Dekabrın 12-də Britaniyada parlament seçkisi keçirilir. Bu seçkinin nəticəsi ölkənin Avropa Birliyindən ayrılması, yaxud onun tərkibində qalmasının taleyini həll edəcək.
650 seçki dairəsindən namizədlər İcmalar Palatasına düşməkdən ötrü səslərin çoxunu yığmalıdırlar.
Bu ay Britaniyanın altı sorğu firması ictimaiyyətin Baş nazir Boris Johnson-un başçılıq etdiyi Mühafizəkar Partiyasına üstünlük verdiyini üzə çıxarıb. Johnson “Breksiti başa çatdırmaq” vədi verib.
Buna da bax: Britaniyalılar heç referendumdan qabaq belə stres keçirməyiblərRəy sorğuları nəyi göstərir
İkinci yerdə isə Jeremy Corbyn-in rəhbərlik etdiyi Leyboristlər müxalifət partiyasıdır. Corbyn isə Breksitin şərtlərini yenidən müzakirə etmək və yeni şərtlərlə başqa bir referendum keçirməyi təklif edib. Bu halda 2016-cı il referendumunun əks prosesi baş verər. Həmin referendumda ölkənin AB-dən çıxmasına səs verildi.
Sorğulara görə, iki böyük partiyadan heç biri azı 326 yeri qazana bilməyəcək.
Hökuməti formalaşdırmaqdan ötrü qalib tərəf daha kiçik partiyalarla formal koalisiya qurmalı olacaq.
Son illərin səsvermə trendi ənənəvi partiyaya inamda çat yarandığını, daha kiçik partiyaların populyarlığının artdığını üzə çıxarır.
Məsələn, Nigel Farage-nin yeni Breksit partiyası da seçki marafonuna qoşulub. O, AB-dən sərt, sazişsiz çıxmağı təbliğ edir.
Əks cəbhədə isə Jo Swinson-un başçılıq etdiyi Liberal Demokratlar dayanır, onlar Breksiti təxirə salmaq vədi verib.
Rəy sorğularına görə, seçicilər Breksitdən savayı, Milli Səhiyyə Xidmətinin taleyi, cinayətkarlıq, iqtisadiyyat və immiqrasiya məsələlərindən narahatdırlar.