Fəal və təşkilatçıların saxlanmasına dair məlumatlar gəlməkdədir

Sizin brauzer HTML5-i dəstəkləmir

Milli Şura icazəsiz aksiyaya cəhd etdi, Əli Kərimli və digərləri saxlanıb

Fuad Qəhrəmanlı 30 sutka həbs olunduğunu deyir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Fuad Qəhrəmanlı 30 sutka inzibati qaydada həbs olunduğunu bildirib.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat veriblər.

Halbuki, bundan əvvəl partiyadan F.Qəhrəmanlının 10 sutka müddətinə həbs olunduğu açıqlanmışdı: «Fuad bəyin qardaşına Abşeron rayon Məhkəməsindən zəng vurub onun 10 sutka həbs olunduğunu bildirmişdilər. Fuad Qəhrəmanlı özü bu gün, noyabrın 1-də təcridxanadan qardaşı ilə əlaqə saxlayaraq 30 sutka müddətinə həbs olunduğunu deyib».

Bütün bu deyilənləri Abşeron rayon Məhkəməsindən dəqiqləşdirmək cəhdləri nəticə verməyib.

F.Qəhrəmanlıya inzibati cəza verildiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Qəhrəmanlının saxlandığı deyilir.

Bu barədə AXCP-dən bildiriblər.

Partiyadan verilən məlumata görə, oktyabrın 31-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə F.Qəhrəmanlı 10 sutka inzibati həbsə məhkum edilib.

Partiyadan deyilənə görə, məhkəmə F.Qəhrəmanlını İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsini pozmaqda təqsirli bilib.

Milli Şura noyabrın 2-nə aksiya təyin etmişdi. Bakı şəhər İcra Hakimiyyəti aksiyanı paytaxtdan 20 kilometr aralıda yerləşən Lökbatan qəsəbəsində keçirməyə icazə vermişdi. Milli Şura bununla razılaşmayaraq aksiyanı şəhərin mərkəzində keçirməyə qərar vermişdi. Amma sonra aksiya təxirə salınıb.

Partiya üzvlərinin saxlanmasını bu aksiya ilə əlaqələndirir. Hökumət isə vətəndaşların əqidələrinə görə təzyiqlərə məruz qalmadığını bildirir.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və məhkəmədən münasibət almaq mümkün olmayıb.

Vahid Məhərrəmov cərimələndiyini bildirir

Bu gün, oktyabrın 30-da saxlandığı bildirilən Milli Şuranın Koordinasiya Mərkəzinin (KM) üzvü Vahid Məhərrəmovun sərbəst buraxıldığı açıqlanıb.

Vahid Məhərrəmovun özü AzadlıqRadiosuna deyib ki, Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xirda xüliqanlıq) ilə günahlandırılaraq 100 manat cərimə edilib.

“Güya küçədə bərkdən nalayiq ifadələr işlətmişəm”, deyə o qeyd edib.

Vahid Məhərrəmov deyib ki, oktyabrın 29-da da polisə çağırılaraq, Milli Şuranın noyabrın 2-nə təyin edilən mitinqinə qatılmamaq barədə ona xəbərdarlıq verilib.

Amma bu məlumatlara, hələlik, Daxili İşlər Nazirliyi və məhkəmədən münasibət almaq mümkün olmayıb.

Vahid Məhərrəmovun da saxlandığı deyilir

Bu gün, oktyabrın 30-da Milli Şuranın Koordinasiya Mərkəzinin (KM) üzvü Vahid Məhərrəmovun da saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna Milli Şuradan bildiriblər.

Milli Şuradan V.Məhərrəmovun saxlanmasını bu qurumun noyabrın 2-nə planlaşdırılan aksiyası ilə izah ediblər.

Amma bu məlumata Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Milli Şuranın noyabrın 2-nə planlaşdırdığı aksiya ilə bağlı müraciətinə, hələlik, Bakı şəhər İcra Hakimiyyətindən münasibət bildirilməyib.

+++

AXCP fəalları Ruslan ƏmirovƏlizamin Salayevin saxlandığı bildirilir. Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib:

«Bu gün (oktyabrın 30-da) 13.00 radələrində Yasamalda, onların olduğu evə 8-9 nəfər gəlib. Qapını sındırıb, onları aparıblar. Hara aparıldıqları məlum deyil. Sadəcə, imkan tapıb, bir kəlmə bunu deyə biliblər».

Bu məlumata Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

R.Əmirov həm də partiya sədri Əli Kərimlinin mühafizəsində iştirak edən fəallardandır. O, sentyabrın 12-də də saxlanmış və ona 30 gün inzibati həbs cəzası verilmişdi.

Cəbhəçiyə 30 sutka verildiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Emin Maniyevin 30 sutka inzibati həbs cəzası aldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən bildiriblər.

