AB nazirləri Belarusa sanksiyaları razılaşdırdılar

Minskdə etirazlar, 27 avqust, 2020-ci il

Nazirlər Belarus Prezidenti Alyaksandr Lukashenka-nın da bir məqamda sanksiya siyahısına salına biləcəyini deyiblər

Avropa Birliyinin xarici işlər nazirləri Belarusdan 20 aparıcı rəsmiyə sanksiya tətbiqi məsələsində razılığa gəldiklərini deyirlər. Həmin şəxslər seçki saxtakarlığında və 9 avqust seçkisindən sonra etirazçıların zorakılıqla yatırdılmasında əli olmaqda şübhəli bilinirlər.

Nazirlər Belarus Prezidenti Alyaksandr Lukashenka-nın da bir məqamda sanksiya siyahısına salına biləcəyini deyiblər.

ATƏT isə Lukashenka hökumətilə müxalifət liderləri arasında vasitəçilik təklif edib.

ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Xarici işlər naziri Edi Rama Vyanada keçirilən iclasda deyib ki, qurum “daxili işlərə müdaxilə etməməlidir”. Amma o, Belarusda insan haqları pozuntularına son qoymağın vacibliyini də vurğulayıb.

Buna da bax: Belarus hakimiyyətinin ‘cinayəti yaddaşlardan silinməyəcək’

Lukashenka isə avqustun 28-də deyib ki, AB üzvü olan iki qonşu dövlətə – Polşa və Litvaya öz sanksiyalarını tətbiq edəcək.

Rusiyanın “Interfax” xəbər agentliyin məlumatına görə, Lukashenka hökumət üzvlərini Litva limanlarından “kommersiya daşımaları”nın istiqamətini dəyişmək üçün təkliflər verməyə çağırıb.

***

Avropa liderləri Belarusla bağlı diplomatik addımları müzakirə edirlər

Avqustun 28-də Berlində və Vyanada Belarusdakı siyasi vəziyyəti yoluna qoymaqdan ötrü diplomatik səylər müzakirə olunacaq. Minskdə isə mübahisəli prezident seçkisinin nəticəsinə 19-cu gündür etirazlar gedir.

AB-nin xarici işlər nazirləri Berlində ikigünlük toplantıda sanksiyaları müzakirə edirlər. ATƏT isə Vyanada yığışmalıdır.

AB-nin seçki saxtakarlığı və nümayişçilərə qarşı repressiyaya görə 15-20 nəfərə sanksiyaları artıq razılaşdırdığı xəbər verilir. Ancaq bəzi diplomatlar daha sərt addımlar təklif edirlər.

Buna da bax: Putin Rusiya qüvvələrinin Belarusa köməyə hazır olduğunu deyir

“Həddən artıq simvolik” sanksiyalar

Litvanın Xarici işlər naziri Linas Antanas Linkevicius avqustun 27-də deyib ki, 15-20 nəfərə qarşı sanksiyalar “həddən artıq simvolik” olar.

Latviyanın Xarici işlər naziri Edgars Rinkevics onunla razılaşaraq deyib ki, bu rəqəm yetərli deyil, ölkəsi daha çox şəxsə səyahət qadağası qoymağa hazırlaşır.

Estoniyanın baş diplomatı Urmas Reinsalu Prezident Alyaksandr Lukashenka-nın da AB-nin sanksiya siyahısına salınmalı olduğunu vurğulayıb.

Reinsalu toplantıdan kənar AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, AB “daha qətiyyətli mövqe tutmalı”, Belarusdakı siyasi böhranla bağlı “aydın və güclü səslə danışmalıdır”.

Vyanada isə Albaniyanın Baş naziri Edi Rama ATƏT Daimi Şurasının iclasında Belarusdakı vəziyyətdən danışacaq. Rama ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici işlər naziri Ann Linde isə bu vəzifəni təhvil almağa hazırlaşır. Onlar təklif ediblər ki, Belarus hökumətini ziyarət edərək ölkədə açıq və konstruktiv dialoqu dəstəkləsinlər.

ATƏT-in iştirakçı üzvü olan Belarus “əsl demokratik seçki keçirmək, insan haqları və fundamental azadlıqlara əməl etmək öhdəliyi” götürüb, AB-nin Vitse-prezidenti Josep Borrell və Kanadanın Xarici işlər naziri Francois-Philippe Champagne avqustun 26-da bəyanatlarında bildiriblər.

Buna da bax: Minskdə 20-dən çox yerli və xarici jurnalist saxlanılıb

NATO iddiaları təkzib edib

Lukashenka isə avqustun 27-də Qərbi “diplomatik müharibə” aparmaqda ittiham edib. O, qərb ölkələrini Belarus ərazisini ilhaq etmək üçün onun sabitsizliyindən istifadədə suçlayıb.

O, NATO-nu son həftələr Belarus-Polşa sərhədinə qüvvələr yığdığını iddia edib. NATO-nun lideri Jens Stoltenberg isə bu iddiaları təkzib edib.

Bu arada Rusiya Prezidenti Vladimir Putin avqustun 27-də dövlət televiziyasına müsahibəsində deyib ki, Rusiya bu ölkədə etirazları dayandırmaq üçün hüquq-mühafizə əməkdaşlarından ibarət kontingent hazırlayıb. Onun sözlərinə görə, vəziyyət nəzarətdən çıxarsa, bu qüvvələrdən istifadə oluna bilər.

Avqustun 27-də Belarus polisi Minskdə onlarla etirazçını və yerli və xarici media üçün işləyən jurnalistləri saxlayıb.

Ümumilikdə 17 jurnalistin saxlandığı xəbər verilir.

9 avqust prezident seçkisində Lukashenka-nın səslərin 80 faizindən çoxunu yığdığı açıqlanandan sonra ölkəni etirazlar bürüyüb. Müxalifətin lideri Svyatlana Tsikhanouskaya seçkinin ertəsi günü Litvaya gedib, tərəfdarları onun buna məcbur edildiyini açıqlayıb.