Dərsə gedən maskalı uşaq

Ukraynada birincilər

Sentyabrın 1-də bir çox ölkələrdə on milyonlarla uşaq üçün məktəblərdə ilk dərs günü idi. Onların çantalarına dəftər, kitabla yanaşı maska və əl yuma vasitəsi də əlavə olunub.

İndi məktəblərdə yeni normalara sanitar məntəqələr, sinif, yemək otaqlarında, dəhlizlərdə sosial məsafənin gözlənməsi də daxildir. Yazda dünya üzrə məktəblərin əksəriyyəti koronavirus pandemiyasına görə bağlandı.

İndi qrip mövsümünün gəlişi il əlaqədar yeni infeksiya dalğasının güclənəcəyi sarıdan narahatlıq var. Bəzi valideynlər, müəllim təşkilatları məktəblərin yenidən açılmasına qarşı çıxır, bir çox valideynlər isə normal həyata qayıdışın sevincini yaşayırlar.

Buna da bax: Avropada məktəblər açılır

“Onların dərsə qayıtması, normal axına dönməsi yaxşıdır”, – Parisin şimalında Stefani adlı valideyn deyib. Məktəblərdə virusun yayılmasından narahat olub-olmadığına gəlincə, “hər halda, marketdəkindən çox olmaz. Yaşamağı dayandıra bilməzsən, sadəcə qaydalara əməl etmək lazımdır”, – deyə söyləyib.

Ölkələr məktəblərdə yoluxmanı minimuma endirmək üçün fərqli yanaşmalar seçirlər. İspaniyanın 17 regionundan hər biri məktəbə qayıdış planına görə cavabdehlik daşıyır. Yaşı altıdan yuxarı uşaqlar maska taxmalıdırlar.

Fransa və Britaniya

Fransa hökuməti bildirir ki, böhran vətəndaşların həyatını dayandırmamalıdır. Britaniyanın Baş naziri Boris Johnson bu həftədən İngiltərədə məktəblərin açılmasını vacib addım sayır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bu il məktəb bazarlığı fərqlidi, valideynlər nə almır?

Britaniyada müəllimlər birlikdə son dəqiqədə baş verən dəyişikliklərdən şikayətlənib, ikinci dalğa başlarsa, “B planı”nın olmasının vacibliyini vurğulayıb.

Apreldə karantin qaydalarının pik dövründə məktəblərin bağlanması 1,5 milyard uşağı əhatələyib. Ekspertlər bu tədbirin bərabərsizliyi genişləndirdiyini bildirir.

Bu arada koronavirus pandemiyası üzrə qlobal data uşaq və gənclərin dünyada COVID-19-a yoluxmaların 1-2 faizini təşkil etdiyini göstərir. Uşaqlarda bir çox hallarda yoluxmalar yumşaq və asimptomatik keçir, çox az ölüm halı təsdiqlənib.

“Məktəblər təcriddə deyil, icmalarda fəaliyyət göstərir. İndi bizim baxdığımız ən vacib şey məktəblərin açıldığı icmalarda yoluxmanın vəziyyətidir”, – Dünya Səhiyyə Təşkilatının (DST) epidemioloqu Maria Van Kerkhove Cenevrədə deyib.

Buna da bax: 'Distant təhsildən danışırlar, amma qanun qəbul edilməyib'

Almaniyada məktəblər avqustun əvvəlindən açılıb, əhalinin yaşı 20-dən az qrupu arasında yoluxmalar sabit qalıb. İsveçdə məktəblərin açıq qalması isə məktəblilər arasında yoluxmanı artırmadı. Ancaq məktəblərin müvəqqəti bağlandığı qonşu Finlandiyada İsveçlə müqayisədə durum daha pis olub.

“Biz uşaqların məktəbə, sakinlərin iş yerlərinə qayıtmasını görmək, amma bunun təhlükəsiz həyata keçirilməsini istəyirik. Eyni zamanda, heç bir ölkə pandemiyanın bitdiyini də deyə bilməz”, – DST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus deyib.

Belarus, Rusiya, İran

Londonda adətən sentyabrın 1-də keçirilən mərasim təxirə salınıb. Belarusda yüzlərlə yuxarı sinif şagirdi isə mühacirətdə olan müxalifət lideri Svetlana Tixanovskayanın çağırışına cavab olar ilk dərs gününü boykot ediblər. Ölkədə etirazçılar 9 avqust seçkisindən sonra Alyaksandr Lukaşenkanın prezident elan olunmasını qəbul etmir, yeni seçki tələb edirlər.

Buna da bax: Belaruslu müəllim: 'Bizi bağışlayın'

Rusiyada da ənənəvi ilk dərs günü tədbirləri keçirilməyib. Ölkə boyu məktəblərin girişlərindən uşaqların bədən temperaturu yoxlanıb, antiseptik vasitələr, dezinfeksiya alətləri qoyulub. Prezident Vladimir Putin televiziya ilə çıxışında məktəbliləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

İranda məktəblərin gələn həftə açılacağı bildirilir, ancaq “qırmızı zonalar”da yox. Hazırda ölkənin 31 vilayətindən 12-si qırmızı zona hesab olunur. Təhsil naziri Mohsen Haji-Mirzai avqustun 31-də deyib ki, məktəblərin yalnız 35 faizində fiziki məsafəni gözləməklə mütəmadi dərs keçməyə şərait var. Qalan məktəblərin şagirdləri dərslərə fərqli saatlarda, yaxud günlərdə getməli olacaqlar.

Azərbaycanda tədris ilinin sentyabrın 15-də başlanacağı gözlənir. Təhsil naziri Emin Əmrullayev avqustun 27-də COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı təkliflərini açıqlayıb. Təkliflərə əsasən, orta məktəblərdə dərslər ibtidai siniflərdə sentyabrın 15-i (həftədə 2-3 dəfə olmaqla), 5-9-cu siniflərdə oktyabrın 1-i, 10-11-ci siniflərdə də oktyabrın 15-i başlamalıdır. Ali məktəblərdə də dərslərin sentyabrın 15-də başlanması təklif edilir, amma distant formada. Oktyabrın 15-dən isə ali məktəblərdə bəzi ixtisaslar üzrə əyani dərslər bərpa edilə bilər.