Trump İranı ‘xeyli sayda’ etirazçının ölümündə suçlayır

Finlandiyada İran səfirliyi qarşısında etiraz aksiyası

ABŞ Prezidenti Donald Trump İranı “xeyli sayda” etirazçını öldürməkdə ittiham edib. Bundan öncə açıqlanmış qeydi-rəsmi informasiyalarda yüzlərlə etirazçının öldürüldüyü bildirilir, ancaq Tehran bu deyilənləri “büsbütün yalan” adlandırıb.

“İndi biz danışdığımız vaxt İranda yəqin ki minlərlə adam öldürülür, buna görə də interneti kəsirlər ki, adamlar nə baş verdiyini görməsinlər”, – Trump dekabrın 3-də NATO sammitinə getdiyi Londonda deyib.

“Bu, dəhşətli şeydir və bütün dünya bunu seyr edir”, – o vurğulayıb.

“Yalan və uydurmadır”

Noyabrın 15-də İran hökuməti yanacağı bahalandırandan kütləvi etirazlar başlandı. Etirazçılara kütləvi divan tutulması xəbərləri gəlsə də internet kəsildiyindən informasiyanı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Buna da bax: Amnesty International İranda azı 208 nəfərin öldürüldüyünü bildirir

Tehranın polis rəisi dekabrın 3-də deyib ki, nümayişlərin dörd “əsas təşkilatçısı” həbs olunub və iğtişaşlarda iştirak etmiş digər şəxslərin kimliyi müəyyənləşdirilir.

“Amnesty International” hüquq-müdafiə təşkilatının bir gün öncə bildirməsinə görə, etirazlarda azı 208 nəfərin öldürüldüyü güman edilir. Qurum ötən həftə ölü sayının 161 olduğunu açıqlamışdı.

Ancaq rəsmilər hələlik, itkilərlə bağlı rəsmi rəqəm açıqlanmayıb.

Ədliyyənin sözçüsü Gholamhossein Esmaili söylənənləri rədd edib.

“Aydın şəkildə deyirəm ki, düşmən qrupların göstərdiyi rəqəmlər və göstəricilər büsbütün yalandır və onların açıqlaması ilə statistika arasında ciddi fərqlər var. Onlar bəzi rəqəmlər və adlar açıqlayıblar. Ancaq iddia olunan rəqəmlər yalan və uydurmadır”, – Esmaili dövlət televiziyasında canlı yayımda deyib.

Parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü olan Hossein Naghavi Hosseini isə hakimiyyətin 7 mindən çox adamı həbs etdiyini bildirib.

İranin dini isteblişmenti iğtişaşları xarici düşmənlərin dəstəklədiyi “xuliqanlar”ın üstünə yıxıb.