İndi də Tehranın qərbində partlayış olduğu deyilir

Tehranda tibb klinikasında partlayış, arxiv fotosu

İyulun 10-da səhər Tehranın qərbində partlayış səsləri eşidilib. Xəbəri IRIB dövlət televiziyası, Mehr yarırəsmi xəbər agentliyi sosial media istifadəçilərinə istinadla yayıb.

Ancaq rəsmilər paytaxtın həmin hissəsində partlayış olmadığını deyirlər.

IRIB partlayışın baş verdiyi iddia olunan şəhər ətrafında elektrikin kəsildiyini xəbər verir.

Amma məlumatda partlayışın səbəbi haqda informasiya yoxdur.

Buna da bax: İranın nüvə obyektində nə baş verib

Rəsmilər məlumatı təsdiqləmir

Qüds şəhərinin valisi Leila Vaseghi məlumatları “şayiə” adlandırıb.

“Təhlükəsizlik orqanları Qüds və Germderedə hər hansı partlayışın baş verdiyini təsdiqləmirlər”, – Vaseghi yarırəsmi Fars xəbər agentliyinə deyib.

Vaseghi elektrik təchizatının kəsildiyini, ancaq bunun cəmi beş dəqiqə çəkdiyini, bir xəstəxanada aparılan işlə bağlı olduğunu deyib. Məlumatı IRNA rəsmi agentliyi yayıb.

Qüds şəhəri və Şəhriyarı parlamentdə təmsil edən Hossein Haghverdi də Tehranın qərbində yerləşən Qüds, Lamard, yaxud Şəhriyarda partlayış olmadığını deyib.

Haghverdi-nin sözlərinə görə, elektrikin kəsilməsinə elektrik departamenti işçilərinin nasazlığı aradan qaldırma fəaliyyəti səbəb olub.

Yarırəsmi ILNA xəbər agentliyi Energetika Nazirliyinin rəsmisinə istinadla yazır ki, elektrikin kəsilməsinə Qüdsdə aparılan işlər səbəb olub.

Son bir həftə ərzində İranın hərbi, nüvə və sənaye obyektləri ətrafında bir neçə partlayış baş verib.