İran Fordo nüvə qurğusunu işə salır

Qum şəhəri yaxınlığındakı Fordo stansiyasında

İran bildirir ki, növbəti bir neçə saat ərzində özünün Fordo nüvə qurğusunda uranın zənginləşdirilməsinə başlayacaq.

Bu, Tehranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişindən xeyli geri çəkilməsi deməkdir.

İran Atom Enerjisi Təşkilatının sözçüsü noyabrın 6-da deyib ki, “qarşıdan gələn saatlarda Fordo məntəsəqindəki sentrifuqlara qaz vurulması prosesi başa çatdırılacaq”.

Sözçü bunu da bildirib ki, bu proses Beynəlxalq Atom Enerjisi Agentliy müfəttişlərinin müşahidəsialtında həyata keçiriləcək.

Sözçü Behrouz Kamalvandi deyib ki, “zənginləşdirilmiş uranın istehsalına İran vaxtı ilə gecəyarısı başlanacaq”.

BMT nüvə agentliyinin sözçüsü bildirib ki, beynəlxalq müfəttişlər nüvə qurğusunun işə salınması məkanında olacaq və lazımi informasiyanı Vyanadakı qərargaha çatdıracaqlar.

Agentlik bunu da bildirib ki, noyabrın 7-də Vyanada İranla bağlı fövqəladə iclas keçiriləcək.

Bundan bir neçə saat əvvəl prezident Hassan Rohani Twitter-də yazıb ki, “ABŞ-ın siyasəti və onun müttəfiqlərinin “xeyirxahlığı” sayəsində Fordo tezliklə tam istehsala başlayacaq”.

Bu arada Beynəlxalq Atom Enerjisi Agentliyinin işi ilə tanış diplomatlar Reuters agentliyinə demişdilər ki, İran hakimiyyət orqanları agentliyin Natanz zənginləşdirmə qurğusunda beynəlxalq müfəttişlərdən birini qısa müddətə saxlayıb və onun sənədləri əlindən alınıb.

Bu müfəttişin qadın olduğu və az sonra sərbəst buraxıldığı xəbər verilib.

2015-ci il sazişinə görə beynəlxalq atom gözətçisi xüsusi olaraq İranla işləmək üçün 130-150 müfəttiş ayırıb.

Rohani noyanrın 5-də demişdi ki, Fordodakı yeraltı qurğunun 1044 sentrifuquna tezliklə qaz vurulmasına başlanacaq.

İnfoqrafika. İranın uran zənginləşdirmə proseduru

ABŞ İranı ‘nüvə şantajı’nda suçlayır

Birləşmiş Ştatlar İranın uran zənginləşdirmə fəaliyyətini genişləndirməsini “yanlış istiqamətə böyük addım” adlandırır. Tehran bir gün öncə bildirib ki, Fordou nüvə obyektində sentrifuqlara uran qazı vurmağa başlayacaq. 2015-ci il nüvə sazişi Fordouda uran zənginləşdirməni qadağan edir.

İran Prezidenti Hassan Rohani noyabrın 5-də bildirib ki, bu gündən 1044 sentrifuqa uran qazı vurulmağa başlanacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü isə Tehranı “nüvə şantajı”nda ittiham edib.

“İranın Fordou obyektində, yaxud başqa bir yerdə uran zənginləşdirmə proqramını genişləndirməyə etibarlı səbəbi yoxdur, bu, nüvə şantajına aydın cəhddir, siyasi və iqtisadi təcridi sadəcə gücləndirəcək”, – departamentin sözçüsü vurğulayıb.

Hassan Rohani

Sözçü İrana “sabitsizlik yaradan davranışından əl çəkənəcən maksimum təzyiq”in qalacağını vurğulayıb.

Fransanın Xarici İşlər Nazirliyi Parisin nüvə sazişinə sadiq qaldığını vurğulayıb, İranı “öhdəliklərinə tam əməl etməyə” çağırıb.

