Turizm sahəsi düzəlir?

Bakıda ərəblər

Körfəz ölkələrindən hər gün Azərbaycana təxminən 600-dən çox ərəb turist gəlir. Bunu Azərtac-a turizm şirkətinin direktoru Pərviz Musayev deyib. O bildirib ki, “Azərbaycan Hava Yolları”, “FlyDubai” və “Qatar Airways”lə Bakıya olan gündəlik reysləri hesablasaq ölkəmiz hər gün 600-1000 arası ərəb turist qəbul edir. Gələn turistlərin ölkəmizdəki gündəlik xərcləri isə minimum 150-200 dollardan başlayır.

Azərbaycanda turizm sənayesi demək olarmı ki, işə düşür? Yoxsa ərəblərin gəlməsi hələ heç nə demək deyil? Bir də ki niyə məhz ərəblər maraq göstərir?

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ölkəyə gələn turistlərin sayında artım olsa da bu ciddi şəkildə turist cəlb etmək demək deyil. Bunun üçün turizm siyasətini inkişaf etdirmək lazımdır:

Natiq Cəfərli

​“Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayında doğrudan da ciddi artım var. Ötən illə müqayisədə təqribən 30 faizə yaxın artım var. Amma rəqəm olaraq o qədər də böyük bir rəqəm deyil. Sadəcə birdən-birə dəfələrlə artması insanların gözündə turistlərin xeyli dərəcədə artdığını göstərir. Təqribən ilin əvvəlindən ərəb ölkələrindən 30 minə yaxın turist gəlib. Sadəcə müqayisə üçün onu deyim ki, Gürcüstana ərəb ölkələrindən gələn turistlərin sayı bundan 3 dəfədən artıqdır.

Hələ biz ciddi şəkildə say etibarı ilə biz turist cəlb edə bilməmişik. Amma belə bir tərpənişin olması, belə bir artımın olmasının bir neçə səbəbi var. Birinci səbəb Azərbaycan hökuməti ərəb ölkələri üçün vizanı kifayət qədər sadələşdirdi. Demək olar ki, ləğv etdi. Bu ciddi təsir göstərdi say artımına.

İkinci səbəb, Türkiyədə terror aktlarının olması, dövlət çevrilişi cəhdləri və digər hadisələr Azərbaycanın seçilməsində daha mühüm rol oynadı. Üçüncü səbəb, Azərbaycan müsəlman ölkəsidir. Bunu bilən ərəb turistləri daha rahat şəkildə ölkəyə gəlməyə qərar verə bilirlər. Dördüncü səbəb isə ərəb ölkələrində qadağan olan əyləncələrdən Azərbaycanda istifadə edə bilirlər.

Sonuncu səbəbsə odur ki, ərəb turistləri digər turistlərdən fərqli olaraq tarixi abidələrdən daha çox müasirliyi sevirlər.Yəni daha yaxşı müasir otellər olsun. Təbiətdən kəsad ölkələr olduğu üçün təbiət qoynunda hər hansı bir əyləncə mərkəzləri olsun. Bu sayın artması Azərbaycanın özündən asılıdır. Əgər bu siyasət davam etdiriləcəksə getdikcə daha çox ərəb ölkələrindən turist görə bilərik Azərbaycanda.”

CİDDİ İRƏLİLƏYİŞ GÖRÜNMÜR

Turizm üzrə ekspert Ülvi Həsənli də deyir ki, Azərbaycanda turizm sahəsi düzgün qurulmayıb. Çünki ölkədə turizmin inkişafı üçün həm iqtisadi mənada, həm də mədəni mənada ciddi irəliləyiş görünmür:

“Düşünmürəm ki, Azərbaycanda az bir sayda ərəb ölkələrindən turistlərin gəlməsi turizmin inkişaf etməsi deməkdir. Çünki əslində ötən illə müqayisə edəndə ötən il Azərbaycana daha çox turist gəlib. Həm də ötən il tədbirlərə gətirilən turistlər idi bunlar. Çünki Azərbaycanda təbii turizm yoxdur. Az bir qisimdədir. Uzağı 2-5 faiz.

