-
Prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı fərman imzalayıb.
Sənəddə qeyd olunur ki, fərmanın məqsədi ölkədəki iqtisadi fəallığı gücləndirmək, özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatın şaxələndirilməsini təmin etmək, sağlam rəqabət mühiti formalaşdırmaqdır.
Fərman Nazirlər Kabineti və Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə vəzifələr qoyur.
Buna da bax: Özəlləşdirmə müəmması
Dövlət mülkiyyətində saxlanacaq müəssisələr...
Sənədə görə, Nazirlər Kabineti dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısını müəyyən etməlidir.
Nazirlər Kabineti özəlləşdirmə prosesində Bakı və digər şəhərlərin baş planlarını nəzərə almalıdır. Özəlləşdirilən müəssisələrin yerləşdiyi torpaq sahələrinin sərhədlərinin yenidən müəyyən edilməsi ilə bağlı təkliflər hazırlanaraq ölkə başçısına təqdim olunmalıdır.
Özəlləşdirmənin şəffaflığı...
Fərmanda nəzərdə tutulur ki, bu proses zamanı regionda rəqabət qabiliyyətli potensialı olan və sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verə biləcək fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük verilməlidir.
Eyni zamanda özəlləşdirmənin şəffaflığı təmin edilməlidir. Fərman Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyasının üzərinə aşkarlığın təmin edilməsindən ötrü məqsədyönlü tədbirlər görmək vəzifəsi qoyur.
Buna da bax: Daşkəsən dəmiri uğrunda 3-cü mübarizə başlanıb
Fərmanda torpaqlardan səmərəli istifadə, sahələrin zəbt olunması məsələsinə də diqqət ayrılıb.
Xatırlatma
Ekspertlərin fikrincə, neftin qiymətinin kəskin azalması bu ildən özəlləşdirmə mövzusunu Azərbaycanda yenidən gündəmə gətirib.
Bu il yanvarın 18-də prezident İlham Əliyev “geniş özəlləşdirmə proqramının hazırlanması” tapşırığını verib.
Mayın 19-da isə prezident «Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» fərman imzalayıb.
Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib.
2000-ci il avqustun 10-da isə prezident “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiqi haqda fərman imzalayıb.
1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.