Avropa Birliyinin sözçüsü Maja Kocijancic İranı “öhdəliklərinə uyğun gəlməyən fəaliyyəti dayandırmağa” çağırıb. O, sazişi xilas etməyin “getdikcə çətinləşdiyini” vurğulayıb.

***

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Kremlin “durumun inkişafını narahatlıqla izlədiyini” bildirib.

“Sazişin saxlanmasını dəstəkləyirik”, – deyən Dmitry Peskov əlavə edib ki, Rusiya İranın ölkəyə qarşı “misli görünməmiş və qanunsuz sanksiyalardan” narahatlığını anlayır.

Birləşmiş Ştatların İran üzrə xüsusi elçisi Brian Hook isə noyabrın 4-də Tehranı ittiham edib ki, “digər ölkələrin Birləşmiş Ştatlara çağırış etməsilə təzyiqi azaltmağa” çalışır ki, “nüvə sazişini pozmağa davam eləsin”.

“Bunu etməyəcəyik”, – Hook vurğulayıb.

***

İran nüvə sazişindən bir addım da uzaqlaşır

İran 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişi öhdəliklərinin azaldılması yönündə daha bir addım atacağını bildirib. Bu həftə Fordou obyektində sentrifuqlara uran qazı vurulacaq.

Prezident Hassan Rohani noyabrın 5-də deyib ki, sabahdan 1044 sentrifuqa uran qazı vurulmağa başlanacaq. O, dövlət televiziyasının canlı yayımında danışıb.

Nüvə sazişinə görə, sentrifuqlar qazsız işləmələdirlər.

Birləşmiş Ştatlar ötən ilin mayında nüvə sazişindən çıxandan sonra İran da öhdəliklərindən uzaqlaşmağa başlayıb.

Bir gün öncə isə İran elan edib ki, sazişin qadağan etdiyi qabaqcıl IR-6 sentrifuqlatından indi iki dəfə artıq istifadə edir, üstəlik sazişin icazə verdiyindən 50 dəfə sürətli işləyən prototip sentrifuqa malikdir.

Buna da bax: ABŞ Khamenei-nin oğluna və başqa yaxınlarına sansksiyalar elan edir

Dördüncü addım

Nüvə sazişi İrana sanksiyaların yüngülləşdirilməsi əvəzində nüvə proqramını məhdudlaşdırmağı nəzərdə tutur.

İran rəsmiləri sazişdə qalan ölkələrin ABŞ sanksiyalarının təsirini azalda bilmədiyindən gileylənir.

“Qum yaxınlığındakı Fordouda sentifuqların işə salınması İranın nüvə öhdəliklərini azaltması yönündə dördüncü addımı olacaq”, – deyən Rohani həmin maşınların uran zənginləşdirmək üçün istifadə olunub-olunmayacağını açıqlamayıb.

Zənginləşdirilmiş urandan həm reaktorlar üçün yanacaq, həm də nüvə silahı hazırlanmasında istifadə olunur.

Buna da bax: Sanksiyalar genişləndikcə İran da aqressiyanı 'artıra bilər'

Fordoudakı sentrifuqalar birinci nəsil IR-1s maşınlarıdır.

İran prezidenti deyir ki, ölkəsinin öhdəliklərini azaltması yönündə atdığı addımların hamısının qarşısı alına bilər.

Onun sözlərinə görə, sazişə imza atmış digər ölkələr də edərsə, Tehran öhdəliklərinin hamısını yerinə yetirər.

Noyabrın 4-də Vaşinqton İranın Ali dini lideri ayətulla Ali Khamenei-yə yaxın 9 nəfərə sanksiya tətbiq edib.

ABŞ Prezidenti Donald Trump İranı nüvə sazişi üzrə yenidən danışıqlara məcbur etmək istəyir. Onun fikrincə, sazişin şərtləri Tehranın nüvə silahları hazırlamasını önləməkdən ötrü yetərincə sərt deyil. İran isə nüvə proqramının sırf dinc məqsədli olduğunu bildirir.