Sentyabrın 19-u günün ikinci yarısı Yasamal Rayon Məhkəməsi digər iki gəncə də hökm oxuyub. Gənclərdən Şəmistan Şahverdiyev polisə müqavimətdə ittiham edilərək 8 sutka inzibati həbs cəzası alıb. Nurlan Sarıyev isə 200 manat cərimə edilib.
Beləliklə Yasamal Rayon Məhkəməsi sentyabrın 19-da Milli Şuranın mitinqindən sonra saxlanan gənclərdən ümumilikdə 12-nə 8 sutka inzibati həbs verib. Gənclərdən biri isə 200 manat cərimə edilib. Daha bir gəncə isə polisdən sərbəst buraxılıb.
8 sutka alan 12 gənc bunlardır.
Toğrul İbrahim, Ruslan Qara, Nuru Nuruzadə, Elton Əli, Orxan Carçı, Məcnun Pirəliyev, Araz Səməd, Məmməd Baləmmədov, Dəyanət Əliyev, Ülfət Həsənqarayev, Kazım İmanov və Şəmistan Şahverdiyevdir.
Buna da bax: Daha 7 gəncə 8 sutka verildi
Milli Şuranın sentyabrın 17-də keçirilən referendum əleyhinə aksiyasında ümumilikdə 14 gəncin saxlandığı bildirilirdi.
Şahidlərin sözlərinə görə, Milli Şuranın sentyabrın 17-də keçirilən mitinqdən sonra polis aksiyaçılara hücum edərək, onları əvvəlcədən gətirdikləri avtobuslara doldurub. 40-dan artıq aksiyaçı tutulub. Polis müdaxiləsindən öncə gənclərdən metronun «İnşaatçılar» stansiyasına doğru irəliləyərkən müxtəlif şüarlar səsləndirənlər də olub. Saxlananlardan sonradan çoxu sərbəst buraxılıb. Yalnız 14-ü buraxılmayıb.
Buna da bax: Saxlananlardan bir qismi hələ buraxılmayıb [yenilənir]
Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda qeyd edilirdi ki, aksiya iştirakçılarından bəziləri ictimai asayişi pozduqlarına görə saxlanıblar.
Milli Şura Konstitusiyaya dəyişiklik əleyhinə aksiya keçirib.
Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da referendum keçiriləcək
Buna da bax: 'Referendum ləğv edilsin': Milli Şuranın mitinqi- [Video, Foto]
Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.