İranın elit Qüds qüvvələrinin komandiri general-mayor Qassem Soleimani-nin yanvarın 3-də ABŞ tərəfindən öldürülməsi qərb agentliklərinin aparıcı mövzusudur. “Reuters” yazır ki, Soleimani İranın Yaxın Şərqdə apardığı proksi müharibələrə kömək edirdi, döyüş zonasında yaraqlıları həvəsləndirir, siyasi liderlərlə danışıqlar aparırdı.
Üzüyündən tanıyıblar
Agentlik generalın ölkədə ulduz sayıldığını, Birləşmiş Ştatlar, İsrail, Tehranın regionda rəqibi olan Səudiyyə Ərəbistanının onu diqqətlə izlədiyini yazır.
Soleimani-nin olduğu maşın karvanı Bağdad aeroportunda vurulub. Pentaqon bildirir ki, məqsəd İranın gələcək hücum planlarını önləmək idi.
Onunla yanaşı İraqda şiə silahlılarının aparıcı komandiri Abu Mahdi al-Muhandis də öldürülüb. Hər ikisi İranın düşmənlərinə qarşı savaşının qəhrəmanları sayılırdı. Dövlət televiziyası onların ölümü açıqlanan kimi şənlərinə tərif yağdırıb.
Buna da bax: Soleimani öldürüldü, İran 'cavab tədbirləri' ilə hədələyir - Reaksiyalar“The Associated Press” yazır ki, Soleimani və al-Muhandis-in cəsədləri tikə-tikə olub. Soleimani-ni üzüyündən tanıyıblar.
“Reuters” generalın xaricdəki gizli əməliyyatlar üçün məsuliyyət daşıdığını, tez-tez birbaşa döyüş zonasında İraqın şiə döyüşçülərinə İslam Dövləti qruplaşmasına qarşı göstəriş verdiyini qeyd edir.
Soleimani 1980-ci illərdə İranın İraqla müharibəsi vaxtı bir bölümə komandirlik edib. Müharibədən sonra İranın İnqilab Keşikçiləri Korpusunda sürətlə irəliləyərək Qüds qüvvələrinin başına keçib. O, İranın ABŞ sanksiyalarının təzyiqi altında olduğu bir dönəmdə Yaxın Şərqdə alyanslar formalaşdırmasına kömək edib.
Uzun illər “kölgədə”
Birləşmiş Ştatlar 2019-cu ildə İnqilab Keşikçilərini xarici terrorçu təşkilat elan etdi. Soleimani-nin buna cavabı kəskin oldu: Birləşmiş Ştatlarla hər hansı danışıq “tam bir təslim” olacaq.
Buna da bax: İran hərbiyyəsi ABŞ-ı hədələyirSoleimani-nin Qüds qüvvələri Suriya Prezidenti Bashar al-Assad-a dəstək yığa bildi, həm də vətəndaş müharibəsində məğlubiyyətə yaxın olduğu görünən bir dönəmdə.
Khamenei Soleimani-ni Qüds qüvvələrinin başına 1998-ci ildə gətirib. O, uzun illər çox da “gözə girməyib”, bu arada İranın Livanda Hezbollah qruplaşması, Assad hökuməti, İraqda şiə yaraqlı qruplaşmaları ilə əlaqələrini gücləndirib, agentlik vurğulayır.
Son illər isə ictimaiyyətə daha çox tanınıb, İraq və Suriyada döyüşçü və komandirlər sosial mediada onunla cəbhə bölgəsindən fotolar paylaşıb, “saçı-saqqalı da həmişə səliqəli vurulmuş olurdu”.
“Reuters” Soleimani-nin ötən il İranın hərbi isteblişmenti arasında daha dərin nüfuz qazandığını qeyd edir. Khamenei onu ölkənin ali hərbi mükafatı olan Zülfüqar Ordeni ilə təltif etdi. 1979-cu ildə İslam Respublikası qurulandan ilk dəfəydi ki, hansısa komandir bu ordenə layiq görülürdü.
Soleimani-nin ölümündən sonra Khamenei onun qətlinə səbəb olmuş “kriminallar”i ağır intiqamla hədələyib. Deyib ki, nə qədər acı olsa da, bu ölüm Birləşmiş Ştatlar və İsrailə qarşı müqaviməti gücləndirəcək.
Buna da bax: Qüds qüvvələrinin komandirinə sui-qəsdin qarşısının alındığı bildirilirHücumun hüquqi əsaslandırması
“The New York Times” 2018-ci ildə yazırdı ki, Səudiyyənin aparıcı kəşfiyyat rəsmiləri Soleimani-ni qətlə yetirməyin mümkünlüyünü nəzərdən keçiriblər. Qəzetin iddiasına görə, Sudiyyənin hökumət rəsmisi bu haqda danışmaq istəməyib, İsraiin hərbi rəsmiləri isə onu hədəfə almağın mümkünlüyünü açıq müzakirə ediblər.
“The Associated Press” agentliyi bu dramatik hücumun ABŞ Prezidenti Donald Trump-ın Senatda gözlənən impiçmentindən öncə baş verməsinə diqqət çəkir. Trump həm də yenidən seçilmək üçün kampaniya aparır. “Bu, Yaxın Şərqdə potensial dönüş nöqtəsi ola bilər, bir neçə ay davam etmiş gərginlikdən sonra Amerikanın İran siyasətində kəskin dəyişikliyi ortaya qoyur”, – agentlik yazır.
“Birləşmiş Ştatların bu hücuma görə hansı hüquqi səlahiyyətə əsaslandığı bəlli deyil. ABŞ personalı və maraqlarına birbaşa təhdid halında Amerika prezidentlərinin Konqresin təsdiqi olmadan hərəkət etmək səlahiyyəti var. Pentaqon Soleimani-nin amerikalılara qarşı yeni hücumlar planlaşdırması iddialarını əsaslandırmayıb”, – agentlik vurğulayır.
Nümayəndələr Palatasının spikeri Nancy Pelosi deyib ki, amerikalıların həyat və maraqlarını qorumaq “ən yüksək prioritet”dir, ancaq onu da əlavə edib ki, “provokativ və qeyri-mütənasib hərəkətlərlə Amerika hərbçilərinin, diplomatlarının və digərlərinin həyatına əlavə risk yarada bilmərik”.