Əslində turizm sahəsi də düzgün inkişaf etməyib. Çünki hələ bizdə elə bir təəssürat var ki, 5 ulduzlu otellər tikilməsi turizmin inkişafıdır. Məsələn bizdə viza ilə bağlı ciddi problemlər var. Gəlmə turizmlə bağlı nazirliyin yaratdığı çox ciddi problemlər var. Başqa strukturların yaratdığı problemlər var. Biz elə bilirik ki, bu ancaq Turizm nazirliyinindir. Amma belə deyil. Ona görə də bizdə gəlmə turizm o qədər də inkişaf etməyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ülvi Həsənli : "Hələ mədəniyyət olaraq da xaricilərin çoxlu gəişinə hazır deyilik..."

Mədəniyyət olaraq da Azərbaycan insanı hələ buna hazırlıqlı deyil. Məsələn ərəb ölkələrindən turistlər gəliblər. Bizim insanlar, görürük ki, sosial şəbəkələrdə, real həyatda narazıdırlar bundan. Halbuki belə olmamalıdır. Ona görə də burda turizmin inkişaf etməyindən hələ danışmaq tezdir. Çünki bizdə inkişaf üçün həm iqtisadi mənada real şərt yoxdur, həm də mədəni mənada insanlarda hələ ki bununla bağlı ciddi irəliləyiş görünmür. Əslində hökumətin də bununla bağlı ciddi addım atmaq niyyəti görünmür”.

TURİZM ÖN PLANA ÇIXIR

Turizm üzrə ekspert Ruslan Quliyev isə bildirir ki, ikinci devalvasiyadan sonra sanki turizm sektoru qeyri-neft sektorunun ən öndə gedən prioritet sahəsi kimi ön plana çıxdı. Vizanın sadələşdirilməsi turistlərin say artımına xeyli təsir etdi. Amma tək ərəb turistləri ilə qənaətlənmək kifayət deyil:

“Turizm sahəsində tətbiq olunan güzəştlər, turizm sektoruna dəstək məsələsi vaxtında həyata keçirilsəydi, indi daha irəli bir mövqelərdə ola bilərdik. Hazırda orta və kiçik sahibkarlıq dəstəklənir. Regionlarda mehmanxanaların sayı, yataq saylarının artırılması çox incə məsələdir.

İkinci devalvasiyadan sonra sanki turizm sektoru qeyri-neft sektorunun ən öndə gedən prioritet sahəsi kimi ön plana çıxdı. Burda viza məsələsi önəmlidir. Onun mütləq şəkildə sadələşdirilməsi, aviadaşımalarda liberal addımların atılması ölkəyə gələn turistlərin sayına kəskin şəkildə təsir etdi. Ötən illə müqayisədə 27-30 faiz artım deyilir, amma hər gün artan istiqamətlə hərəkət edir.

Təbii ki, körfəz ölkələrindən gələn turistlərin sayının artması müsbət hal kimi qiymətləndirilməlidir. Ancaq hər bir halda diversifikasiya olmalıdır. Biz sadəcə körfəz ölkələrini deyil, MDB ölkələrini maraqlı bazar sayırıq. Turizm sahəsi ilə bağlı lisenziyanın ləğv olunması önəmli bir faktordur. Gələn turistlərin qarşılanması, turizm xidmətlərinin göstərilməsində bir qayda olmalıdır. Lisenziyanın ləğvi bazarda az da olsa xaosun yaranmasına gətirib çıxara bilər.

Ən azından vahid turizm reyestri olmalıdır ki, statistikanın aparılmasına, koordinasiyanın düzgün şəkildə həyata keçirilməsinə, təqdimetmənin mükəmməl səviyyəyə qaldırılması baxımından bu çox önəmlidir. Çünki hər bir insan turizmlə məşğul ola bilməz”.