►Səbəb Formula 1 yarışları göstərilir
İyunun 17-19-da Bakıda keçirilən "Formula-1" Avropa Qran Prisinə görə, Hökumət Evində yerləşən dövlət qurumlarının bütün işçilərinin müvəqqəti olaraq evə buraxıldığı bildirilir.
Hökumət Evindəki qurumların əməkdaşlarının iyunun 21-dək istirahət edəcəkləri qeyd edilir.
Nazirliklər
İqtisadiyyat Nazirliyindən “Report”a deyiblər ki, nazirlik iyunun 21-ə qədər işləməyəcək.
“Nazirlik əməkdaşlarına iyunun 21-dən işə çıxmaları bildirilib. Lakin həmin vaxt nazirliyin işə bağlayacağı dəqiq məlum deyil”, deyə nazirlikdən bildiriblər.
Energetika Nazirliyinin əməkdaşlarının isə daha tez - iyunun 14-dən evə buraxıldıqları deyilir. Verilən məlumata görə, onların iyunun 20-də işə qayıtmaları planlaşdırılır.
Xəbərdə qeyd edilir ki, Kənd Təsərrüfatı Nazirliyində isə əməkdaşlar iyunun 14-ü günün ikinci yarısından etibarən evə buraxılıb və iyunun 20-də işə qayıtmaları tövsiyə olunub.
Analoji vəziyyətin Hökumət Evində yerləşən digər qurumlara da aid olduğu söylənir.
Hökumət Evində aşağıdakı nazirliklər yerləşir:
Energetika Nazirliyi;
İqtisadiyyat Nazirliyi;
Kənd Təsərrüfatı Nazirliyi;
Mədəniyyət və Turizm Nazirliyi;
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) , Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ofisi də qeyd olunan binadadır.