Netanyahu partiya seçkisini udur – Qərb mediası

Benjamin Netanyahu

İsrailin Baş naziri Benjamin Netanyahu partiya seçkisini udaraq liderliyini saxlayıb. Qərb agentlikləri bu qələbənin marta təyin olunmuş parlament seçkisi öncəsi onun mövqeyini möhkəmləndirdiyini yazır.

Dünən – dekabrın 26-da Likud partiyasında seçkidə Netanyahu səslərin 72,5 faizini, rəqibi Gideon Saar isə 27,5 faizini yığıb. Keçmiş nazir Saar məğlubiyyətini etiraf edərək tvitində yazıb ki, “Likudun ümumi seçkidə qələbəsi naminə” baş naziri dəstəkləyəcək.

Nəticələri İsrailin Seçki Komitəsi təsdiqləməlidir.

Netanyahunun mövqeyi

Dördüncü müddətdir baş nazir postunda olan Netanyahuya ittihamlar irəli sürülüb və o, siyasi mövqeyini qorumağa çalışır.

Noyabrda baş naziri üç cinayət işi üzrə korrupsiya ittihamı açıqlanıb. O, apreldə və sentyabrda keçirilən parlament seçkisindən sonra hökumət formalaşdıra bilmədi.

Buna da bax: Netanyahuya qarşı cinayət ittihamları irəli sürüldü

Netanyahunun seçkidə əsas rəqibi olan, Mavi və Ağ partiyasının lideri Benny Gantz-ın da hökumət formalaşdırmaq cəhdləri boşa çıxdı və siyası çıxmazın həlli kimi martın 2-nə üçüncü seçki təyin olundu.

Baş nazir özünə qarşı cinayət işini siyasi “əcinnə ovu” sayır, bunu medianın, solçu qüvvələrin təşkil etdiyini deyir.

Likudun bəzi üzvləri də yeni rəhbərliyin zamanı çatdığını deyirdilər. Amma Netanyahu özünün beynəlxalq nüfuzu, təhlükəsizlik məsələsində mövqeyini vurğulayaraq qələbəsini təmin edə bildi.

“Frans Pres” yazır ki, bir sıra media şərhçiləri Netanyahunun qələbəsini proqnozlaşdırırdılar, amma qələbə manşetlərə çıxıb.

Əmək və Likud partiyalarının fərqi

“Netanyahu, böyük dövrdür”, – İsrailin ən çox satılan gündəlik qəzeti olan “Yediot Aharonot” yazıb.

Buna da bax: İsrail yenə seçkiyə gedir – Qərb mediası

Dövlət radiosu Netanyahunun “parlaq” qələbə qazandığını xəbər verib.

Solçu “Haaretz” bunu “məqsədyönlü” Saar tərəfdarları ilə Netanyahu düşərgəsinin “tayfa sədaqəti” arasında savaş adlandırıb.

Qəzet Likud üzvlərinin çoxdankı lideri devirməyə meylli olmadığını yazıb.

“1948-ci ildən Əmək Partiyası liderini 17 dəfə dəyişib. İsrail yaranandan Likudun 4, 1995-ci ildən isə cəmi iki lideri olub”, – qəzet vurğulayıb.

İsraildə müxtəlif seçki kampaniyalarında çalışmış Stephan Miller deyir ki, Netanyahu Saarı məğlub etmək üçün həmişəkindən daha artıq çalışıb.

Yerusəlimdəki Hebru Universitetində siyasət professoru Gayil Talshir-in mövqeyincə, bu qələbə Netanyahunun parlament seçkisində ittihamlara qarşı mövqeyini möhkəmləndirə bilər.

“O, belə bir arqument səsləndirəcək ki, adamlar onu seçdilər, ədliyyə mexanizmlərini yox”, – Talshir deyib.

“Netanyahu üçün ən böyük oyun toxunulmazlığı əldə etməkdir və buna görə 120 yerlik parlamentdə ona 61 səs lazımdır”, – o deyib.

Müşahidəçilər mart seçkisində də əvvəlki seçkilərdəkinə oxşar vəziyyətin yarana biləcəyini deyirlər.