WhatsApp mesajlaşma xidməti bu həftə İsrailin NSO izləmə şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Şirkət dünya üzrə 100-dən çox adamın mobil telefonlarının izlənməsində hökumətlərə kömək etməkdə ittiham olunur. “The Washington Post” qəzeti həmin adamların sırasında jurnalistlərin, insan haqları işçilərinin, qadınların olduğunu, həmin şəxslərin onlayn hücumlara məruz qaldığını yazır.
Khashoggi-ni də izləyiblərmiş
Haker hücumları qurbanları bundan öncə də İsrail məhkəmələrində NSO-ya qarşı iddia qaldırmışdılar. Ancaq ilk dəfədir ki, texnologiya şirkəti oxşar hüquqi addım atır, xidmətlərindən istifadəçilərə qarşı kəşfiyyat əməliyyatlarında istifadə olunduğunu bildirir.
WhatsApp iddia edir ki, NSO hökumət agentliklərinin üzdən zərərsiz görünən WhatsApp video-zəngləri vasitəsilə ziyanlı proqram yayıb. Hətta hədəflər həmin zənglərə cavab vermədiyi hallarda belə proqram işə düşüb. Bu virus güclü casusluq xidməti göstərib, kommunikasiyalar dinlənilib, fotolar, digər məlumatlar oğurlanıb, mikrofon və kameralar işə salınıb, hədəflərin olduğu yer izlənilib. Bunu NSO texnologiyası ilə tanış şəxslər deyirlər.
Buna da bax: Britaniyalılar heç referendumdan qabaq belə stres keçirməyiblərWhatsApp-ın iddiasında qeyd olunur ki, din xadimləri və vəkillərin də olduğu hədəflər 20 ölkədə müəyyənləşib.
“The Washington Post”un yazarı Jamal Khashoggi ötən il qətlindən öncə onun NSO-nun Pegasus adlı kəşfiyyat aləti tərəfindən izlənildiyi bildirilib. Jurnalist Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilmişdi. Dostu Omar Abdulaziz məhkəmə iddiasında yazırdı ki, jurnalistin xəbəri olmadan onun telefonuna Pegasus salınıb və səudiyyəlilər məhz həmin proqram vasitəsilə Khashoggi-ni izləyib.
İlk addım
Qəzet yazır ki, insan haqları fəalları uzun müddət idi nəzarət texnologiyalarının artan müdaxiləsindən şikayətlənirdilər. Di gəl, casusluq proqramlarını hazırlayanları məhkəməyə vermək qəliz məsələ idi. Çünki belə alətlər bir çox ölkələrə yayılıb, sahənin lideri isə İsraildir.
Buna da bax: ABŞ Al-Baghdadi reydinin detallarını yayıbSözügedən iddia Kaliforniya şimal dairəsi üzrə Birləşmiş Ştatların Dairə Məhkəməsində qaldırılıb.
“Bu, görünməmiş hadisədir. Rəqəmsal hüquqlar və gizlilik üzrə böyük nailiyyətdir”, – Toronto Universitetinin Munk Məktəbində Vətəndaş Laboratoriyasının aparıcı tədqiqatçısı John Scott-Railton deyib. O, WhatsApp-ə vətəndaş cəmiyyəti qruplarının hədəfə alınmasını araşdırmaqda kömək edib, bəzi qurbanlarla əlaqə saxlayıb.
NSO isə iddiaları rədd edərək bildirib ki, hökumətlər və hüquq-mühafizə orqanları onun texnologiyasından terrorçuluqla mübarizədə istifadə edir.
“Bugünkü iddiaları ən güclü şəkildə mübahisələndiririk və onlarla mübarizə aparacağıq”, – NSO qəzetə göndərdiyi bəyanatında bildirir.
2009-cu ildə əsası qoyulmuş WhatsApp dünyanın ən populyar mesajlaşma əlavəsinə çevrilib. Facebook 2014-cü ildə onu 19 milyard dollar alıb və hazırda 1,5 milyard istifadəçisi var.