-
Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin səhhətində yenidən problemlər yarandığı bildirilir.
İyunun 13-də buna görə, bankirin saxlandığı Bakı İstintaq Təcridxanasına üç dəfə həkimlərin çağırıldığı deyilir.
Bunu Azadlıq Radiosuna bankirin vəkillərindən Aqil Layıcov deyib.
Vəkil Cahangir Hacıyevin davamlı olaraq dərman qəbul etdiyini xatırladıb. Onun deməsinə görə, bankirin ürəyə ilə bağlı xəstəliyi var.
“C.Hacıyev nadir xəstəlik olan Haşimato-dan əziyyət çəkir. Bu xəstəliyin daşıyıcıları açıq, təmiz havada olmalıdılar. Onların gəzinti şəraiti olmalıdır. Xəstəliyi ilə bağlı ABŞ-da müalicə də alıb”.
Vəkil qeyd edib ki, xəstəliyi hər an C.Hacıyevin həyatına təhlükə yarada bilər.
Vəkil basqıya məruz qaldığını bildirir
A.Layıcov həmçinin C. Hacıyevlə ilə görüşməyə gedərkən Bakı İstintaq Təcridxanasında qanunsuzluğa məruz qaldığını da qeyd edib. Onun deməsinə görə, əsassız olaraq axtarışa və yoxlanışa məruz qalıb:
“Bu müdafiə hüququnun kobud pozuntusudur. Bu səbəbdən yoxlamaya etiraz etdim. Mayor rütbəli inspektor buna görə, məni şantajla hədələdi. Dedi ki, “dustaqları üzünə durdurub, sənə torba tikərəm”
Vəkil bununla bağlı ədliyyə nazirinə, Penitensiar Xidmətin rəhbərliyinə, baş prokurora və Vəkillər Kollegiyasına müraciət edəcəyini bildirib.
Ancaq vəkilin bu dediklərinə Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.
C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin iki maddəsi – 179.3.3 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Vəkillərdən Əfqan Məmmədov ötən ayın əvvəlində C.Hacıyevin konkret 42 milyon manat mənimsəməkdə ittiham olunduğunu açıqlamışdı. Vəkil həmçinin demişdi ki, C.Hacıyev mənimsədiyi iddia olunan vəsaitə əvəz bankdakı 80 milyon manatlıq səhmlərindən imtina edib.
“Qara kəmər”dən sonra...
Bu günlərdə bankirin həyat yoldaşı barəsində də həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının verildiyi bildirilir. C.Hacıyevin xarici ölkələrdən birində yaşadığı deyilən həyat yoldaşının axtarışı barədə, hələlik, hər hansı addım atılmayıb. C.Hacıyevin xanımı Zamirə Hacıyevanın adı İnterpol xətti ilə axtarılan azərbaycanlıların arasında yoxdur.
Zamirə Hacıyevanı adı 2005-ci ildə Hacı Məmmədovun işində də hallanıb. Həmin ilin əvvəlində Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, Hacı Məmmədovun dəstəsinin onu qaçırdığı bildirilirdi. 2005-ci ilin martın 10-da Milli Təhlükəsizlik Nazirliyi “Qara kəmər” əməliyyatı keçirərək Zamirə Hacıyevanı azad etmişdi. Sonradan Hacı Məmmədov ömürlük həbs cəzası aldı.