Partiyadan verilən məlumata görə, Yasamal rayon Məhkəməsi AXCP fəalını polisin qanuni əmrinə tabe olmamaqda təqsirli bilib. «E.Maniyev hazırda Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasındadır», - AXCP-dən bildiriblər.

Bu məlumatı, hələlik, Yasamal rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.

E.Maniyev oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsinin qarşısında saxlanmışdı.

Cəbhəçilər necə həbs olunmalarından danışır

Milli Şuranın 19 oktyabr mitinqindən öncə və həmin gün həbs olunan siyasi fəallar barələrindəki qərarlardan şikayət veriblər. Onlardan ikisinin - AXCP Gənclər Komitəsinin üzvləri Cabbar Savalanlı Abdulla Mahmudovun apellyasiya şikayətinə baxılıb.

C.Savalanlı mitinq günü saxlanılıb və Nəsimi rayon Məhkəməsinin qərarıyla ona 20 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 513-cü (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsiylə təqsirli bilinib.

A.Mahmudov isə mitinqdən bir gün öncə saxlanılıb. O da, bir sıra başqa fəallar kimi, küçədə telefonla danışarkən söyüş söyməkdə, onu intizama dəvət edən polislərin tələbinə tabe olmamaqda suçlu bilinib. A.Mahmudova isə Sabunçu rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsiylə 30 gün həbs cəzası kəsib.

«Öz ayağımla polis bölməsinə getmişəmsə...»

Bakı Apellyasiya Məhkəməsində bu haqda danışan A.Mahmudov deyir ki, ona sahə müvəkkili zəng edib, özü polis bölməsinə gedib: «Öz ayağımla polis bölməsinə getmişəmsə, polisə harada, necə müqavimət göstərdim? Telefon zənglərinin siyahısı çıxarılsa, kamera görüntülərinə baxılsa, mənim dediyim də təsdiqini tapar».

Buna da bax: Seymur Həzinin cəzası artırıldı

O bildirib ki, həbsinin gerçək səbəbi mitinqdə iştirakını əngəlləmək idi.

C.Savalanlıya gəlincə, inzibati xəta protokolunda yazılıb ki, o, Mərkəzi Bankın yaxınlığında, icazəsiz aksiya keçirilən ərazidə saxlanılıb. Amma Cabbar deyir ki, onu hələ aksiya başlamamışdan öncə AXCP sədri Əli Kərimlinin yaşadığı binanın yaxınlığında yolda gedərkən tutub aparıblar.

Hər iki gənc fəal barələrindəki məhkəmə qərarının qanunsuz və əsassız olduğunu vurğulayıblar. Məhkəmədən də ədalətli qərar gözləmədiklərinə görə heç bir xahişlərinin olmadığını söyləyiblər.

Hakim Həsən Əhmədov C.Savalanlı, hakim Qədim Babayev isə A.Mahmudov haqqında birinci instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayıb.

AXCP-dən AzadlıqRadiosuna bildirilib ki, inzibati xətalarla bağlı işlərdə hüquqi müdafiə üçün apellyasiya məhkəməsi ölkə daxilində sonuncu instansiyadır. Ona görə də hər iki qərardan Avropa Məhkəməsinə şikayət göndəriləcək.

E.Maniyevi bu avtomobilə oturdublar

Cəbhəçi məhkəmə qarşısında saxlanıb

AXCP Gənclər Komitəsinin üzvü Emin Maniyev oktyabrın 29-da saxlanılıb. Olay saat 11:30 radələrində Bakı Apellyasiya Məhkəməsinin qarşısında baş verib.

Məhkəmədə Milli Şuranın 19 oktyabrda keçirdiyi mitinqdən öncə və aksiya günü həbs olunan iki cəbhəçinin - Abdulla MahmudovCabbar Savalanlının apellyasiya şikayətinə baxılırdı.

E.Maniyev də həmin məhkəmə iclaslarında iştirak etməyə gəlmişdi. E.Maniyev məhkəmə binasından çıxanda ətrafdakı mülkigeyimli şəxslərdən dörd nəfər onu tutub, «Mercedes» markalı, 90-OE-414 dövlət nömrə nişanlı maşına oturdublar. Həmin vaxt olay yerində olan digər AXCP üzvləri gənc fəalın hansı səbəbdən saxlandığını, hara aparıldığını soruşsalar da, onlara heç bir cavab verilməyib.

Oktyabrın 19-da Milli Şura Bakının mərkəzində mitinq keçirməyə cəhd edib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb. Polis müdaxiləsi zamanı AXCP sədri Əli Kərimli də daxil olmaqla, çox sayda xəsarət alanlar olub.

Aksiya başa çatandan sonra Bakı Baş Polis İdarəsinin yaydığı məlumata görə, aksiya iştirakçılarından 60 nəfər saxlanılıb, onlardan 42 nəfərinə xəbərdarlıq edilərək buraxılıb. 18 nəfərin işi hüquq-mühafizə orqanlarına göndərilib.