Bu həftə dünya liderləri BMT-də qlobal hədəfləri nəzərdən keçirirlər. 2015-ci ildə böyük hay-küy və nikbinliklə razılaşdırılmış hədəflər 2030-cu ilədək yoxsulluq, iqlim dəyişikliyi, digər beynəlxalq problemlərlə mübarizəni əhatələyir.
“Reuters” agentliyi yazır ki, vaxt gedir, hökumətlər, QHT-lər, digər qurumlar 17 Davamlı İnkişaf Məqsədləri (DİM-lər) üzrə yetərincə iş görülmədiyi haqda xəbərdarlıq edirlər.
Agentlik BMT sammiti öncəsi müxtəlif hesabatlarda edilən səkkiz xəbərdarlıqdan söz açır.
Buna da bax: NYT: İmpiçment araşdırması necə aparılır- ÖLKƏLƏR – Heç bir ölkənin 2030-cu ilədək Davamlı İnkişaf Məqsədlərinə çatması real görünmür. Ölkələr ən pis göstəriciləri iqlim dəyişikliyi ilə mübarizədə, suda və quruda həyatın qorunmasında ortaya qoyublar.
- YOXSULLUQ – 2030-cu ilədək azı 430 milyon nəfərin aşırı yoxsulluq içində yaşayacağı proqnozlaşdırılır. Bu isə öncəki proqnozlardan 7,5% çoxdur.
- ERKƏN NİKAHLAR – Bu məsələ üzrə işlər sürətləndirilməsə, 2030-cu ilədək 150 milyon artıq qız 18 yaşı tamam olmadan ərə veriləcək. UNICEF hazırda dünyada 650 milyonadək qız və qadının uşaq ikən evləndirildiyini bildirir.
- QADIN SÜNNƏTİ – Hər il dünyada 3,9 milyon qız sünnət olunur. Bunu önləməkdən ötrü ciddi iş aparılmasa, əhali artımını nəzərə alaraq, 2030-cu ilədək bu rəqəm 4,6 milyona çata bilər.
- TƏHSİL – Dünyada 750 milyon yetkin yaşlı savadsızdır, onlar əsasən 29 ölkədə yaşayır. 2030-cu ilədək savadsızlıq göstəricilərinin böyük olduğu ölkələrə 14 milyard dollar yardım lazımdır.
- QADINLAR – Natural təsərrüfatda çalışan qadınlar iqlim dəyişikliyinin yaratdığı istilik stressi nəticəsində iş saatlarının 60%-ni itirə bilərlər. Bu isə yoxsulluğu, aclığı, bərabərsizliyi aradan qaldırmaq, sağlamlıq, təhsil və davamlı icmaları irəli aparmaq kimi hədəflərə çatmağı çətinləşdirir. Bunu Beynəlxalq Əmək Təşkilatı bildirir.
- LGBT+ icmasına ayrıseçkilik aradan qalxmayınca, onların əsas ehtiyacları ödənməyincə 2030-cu ilədək universal səviyyədə tibbi xidmətə nail olmaq mümkünsüz olacaq. Amnesty International, Outright International təşkilatlarının, Gay və Lezbian Koalisiyası kimi 70-dən artıq qurumun Keniyada imzaladığı bəyanatda belə deyilir.
- QAÇQINLAR – Dünyanın 26 milyon nəfərlik qaçqın əhalisi DİM-lərdən kənarda qalıb. 2015-ci ildən onların sayı 20%-dən çox artıb. Heç bir ölkə qaçqınlarla bağlı sosial-iqtisadi göstəriciləri təqdim etmir. Beynəlxalq Xilasetmə Komitəsinin məlumatına görə, bu məsələ 2030-cu ilədək hədəflərə çatılmasına risk yaradır.