Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev məhkəməsinə gəlməyib.
63 yaşlı Atambaev-in vəkili Sergei Slesarev jurnalistlərə deyib ki, keçmiş prezident “şouda iştirakdan imtina edib”. Oktyabrın 11-də paytaxt Bişkekdə qapalı hazırlıq iclası keçirilib.
***
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev oktyabrın 11-də korrupsiya ittihamları ilə məhkəmə qarşısına çıxarılır.
Rəsmilərin bir gün öncə bildirməsinə görə, məhkəmə paytaxt Bişkekdə qapalı keçiriləcək.
Bir May rayon məhkəməsi avqustda bildirib ki, 63 yaşlı keçmiş liderə ittiham 2013-cü ildə kriminal aləmdə ad çıxarmış Aziz Batukaev-in qanunsuz olaraq azadlığa buraxılması ilə əlaqədardır. O, bir deputat və Daxili İşlər Nazirliyinin rəsmisinin qətli daxil olmaqla bir neçə cinayətdə təqsirli bilinmişdi.
Atambaev təqsirli bilinərsə, 15 illik həbsə məhkum edilə bilər. Vəkili Sergei Slesarev isə “Frans Pres” agentliyinə keçmiş prezidentin heç bir yanlışa yol vermədiyini deyib.
Buna da bax: Eks-prezident həbs olundu, tərəfdarlarının mitinqi dağıdıldı (VIDEO)Atambaev avqustun 8-də, tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ikigünlük zorakı qarşıdurmadan sonra polisə təslim olub. O, 3 dəfə rəsmi çağırışa cavab verməmiş, dindirilməyə getməmişdi. Onun saxlanması ilə nəticələnən qarşıdurmada bir yüksək vəzifəli təhlükəsizlik əməkdaşı öldürülüb, 170-dən çox adam yaralanıb.
Bu zorakılıq Atambaev-lə xələfi Sooronbai Jeenbekov arasında hakimiyyət çəkişməsinin pik həddi idi. Prezident seçkisində Jeenbekov-u dəstəkləyən Atambaev-lə onun arasında sonradan ziddiyyətlər ortaya çıxdı, qarşılıqlı ittihamlar səsləndirdilıər.
Keçmiş prezident ümumilikdə 13 cinayətdə şübhəli bilinir. Buraya qətlin təşkili, kütləvi iğtişaşların təşkili, evində toqquşmalar zamanı polis əməkdaşlarının girov götürülməsi daxildir, vəkili belə deyir.
Atambaev-in bir sıra müttəfiqləri korrupsiya ittihamları ilə həbs olunub.
Rusiyanın Qırğızıstanda hərbi bazası var və Prezident Vladimir Putin həm Atambaev, həm də Jeenbekov-la ayrı-ayrılıqda görüşüb.