasını dəyişir. Vəsiyyətinə uyğun olaraq kremasiya edilir, külünün bir qismi uşaqlıq dostu, külünü heç vaxt yanında ayırmadığı Wally Cox külü ilə birlikdə Taitiyə, bir qismi isə Ölüm vadisinə səpələnir.
Bütün ömrü boyu onun cəmi iki dostu olmuşdu – Wally Cox və Jack Nicholson...