ABŞ-da seçkini ‘satın almaq’ iddiaları – Qərb mediası

Michael Bloomberg

ABŞ-ın Nevada ştatında kokus (toplantı və səsvermə) seçkilərinə bir həftədən az qalır. Demokrat Partiyasından namizədliyə iddialılar bu ştatda yarışmayan rəqiblərini hədəfə alıblar.

Bernie Sanders, Joe Biden, Amy Klobuchar, Elizabeth WarrenPete Buttigieg milyarder Mike Bloomberg-i hədəfə alıb, onu seçkiyə gedən yolu satın almağa çalışmaqda suçlayıb.

“O düşünür ki, seçkini satın ala bilər. Yaxşı, cənab Bloomberg-ə xəbərim var – Amerika xalqı milyarderlərin seçkini satın almasından yorulub və təngə gəlib”, – Sanders Karson Sitidə keçirilən tədbirdə Nyu Yorkun keçmiş meri haqqında deyib.

417 milyon dollarlıq reklam

“The Associated Press” yazır ki, bu hücumlar seçki yarışının Bloomberg-dən ötrü necə ciddi şəkil aldığını ortaya qoyur. O, Nevada daxil olmaqla ənənəvi erkən səsvermə ştatlarından yan keçib, martın 3-də Super Çərşənbə axşamı səs verəcək 14 ştata fokuslanıb. Milyarderin ölkəboyunca reklamına sərvətindən 417 milyon dollar xərclədiyi bildirilir. Bu, praymeriz seçkisində istənilən namizəd üçün görünməmiş məbləğdir.

Buna da bax: Biden praymerizi uduzur – Qərb mediası

Agentlik onu da vurğulayır ki, demokratlar bu arada Sanders-in mövqelərini erkən gücləndirməsindən də narahatdırlar. O, ötən həftə Nyu Hempşirdə praymerizi udub, Ayovada isə Pete Buttigieg-dən azacıq fərqlə geri qalıb. Sanders şənbə günü Nevadada qələbəyə ümid edir. Mötədillər isə Vermontdan olan senatora qarşı namizədə ətrafında birləşməyə çalışır. Sanders demokrat sosialist kimi tanınır.

“Bloomberg-in Super Çərşənbə Axşamı ştatlarına axıtdığı yüzmilyonlarla dollar demokratların seçki yarışmasını əhatələyən qeyri-müəyyənliyi sərgiləyir”, – məqalədə deyilir.

Sanders tədbirdə zarafatla deyib ki, Bloomberg “çarpışır və sonuncu 60 milyard dollarını xərcləyir”. Tərəfdarları bu sözləri gülüşlə qarşılayıb.

Sanders onu da deyib ki, sabiq merin keçmiş mühafizəkarlığı və ziddiyyətli fikirləri onu Prezident Donald Trump-a qarşı zəif namizədə çevirir. Onun fikrincə, Bloomberg Trump-ı məğlub etməkdən ötrü “pullarının hamısı ilə belə bizə gərəkən həyəcan və enerjini yarada bilməyəcək”.

Buna da bax: İranda seçkiyə kimlər buraxılıb – Qərb mediası

Debata ‘çıxsın’

Bazar günü Nyu Yorkun indiki meri Bill de Blasio da Sandersə qoşulub. O, elə bu həftədən senatoru dəstəkləməyə başlayıb. De Blasio Sandersi təqdim edərkən öz sələfinə hücum fürsətini əldən verməyib, “Təəssüflə sizə bildirirəm ki, saxlayıb üzərində axtarış aparmağın əsas tərəfdarı indi prezidentliyə namizədliyini verir”, – söyləyib.

Klobuchar CBS televiziyasında çıxışında deyib ki, Nyu Hempşirdə üçüncü yerə çıxandan bəri 12 milyon dollar yığa bilib. O, kampaniyasını güclü debatlar üzərində qurduğunu, Bloomberg-in də rəqibləri ilə eyni səviyyəli kampaniya aparmalı olduğunu vurğulayıb.

Biden isə NBC-yə deyib ki, Bloomberg seçki yarışı boyunca daha çox diqqət mərkəzində olacaq.

“60 milyard dollara xeyli reklam ala bilərsən, amma keçmişini silə bilməzsən”, – Biden söyləyib.

Noyabrda ABŞ-da prezident seçkisi keçirilməlidir. Demokratlar respublikaçı Prezident Donald Trump-a qarşı vahid namizəd irəli sürməyə çalışırlar.